“Azərbaycan gəncliyi - Vətənin təhlükəsizliyi” mövzusunda hərbi-vətənpərvərlik tədbiri keçirilib

11 mart 2019-cu il

16:00

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi ərəfəsində Yasamal rayonundakı 13 nömrəli tam orta məktəbdə “Azərbaycan gəncliyi - Vətənin təhlükəsizliyi” mövzusunda hərbi-vətənpərvərlik tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Xüsusi Xidmət Veteranları Birliyinin üzvləri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin müəllim-şagird kollektivi iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən fotostendlərlə, eləcə də şagirdlərin Azərbaycan təhlükəsizlik orqanlarına həsr etdikləri rəsmlər və əl işləri ilə tanış olublar.
Akt zalında davam edən tədbirdə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
Məktəbin direktoru Yaqut Sadıqova Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyini və şəxsi heyətini qarşıdan gələn Novruz və peşə bayramları münasibətilə təbrik edərək 100 il əvvəl təşəkkül tapmış Azərbaycan xüsusi xidmət orqanlarının dövlətçilik maraqlarının və təhlükəsizliyin etibarlı qorunmasında önəmli rolundan danışıb və bu yolda uğurlar arzulayıb. Belə görüşlərin keçirilməsinin gənclərimizin tərbiyəsində, onların vətənpərvərlik ruhunda yetişməsində müstəsna rol oynadığını qeyd edən Yaqut Sadıqova, bu tədbirin təşkilinə görə DTX-nin rəhbərliyinə minnətdarlığını bildirib.
Təhlükəsizlik orqanlarının veteranları çıxışlarında xüsusi vurğulayıblar ki, bu gün Azərbaycan dövləti gənclərin sağlam və vətənpərvər ruhda böyümələrini, onların əsl vətəndaş kimi yetişməsini, intellektual inkişafını və yüksək səviyyədə təhsil almalarını daim diqqət mərkəzində saxlayır.
Ümummilli lider Heydər Əliyevin vətənini canından artıq sevməsini, hələ təhlükəsizlik orqanlarında işləyərkən gələcək müstəqil Azərbaycan üçün göstərdiyi misilsiz xidmətlər barədə məktəblilərə maraqlı məlumatlar verən veteranlar, ömrünün 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr edən dünya şöhrətli siyasətçi Heydər Əliyevin zəngin həyat yolunun hər bir gəncə örnək olduğunu bildiriblər. Çıxış edənlər Ulu Öndərin siyasi varisi, dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın tərəqqisi və qüdrətlənməsi naminə görülən işlər barədə danışaraq, Ali Baş Komandanın əvəzsiz səyləri nəticəsində Ordumuzun güclənməsini və Azərbaycan əsgərinin rəşadətini, qəhrəmanlıq nümunələrini diqqətə çatdırıblar.
Sonda məktəbin istedadlı şagirdlərinin ifasında vətənpərvərliyi tərənnüm edən şeirlər və ədəbi-bədii kompozisiyalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.