Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyidir

Hüquqi bazanın möhkəmləndirilməsi dövlət təhlükəsizliyi orqanlarında yüksək xidmətin vacib şərtidir

Nizam-intizam təhlükəsizlik orqanlarının işinin əsasını təşkil edən amillərdən biridir. Hərbi qulluq birinci növbədə nizam-intizam üzərində qurulur. Təhlükəsizlik orqanlarında işləyən sıravi adam da, zabit də, rəhbər işçi də bilməlidir ki, nizamnamə, Konstitusiya sizin üçün rəhbər və istiqamətverici sənəddir.

Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri

Əgər hər yerdə sakitlikdirsə, təhlükə yoxdursa, deməli, təhlükəsizlik orqanları yaxşı işləyir. Sizin peşə uğurlarınız çox vaxt ictimai diqqətdən kənarda qalır. Çünki sizin fəaliyyətiniz spesifikdir. Son illərdə ölkələrimizin təhlükəsizlik orqanlarının qazandığı uğurlar bəzən məlum olmur. Lakin vətəndaşlar bir şeyi bilirlər ki, təhlükəsizlik orqanları öz işini hər gün yerinə yetirir, istirahət günləri olmadan qanunun və təhlükəsizliyin keşiyində dayanırlar.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Qədim dövlətçilik tarixinə malik, ötən əsrin əvvəlində müsəlman Şərqində və türk dünyasında ilk demokratik respublika qurmağa nail olmuş Azərbaycan keçmiş sovetlər birliyinin süqutundan sonra, 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etmişdir. Azərbaycan xalqı daha geniş demokratik dəyərlərə qovuşmaq imkanından yararlanaraq, özünün milli dövlətçilik ənənələrinə, tarixi və mədəni irsinə söykənən müasir, sivil, hüquqi dövlət quruculuğu yolunu seçmişdir.
Müstəqilliyin ilk illərində gənc respublika böyük sınaqlarla üzləşmiş, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış, daxili qeyri-sabitlik, iqtisadi böhran, keçid dövrünün çətinlikləri və digər ciddi problemlərlə qarşılaşmışdır. Dövlətin taleyinin həll olunduğu bir vaxtda xalqın israrlı tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bütün çətinlikləri dəf edərək, özünün strateji inkişaf yolunu müəyyənləşdirməyə və bu istiqamətdə inamla irəliləməyə nail olmuşdur.

Azərbaycan tarixinin son 30 ildən artıq bir dövrü ömrünü respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində inkişafa həsr etmiş ümummilli lider, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Ulu öndər qətiyyəti, uzaqgörənliyi, bənzərsiz idarəetmə bacarığı sayəsində bu illər ərzində Azərbaycanı zamanın ağır və sərt sınaqlarından məharətlə çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün misilsiz addımlar atmışdır.
Məhz buna görə Azərbaycanın 1969-cu ildən bəri yaşanan, müstəqilliyini qazanmaq və tərəqqi şansını əldə edə bilmək kimi tarixi dövrü xalqımızın yaddaşına Heydər Əliyev epoxası kimi əbədi həkk olmuşdur. Həmin tarixdən etibarən Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin və şüurun güclənməsinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir.
Azərbaycan Xəzər-Qafqaz coğrafi-strateji arealında regional əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici dövlət olaraq, xüsusən enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində əvəzsiz rol oynamaqdadır. Bu ümumi strategiyanın başlıca məqsədi Azərbaycan Respublikasının çiçəklənməsi, davamlı inkişafı və əhalinin rifahının təmin edilməsindən, eləcə də regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdən ibarətdir.
Hələ keçmiş SSRİ dövründə, ötən əsr 50-ci illərin sonlarından etibarən Azərbaycan təhlükəsizlik orqanlarında milliləşmə və tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində xeyli işlər görüldü. Bu proses bilavasitə ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də komitə rəhbərliyinə irəli çəkildiyi 1965-ci ildən sonrakı dövrdə orqana milli kadrların cəlb olunması, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə təyin olunması nəzərəçarpacaq şəkildə geniş vüsət almağa başladı. Dünya şöhrətli siyasətçi Heydər Əliyev respublika və ittifaq rəhbərliyində çalışdığı müddətdə belə Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə saxlamış, öz qayğısını bu qurumdan əsirgəməmişdir.
Ulu Öndərin dövlətçilik xəttinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlət idarəetmə sistemində yeni innovativ və kreativ üsulun tətbiqi sayəsində respublikamız bölgədə və dünyada öz mövqelərini möhkəmləndirən nüfuzlu, iqtisadi cəhətdən dinamik inkişaf edən müasir ölkəyə, regionun lider dövlətinə çevrilmişdir.
Şübhəsiz, hazırda Azərbaycanda aparılan uğurlu siyasi-hüquqi və sosial-iqtisadi islahatlar, beynəlxalq təhlükəsizlik sisteminin bütün komponentləri üzrə formalaşdırılmasında fəal iştirak və bu istiqamətində düzgün seçilmiş strateji addımlar ölkənin bütün həyati sahələrində olduğu kimi dövlət təhlükəsizliyi orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi işində də əsaslı dönüş yaratmışdır.
Dövlətimizin başçısı cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq, idarəçilik strukturunu təkmilləşdirmək məqsədilə Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri təsis olunmuşdur. Bu, müstəqil Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində yeni mərhələnin başlanğıcı, həm də müasir təhdid və hədələrlə mübarizə üzrə qarşıya qoyulmuş vəzifələrin peşəkarlıqla yerinə yetirilməsi baxımından xüsusi xidmətin yeni tələblər səviyəsində təşkilinə yönəlmiş müdrik bir addımdır.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) qarşısında müstəqil Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə, iqtisadi, elmi-texniki, müdafiə potensialına və sair milli maraqları əleyhinə yönəlmiş kəşfiyyat, terror-təxribat, digər pozuculuq və cinayətkar fəaliyyəti aşkarlamaq, qabaqlamaq və qarşısını almaq, habelə dövlət sirri təşkil edən məlumatların qorunması kimi son dərəcə məsul vəzifələr durur.
Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yürüdülən düşünülmüş və qətiyyətli hüquq mühafizə siyasətinin uğurla həyata keçirilməsi, ictimai-siyasi sabitliyin qorunması istiqamətində DTX digər aidiyyəti dövlət orqanları ilə birgə səmərəli fəaliyyət göstərir. Ölkəmizin beynəlxalq antiterror koalisiyasında iştirakında DTX-nin töhfələri də xüsusi qeyd edilməlidir. Terrorçuluğa qarşı mübarizə istiqamətində beynəlxalq axtarışda olan terrorçuların saxlanılaraq xarici dövlətlərə ekstradisiya olunması, eləcə də Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsinin təsbit edilib qarşısının alınması, terrorçularla əlaqəli müxtəlif bank hesablarının dondurulması və s. bu kimi nəticələrə DTX-nin əməkdaşlarının peşəkarlığı və gərgin əməyi sayəsində nail olunmuşdur.
DTX-nin fəaliyyətinin çevik, səmərəli həyata keçirilməsi və məqsədyönlü surətdə tənzimlənməsi üçün müvafiq normativ hüquqi bazanın formalaşdırılması və gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Bu bazanın təməlini Azərbaycan Respublikasının Konstitusiyası, “Milli təhlükəsizlik haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Dövlət sirri haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul olunan mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanan beynəlxalq müqavilələr təşkil edir.
Bu fəaliyyət qanunçuluq, humanistlik, insan hüquq və azadlıqlarına hörmət, konspirasiya, aşkar və gizli iş üsullarının uzlaşdırılması, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsi, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin vahid dövlət siyasətinə əsaslanması və onun təmin olunması istiqamətlərinin əlaqələndirilməsi, beynəlxalq təhlükəsizlik sistemlərində dövlət mənafeləri nəzərə alınmaqla iştirak, insan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanılması və onların qarşılıqlı məsuliyyəti prinsiplərinə əməl olunması ilə həyata keçirilir. Ümumiyyətlə, bütün bu müsbət dəyişikliklər dövlət təhlükəsizliyi orqanlarının huquqi bazasının möhkəmləndirilməsi işinə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqətin yetirildiyinin bariz göstəricisidir.
DTX xüsusi xidmət orqanı olaraq, Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini təşkil edir və həyata keçirir, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparır.
Sirr deyil ki, Azərbaycanın əldə etdiyi uğurlar, bu nailiyyətləri gözü götürməyən düşmən və rəqib xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin ölkəmizin maraqlarına qarşı fəallaşması ilə müşayiət olunur. Lakin DTX həmin cinayətkar niyyətlər, planlar və əməllər barədə məlumatları əldə edir, milli təhlükəsizliyə real və potensial təhdidləri proqnozlaşdırır, xarici xüsusi xidmət orqanlarının və təşkilatların, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə, iqtisadi, elmi-texniki, müdafiə potensialına və sair milli maraqlarına zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat, digər pozuculuq və cinayətkar fəaliyyətinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə tədbirlər görür.
“Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycanın müstəqil, suveren, demokratik dövlət kimi inkişafı naminə milli təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılmasına yönəlmişdir. İnsan hüquq və azadlıqları, cəmiyyətin maddi və mənəvi dəyərləri,  dövlətin müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü Azərbaycan Respublikasının milli təhlükəsizliyinin obyektləridir. Dövlət təhlükəsizliyi orqanları milli təhlükəsizliyin subyekti kimi fəaliyyətini məhz bu istiqamətləri nəzərə almaqla, habelə insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyi maraqlarının və tələbatlarının təmin edilməsi məqsədilə həyata keçirir.
Sürətli elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etməsi qlobal informasiya mühitinin yaranmasına, mövcud sərhəd və maneələrin şəffaflaşmasına, əmtəələrin sərbəst beynəlxalq dövriyyəsinə, insanların azad yerdəyişməsinə gətirib çıxarmışdır. Eyni zamanda, bu tendensiya müasir dünyanı beynəlxalq terrorçuluğun, transmilli mütəşəkkil cinayətkarlığın, habelə silah və narkotiklərin qanunsuz dövriyyəsinin, qeyri-qanuni miqrasiyanın doğurduğu yeni təhdidlərlə üzləşdirmiş və hər bir dövlət qarşısında təhlükəli təzahürlərin qarşısının alınması üçün zəruri olan milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi vəzifələrini qoymuşdur. Beynəlxalq kommunikasiyaların hazırkı inkişaf səviyyəsi ölkəmizin maraqlarının təmin olunması məsələsində yeni yanaşmalar tələb edir ki, bu da qəbul olunmuş normativ hüquqi aktlarda öz əksini tapır. DTX beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli formaları, habelə terrorçuluğun maliyyələşdirilməsi və digər yardımlar edilməsi hallarının aşkar və ləğv edilməsi ilə qətiyyətlə mübarizə aparır. Məhz bu sahə üzrə DTX-nin fəaliyyətinin hüquqi əsaslarından birini “Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunları təşkil edir. Bu qanunlar Azərbaycan Respublikasında terrorçuluğa qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, terrorçuluğa qarşı mübarizəni həyata keçirən dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, habelə həmin orqanların və vətəndaşların hüquqlarını və vəzifələrini təsbit edir. Eyni zamanda, həmin qanunlara edilmiş son dəyişikliklər terrorçuluğa qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsinə yönəlmiş, bu istiqamətdə aparılan prosessual hərəkətlərin effektivliyini artırmışdır.
Qeyd etmək yerinə düşər ki, 2018-ci ilin dekabr ayında Avropa Şurasının MONEYVAL Komitəsi pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycan Respublikasının mübarizə sistemini müsbət dəyərləndirərək, ölkədə bu sahədə aparılmış islahatlara yüksək qiymət vermiş, institusional potensialın gücləndirilməsi, hüquqi bazanın, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətləri xüsusi olaraq vurğulamışdır.
DTX-nin fəaliyyətində prioritet istiqamətlərdən biri də dini ekstremizmə qarşı mübarizədir. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi milli, sosial və dini nifrətin kök salmasının, milli ləyaqətin alçaldılmasının, irqi, sosial və dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasının və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir.
Hazırda dövlət təhlükəsizliyinin mühüm komponentləri sırasında kibertəhlükəsizliyin xüsusi yeri vardır. İnformasiya texnologiyalarının sürətlə həyatın daha çox sahələrinə daxil olması kibercinayətkarlıq, xüsusən onun təhlükəli forması olan kiberterrorçuluq risklərini də artırır. Bu baxımdan, ölkəmizdə kibercinayətkarlıqla mübarizənin təminatı üçün əhatəli qanunverici baza yaradılmışdır. Azərbaycan Respublikası Avropa Şurasının “Kibercinayətkarlıq haqqında Konvensiya”sını imzalamış və bu Konvensiyanın təsdiq edilməsi barədə 30 sentyabr 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Konvensiyanın tələblərinə uyğun olaraq, 2009-2017-ci illər ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsində də müvafiq dəyişikliklər edilmişdir.
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli Fərmanına əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin əsas subyektlərindən biri DTX-dir.
Əks-kəşfiyyat fəaliyyəti - xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. Əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir.
Dünyada baş verən sürətli dəyişikliklər şəraitində ayrı-ayrı dövlətlər və bütövlükdə bəşəriyyət terrorçuluq, etnik separatçılıq və münaqişələr, transmilli mütəşəkkil cinayətkarlığın artması, kütləvi qırğın silahlarının yayılması, təbii ehtiyatların tükənməsi, əhalinin sayının durmadan çoxalması və miqrasiyası, ətraf mühitin çirklənməsi və sair təhlükələrlə üzləşir. Bu amillər hər bir dövlətin prioritetlərinin, təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsini, həmin risklərin qabaqlanması və aradan qaldırılması üzrə adekvat tədbirlərin həyata keçirilməsini zəruri edir. Bu baxımdan, habelə Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 23 may 2007-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası” təsdiq olunmuşdur.
DTX-nin fəaliyyətində istinad edilən mühüm normativ hüquqi akt kimi 2010-cu ilin iyun ayının 8-də qəbul edilən Azərbaycan Respublikasının Hərbi doktrinasını da qeyd etmək olar. Hərbi doktrina milli təhlükəsizliyin təminatı strategiyasının tərkib hissəsi olaraq, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici, hərbi və digər təhdidlərdən qorunmasına yönələn hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirən sənəddir.
Ölkənin təhlükəsizliyini təmin etmək məqsədi ilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar yaranan münasibətləri “Dövlət sirri haqqında”  Azərbaycan Respublikasının Qanunu tənzimləyir. Müvafiq qanunla nəzərdə tutulmuş dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası nəzarət səlahiyyətlərini DTX həyata keçirir. Təhlükəsizliyin təmin edilməsinin əsas istiqamətlərindən biri kimi dövlət sirrinin mühafizəsi Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapmışdır.
DTX-nin əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri və əməliyyat-axtarış tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini tənzimləyən normativ hüquqi akt “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanunda qeyd olunan 18 əməliyyat-axtarış tədbirininin həyata keçirilməsi səlahiyyəti həm birbaşa, həm də digər hüquq mühafizə orqanları ilə birlikdə DTX-yə həvalə olunmuşdur.
DTX-nin qarşısında duran əsas vəzifələrdən biri də narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və əsasən də gənclər arasında narkomanlığın miqyasının artması, cəmiyyət və dövlətin təhlükəsizliyini təhdid edən ciddi faktorlardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədə hüquqi-profilaktik tədbirlərin, hüquq-mühafizə orqanlarının fəaliyyət dairəsini və səlahiyyətini özündə ehtiva edir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və əlaqəli normativ-hüquqi aktlara edilmiş dəyişikliklərlə dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə, dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma, dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə təhdid yaradan əməllər, radioaktiv materiallarla qanunsuz davranma, radioaktiv materialları talamaqla hədələmə, sertifikatlaşdırılmamış rabitə vasitələrinin satışının təşkili, əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərini həyat keçirilməsi üçün rabitə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən zəruri şəraitin yaradılmaması və aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər kimi  cinayətlərin müəyyən edilməsi, qarşısının alınması, istintaqının aparılması vəzifəsi DTX tərəfindən həyata keçirilir.  
Xüsusi xidmət və hüquq mühafizə orqanlarının fəaliyyətini təmin etmək məqsədilə əsaslı, müasir dövrün çağırışlarına cavab verən normativ hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsi möhtərəm Prezident İlham Əliyevin müstəqil Azərbaycanın təhlükəsizlik strategiyasının daha da inkişaf etdirilməsi üzrə apardığı uğurlu siyasi xəttin əyani nümunəsidir.
Mart ayının 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi tamam olur. Bu tarixin dövlət təhlü­kəsizliyi orqanları əməkdaşları tərəfindən peşə bayramı günü kimi qeyd edilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Yaradılmasından ötən qısa müddət ərzində DTX-nin fəaliyyətində bütün sahələr üzrə əlamətdar hadisələr müşahidə olunmuşdur. Zəruri islahatlar aparılmış, əməliyyat-xidməti fəaliyyətdə önəmli uğurlar qazanılmışdır. DTX-də Azərbaycanın maraqlarının və təhlükəsizliyinin etibarlı qorunması üzrə mövcud qanunvericilik əsasında normativ hüquqi bazanın təkmilləşdirilməsi işi daim davam etdirilir.
Silahlı Qüvvələrin Ali Baş Komandanının əmr və göstərişlərini dərhal və vicdanla yerinə yetirən DTX-nin dövlət təhlükəsizliyi əleyhinə hədə və təhdidlərin aşkarlanması, qabaqlanması və qarşısının alınması sahəsində respublikanın digər hüquq-mühafizə orqanları və aidiyyəti qurumları ilə sıx əməkdaşlığının bariz nəticəsi kimi keçirilən birgə əməliyyatlar sayəsində çoxsaylı cinayətlərin qarşısı qətiyyətlə alınır və təhlükəsizlik təmin edilir.
Azərbaycan Respublikasının təhlükəsizliyi dedikdə, insan – onun hüquq və  azadlıqları, cəmiyyət – onun maddi və mənəvi dəyərləri, dövlət – onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyünün təmin edilməsi başa düşülür.
Qətiyyətlə əminik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Respublikasının maraqlarının, mənafelərinin və təhlükəsizliyinin etibarlı təmin olunmasında Dövlət Təhlükəsizliyi Xidmətinin əmək­daş­ları əzmkarlıq nümayiş etdirərək, bundan sonra da daim ön sırada olacaqlar.

Qələmə aldı Tamerlan Rəhimov (Respublika qəzeti, 3 mart 2019-cu il)