Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyidir

Dövlətin təhlükəsizliyinin keşiyində

Azərbaycan təhlükəsizlik orqanlarının keçdiyi çətin, keşməkeşli, eyni zamanda, şərəfli və fədakar yol xalqımızın çoxəsrlik tarixinin əlamətdar səhifələrini təşkil edir. Siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə dövlətin təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmət orqanlarının fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Belə ki, milli təhlükəsizlik sistemi demokratik-hüquqi cəmiyyətin etibarlı sipəri olaraq, dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və manfelərinin daxili və xarici təhdidlərdən qorunmasını təmin edir. Bu gün biz fəxrlə deyə bilərik ki, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və böyük  tərəqqi yolu ilə inamla irəliləyən müstəqil Azərbaycan Respublikası möhkəm təməllər üzərində qurulmuş və müasir tələblərə cavab verən təhlükəsizlik imkanlarına malikdir.
Azərbaycan təhlükəsizlik orqanlarının inkişafı üç tarixi mərhələdən keçmişdir. Birinci mərhələ Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), ikinci mərhələ sovet (1920-1991), üçüncü mərhələ isə müstəqil Azərbaycan Respublikası dövrünü əhatə edir. Ulu öndər Heydər Əliyev hər üç mərhələyə toxunaraq demişdir: “Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc müstəqil dövlətimizə xidmət etmişdir. Sonrakı 70 il ərzində Azərbaycan təhlükəsizlik orqanları sovet hakimiyyətinə, kommunist ideologiyasına xidmət etmiş, Sovet İttifaqının təhlükəsizlik orqanlarının tərkib hissəsi olaraq onların siyasətini və əməli tədbirlərini həyata keçirməklə məşğul olmuşdur. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra respublikamızın dövlət orqanlarının müstəqil fəaliyyət göstərməsi prosesində Azərbaycan təhlükəsizlik orqanları da öz yerini tapmışdır”.
Onu da qeyd etmək lazımdır ki, bu mərhələlərin hər biri özünəməxsus səciyyəvi xüsusiyyətlərə malikdir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanlarının fəaliyyəti gənc dövlətin müstəqilliyinin qorunmasına və təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdi. Lakin Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunması bütün dövlət təsisatları ilə yanaşı, təhlükəsizlik orqanlarının fəaliyyətinə də son qoymuşdur. 1920-ci illərdən başlayaraq Azərbaycan təhlükəsizlik orqanları Sovetlər Birliyinin mərkəzi hakimiyyətinə tabe olmuşdur.
1944-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarında xidmətə başlaması yeni bir mərhələnin başlanğıcı oldu. Belə ki, həmin mərhələdə dahi rəhbər təhlükəsizlik orqanlarında saflaşdırma və milliləşdirmə kimi mürəkkəb vəzifəni həyata keçirməklə, savadlı və yerli kadrları irəli çəkmiş, yüzlərlə azərbaycanlı gənci dövlət təhlükəsizliyi orqanlarına xidmətə qəbul etdirmişdir. Eləcə də, xalqın görkəmli və milli ziyalılarını siyasi təqiblərdən qorumaqla yanaşı, onların əsərlərinə yüksək dövlət mükafatlarının verilməsinə nail olmuşdur.
1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra digər dövlət qurumları ilə birgə təhlükəsizlik orqanlarının da yenidən qurulmasına təkan verildi. Lakin həmin dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsiz idarəçiliyi, qətiyyətsiz mövqeyi və şəxsi ambisiyaları ucbatından respublikanı xaos bürümüş, vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdı.
Məhz belə bir vaxtda 1993-cü ilin iyul ayında Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər dövlət quruculuğunun bütün sahələrində, o cümlədən təhlükəsizlik orqanlarının formalaşmasında böyük islahatlar həyata keçirdi. Təhlükəsizlik orqanlarının normal fəaliyyətini təmin etmək üçün onun qanunvericilik bazasını yenidən təkmilləşdirdi və vəzifələrini müəyyənləşdirdi.
Müstəqil Azərbaycanın təhlükəsizlik orqanları qarşısında duran başlıca vəzifə Azərbaycan Respublikasının suverenliyinin, konstitusiya quruluşunun, iqtisadi, müdafiə və elmi-texniki potensialının, həmçinin həyati əhəmiyyətli digər maraqlarının qorunması idi. Xarici dövlətlərin xüsusi xidmət orqanlarının, cinayətkar birliklərin və ayrı-ayrı şəxslərin kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin qarşısının alınması, terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə qarşı mübarizənin səmərəli təşkili, əməliyyat-axtarış və xidməti fəaliyyətin mühüm istiqamətləri kimi həllini gözləyirdi.
Ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə dövlət orqanlarının birgə və əməli fəaliyyəti nəticəsində vətəndaş müharibəsi təhlükəsindən qurtulmuş respublikada qısa bir müddət ərzində əmin-amanlıq, ictimai-siyasi sabitlik təmin edildi, təhlükəsizlik və asayiş bərqərar olundu. Ölkədə dövlət quruculuğunun möhkəmləndirilməsi, sosial-psixoloji tənəzzülün və siyasi gərginliyin tədricən aradan qaldırılması, Azərbaycanda baş verən hadisələrin həqiqi demokratik müstəviyə keçirilməsi istiqamətində mühüm işlər görüldü. Dövlət əleyhinə yönəlmiş qəsdlərin qarşısının alınması, eləcə də qanunsuz silahlı qruplaşmaların ləğvi istiqamətində qətiyyətli tədbirlər həyata keçirildi. Çoxlu sayda silah-sursat qanunsuz dövriyyədən çıxarıldı. Təsadüfi deyil ki, atılan addımlar, nümayiş olunan siyasi iradə dünyanın əksər dövlətləri tərəfindən müsbət qarşılanaraq təqdir edildi.
Azərbaycanın suverenliyi və dövlətçiliyi yolunda şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlər arasında təhlükəsizlik orqanlarının əməkdaşları da xüsusi igidlik və şücaət nümunələri göstərmişlər. Ermənistanın Azərbaycana hərbi təcavüzünün qarşısının alınması, Qarabağ Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, habelə dövlətçiliyin qorunması uğrunda həyatlarını qurban vermiş təhlükəsizlik orqanının altı hərbi qulluqçusu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik yubileyini qeyd edərkən, biz Vətən qarşısında xidməti borclarını yerinə yetirərək həyatlarını fəda etmiş bütün həmkarlarımızın əziz xatirəsini ehtiramla anırıq...
Müstəqilliyinin ilk mürəkkəb illərində çətin sınaqlardan uğurla çıxmış Azərbaycan Respublikasının möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə son on beş il ərzində bütün həyati əhəmiyyətli sahələrdə əldə olunmuş misilsiz nailiyyətlər nəticəsində doğma Vətənimiz yeni inkişaf mərhələsinə yüksəlmişdir. Sirr deyil ki, Azərbaycanın heyrətamiz uğurları bir çox rəqiblərin və düşmən mövqedə dayanannqüvvələrin qısqançlığına səbəb olur. Beləliklə, indiki dövrdə təhlükəsizlik orqanlarının ən ümdə vəzifəsi xalqın və dövlətin qazandığı siyasi, iqtisadi, mədəni və digər sahələrdə əldə etdiyi mövqe və nüfuzunun qorunmasından ibarətdir. Bu uzunmüddətli tapşırığın icrasına hər il Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev peşəkarlıq məktəbinin davamçıları olmaqdan şərəf və qürur duyan gənc kadrları qoşulur.
Əminik ki, Azərbaycanın dövlət təhlükəsizliyinin gələcək onilliklər ərzində qorunmasında məhz bu gün leytenant rütbəsində ilk addımlarını atan gənc əməkdaşlar əzmkarlıq və fədakarlıq nümayiş etdirərək Vətənə sədaqət və vicdanla xidmət edəcək, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil ölkəmizin işıqlı sabahları naminə bundan sonra da öz layiqli töhfələrini verəcəklər.

Qələmə aldı: R.Nəcəfov