DTX-nin Mədəniyyət Mərkəzində “Şanlı Vətən” tamaşası nümayiş edilib

30 mart 2019-cu il

17:45

Martın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində ideya müəllifi Xalq artisti Amaliya Pənahova olan “Şanlı Vətən” tamaşası təqdim edilib.
31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə nümayiş olunan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı isə Rafiq Abdullayevdir.
Səhnə əsərinin nümayişindən öncə Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani tarixən ermənilərin Azərbaycanın türk-müsəlman əhalisinə qarşı törətdiyi qanlı cinayətlər barədə məlumat verib. Bildirib ki, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlar və qətliamlar uzun müddət xalqdan gizlədilib, arxivlərin qapısına polad kilidlər vurulub, hətta bu barədə danışmaq belə yasaq edilib. Lakin 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmandan sonra əsl həqiqətlər üzə çıxıb. İlk dəfə olaraq bu Fərmanda azərbaycanlılara qarşı soyqırımı öz rəsmi ifadəsini tapıb. Bu mənada, 1998-ci ildən başlayaraq ölkəmizdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməkdədir. Ermənilərin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndərin tarixi xidmətləri böyükdür.
Qeyd edilib ki, ötən əsrin əvvəllərində Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və Azərbaycanın digər yerlərində törədilən qırğınlar zamanı on minlərlə həmvətənimiz qəddarcasına öldürülüb, xalqımızın qiymətli maddi-mədəni abidələri məhv edilib. Azərbaycanlılara qarşı soyqırımı siyasəti indi də məqsədyönlü şəkildə davam etdirilir. Xalqımız ötən əsrin sonlarında 20 Yanvar, Xocalı kimi misli görünməmiş dəhşətli faciələrlə üzləşib, torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan çox həmvətənimiz öz ata-baba torpaqlarından didərgin düşüb. Hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyi qeyd olunub.
Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı işğal altında olan ərazilərimizin Prezident İlham Əliyevin uğurlu siyasi, diplomatik fəaliyyəti sayəsində tezliklə düşmən tapdağından azad ediləcəyinə, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacağına əmindir.
Sonra tamaşa təqdim olunub.
Musiqi tərtibatı Rəşid Sultanova məxsus səhnə əsərində aktyorlar Tural Əhməd, Ülviyyə Rza, Toğrul Rza, İlqar Musayev, Rafiq İbrahimov, Tofiq Bayramov, Tural Ağayev, İsmayıl Atakişiyev və Hüsniyyə Mürvətova çıxış edib.
Çingiz Ələsgərli tərəfindən epik janrda qələmə alınmış əsərdə Əhməd Cavad və Şükriyyə xanımın nakam məhəbbətindən, Azərbaycan Xalq Cümhuriyyətindən (AXC), Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-daşnak işğalından azad etməsindən, habelə təməli ümummilli lider Heydər Əliyev və Süleyman Dəmirəl tərəfindən qoyulmuş “Dostluq körpüsü”nün Azərbaycan və Türkiyənin hazırkı prezidentləri tərəfindən uğurla davam etdirilməsindən danışılır.

 

 

 

 

 

 

AZƏRTAC