Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında faşizm üzərində Qələbənin ildönümü qeyd olunub

05 may 2016-cı il

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları, o cümlədən Böyük Vətən müharibəsinin veteranları - Respublika Veteranlar Şurasının üzvləri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri qoyublar. Sonra «Şöhrət» muzeyində Ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və ekspozisiyalar ilə tanış olublar.
Akademiyanın akt zalında davam etdirilən tədbir İkinci Dünya müharibəsində və Azərbaycan torpaqlarının düşməndən azad edilməsi uğrunda həlak olan soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Dövlət himni səsləndirildi.
Tədbirdə Akademiyanın əməkdaşları, veteranlar Adil Haqverdiyev, Damət Nəbiyev və Bəkir Məmmədov çıxış edərək Azərbaycan xalqının, onun qəhrəman oğul və qızlarının ön və arxa cəbhədə fədakarlıqla, canları bahasına faşizm üzərində tarixi Qələbənin qazanılması naminə göstərdikləri əzmkarlıq, şücaət, igidlik və mərdlik nümunələri barədə kursantlara geniş məlumat verdilər. Bu zəfərə yetişmək üçün Azərbaycan xalqının nümayiş etdirdiyi misilsiz və ölçüyəgəlməz xidmətlərdən söz açaraq bildirdilər ki, 1941-1945-ci illər müharibəsində Azərbaycanın 640 mindən artıq qeyrətli övladı mərdliklə döyüşüb, onlardan 350 mini qəhrəmancasına həlak olub. 130 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək ada layiq görülüb, 30 nəfər Şərəf ordeni, 170 mini isə müxtəlif orden və medallarla təltif olunub. Azərbaycanlı çağırışçı və könüllülərdən təşkil olunan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar hərb tarixinə əsl rəşadət dastanları yazıblar.

Ancaq ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində respublikamızda hökm sürən özbaşınalıq və hərc-mərclik yaşlı nəslə, Böyük Vətən Müharibəsi veteranlarına diqqət və qayğının azalmasına səbəb oldu. Yalnız Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdışından sonra bu insanlara munasibət tamam dəyişdi, dövlət tərəfindən veteranlara diqqət və qayğı göstərildi, 9 may Qələbə günü müstəqil Azərbaycanda dövlət bayramı kimi hər il təntənəli surətdə yenidən qeyd olunmağa başlandı. Ümummilli liderimiz tərəfindən bərpa olunan bu xeyirxah və nəcib ənənə hazırda Prezidentimiz möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində müharibə veteranlarının sosial müdafiəsi xeyli gücləndirilib və onların bütün problemlərinin aradan qaldırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir.

Bugünki və gələcək nəsillər veteranlarımızdan nümunə götürməlidirlər, onların qəhrəmanlıq, igidlik, şücaət, hünər irsini öyrənməlidirlər. Xalqımız bu gün müharibə şəratində yaşayır. Torpaqlarımız düşmən tapdağı altındadır. Lakin son günlərdə erməni qəsbkarlarının mülki əhalimizə qarşı təxribatlarının qarşısının alınması məqsədi ilə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun misilsiz şücaət göstərərək adekvat, o cümlədən peşəkar preventiv hərbi cavab tədbirləri həyata keçirməsi və əldə edilmiş qələbə cəmiyyətimizdə döyüş əzmini daha da yüksəltdi, ümumilikdə dövlətimizin qüdrətini və gücünü nümayiş etdirdi. Biz əminik ki, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti ilə bütün torpaqlarımız geri qaytarılacaq, zəfər bayrağımız Dağlıq Qarabağda, Şuşada yüksələcək. Bu gün torpaqlarımızın işğaldan azad olunması üçün vətənpərvər gənclərə böyük ehtiyac var. Ona görə də hər kəs üzərinə düşən məsuliyyəti dərindən dərk etməli və gələcək nəslin sağlam ruhda böyüməsində öz əməyini əsirgəməməlidir.

Cıxış edən kursantlar Ulu öndər Heydər Əliyevin müstəqillik və dövlətçilik irsinə sadiq olacaqlarını, onun siyasi varisi, Prezidentimiz möhtərəm İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda bütün qüvvə və səylərini səfərbər edəcəklərini, Azərbaycan xalqının şanlı hərb tarixinin ənənələri mükəmməl mənimsəyəcəklərini, Ali Baş Komandanın hər bir əmrini dərhal və vicdanla yerinə yetirəcəklərini bildirdilər. Tədbrin sonunda veteranlara qiymətli hədiyyələr və gül dəstələri təqdim olundu.