Suraxanıda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunan tədbir keçirilib

14 mart 2019-cu il

17:10

Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə Suraxanı rayonunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında Ulu Öndərin abidəsini ziyarət edib, buradakı “Şöhrət” muzeyində materiallarla, eksponatlarla tanış olublar.
Suraxanı rayonundakı Heydər Əliyev parkında Ulu Öndərin abidəsi ziyarət olunduqdan sonra tədbir rayondakı Heydər Əliyev Mərkəzinin elektron lektoriya zalında davam etdirilib.
Mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan milli təhlükəsizlik orqanlarının inkişafında əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən oğul və qızlarımızın, xidməti vəzifələrini yerinə yetirərkən həlak olan təhlükəsizlik orqanları əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbirdə çıxış edərək Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə DTX-nin şəxsi heyətini və təhlükəsizlik orqanlarının veteranlarını təbrik edib, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşıb. Təhlükəsizlik orqanlarının maddi-texniki təchizatı, sovet dövründə formalaşmış peşəkar əməkdaşların qorunması ilə yanaşı, gənc kadrların yetişdirilməsi məsələsi də daim diqqət mərkəzində saxlanılıb. Məhz bu zərurəti nəzərə alan ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə milli təhlükəsizlik orqanları üçün peşəkar kadrlar yetişdirən Akademiyası təsis edilib.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib. Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkəmizin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm və taleyüklü addımlar atır.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev ideyalarının gerçəkləşməsində, ölkəmizin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın da misilsiz xidmətləri var.
DTX-nin Heydər Əliyev adına Akademiyasının professoru Cəlal Qasımov milli təhlükəsizlik orqanlarının keçdiyi uzun və şərəfli yol barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə “Alyans” Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov, sədr müavini Azər Qarayev, Suraxanı rayon prokuroru Rəhim Əliyev, rayon ağsaqqalı Mirzəağa Quliyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının əməkdaşı, Gənclər Birliyinin üzvü Ənvər Haqverdiyev çıxış ediblər.
Sonda milli təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə rayonun ictimai həyatında fəal iştirakına görə fərqlənən bir qrup şəxs təltif olunub.

AZƏRTAC