Gəncədə təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə və ulu öndər Heydər Əliyevin təhlükəsizlik siyasətinə həsr olunan tədbir keçirilib

28 fevral 2019-cu il

21:22

Fevralın 28-də Gəncədə Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Gəncə Şəhər İcra Hakimiyyətinin və “Alyans” Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin abidəsi önünə əklil qoyublar. Sonra iştirakçılar Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədbirdə çıxış edərək hər bir ölkənin inkişafında təhlükəsizliyin və sabitliyin mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, sabitliyin və təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizənin düzgün və ciddi şəkildə aparılması Azərbaycanın inkişafına mühüm töhfə verən amillərdir. Bu gün Dövlət Təhlükəsizliyi Xidməti milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyəti ilə tarixinin şərəfli səhifələrini yazır, Vətənin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmətlər göstərir.
N.Bayramov yubiley münasibətilə təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini, veteranları, Ulu Öndərin şərəfli məktəbinin davamçılarını təbrik edib, onlara müqəddəs işlərində uğurlar arzulayıb.
DTX-nin Gəncə Şəhər İdarəsinin rəisi Əli Əliyev bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin qayğısı ilə daim təkmilləşən Dövlət Təhlükəsizliyi Xidməti hazırda inkişafının yeni mərhələsinə qədəm qoyub. DTX-nin keçdiyi tarixi yola nəzər salan Ə.Əliyev qeyd edib ki, müstəqilliyini əzmlə möhkəmləndirən, demokratik prinsiplərə əsaslanan sivil, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən Azərbaycan Respublikası bu gün dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradıb. Bu sahədə üzərinə mühüm vəzifələr düşən DTX Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində mühüm işlər görür.
Tədbirdə çıxış edən “Alyans” Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov qeyd edib ki, Azərbaycanın təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər ölkənin bir çox şəhər və rayonlarını əhatə edir. Bu tədbirlərin keçirilməsinin mahiyyətindən danışan Ş.Süleymanov qeyd edib ki, əsas məqsəd bölgələrdə görüşlər təşkil etmək, ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyəti barədə gənc nəsli məlumatlandırmaqdır.
Ölkəmizin təhlükəsizlik orqanlarının fəaliyyətindən də söz açan Ş.Süleymanov ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşərək deyib: “Təhlükəsizlik orqanlarında fəaliyyətə başlayanda ilk görüşdüyüm şəxs Heydər Əliyev idi. Onunla görüşdüm, iki saata yaxın söhbətimiz oldu. Həmin söhbət əsnasında Heydər Əliyevin dediyi sözləri, verdiyi məsləhətləri heç vaxt unutmadım. Otuz altı illik fəaliyyətimi Ulu Öndərin məsləhətləri üzərində qurdum”.
Ümummilli Liderin sadəliyini və qayğıkeşliyini xüsusi vurğulayan Ş.Süleymanov deyib: “Mənə Heydər Əliyev kimi tarixi şəxsiyyətin rəhbərlik etdiyi təhlükəsizlik xidmətində çalışmaq nəsib olub. Heydər Əliyev Azərbaycanın belə bir fədakarlıq məktəbinin əsasını qoyub. Mən də bu fədakarlıq məktəbinin iştirakçısıyam. Heydər Əliyev Azərbaycan xüsusi xidmət orqanlarında milli kadrların yetişdirilməsi, təhlükəsizlik xidməti orqanının milliləşdirilməsi üçün əlindən gələni edirdi. Heydər Əliyev işini, peşəsini sevən, gördüyü işlərin nəticəsindən zövq alan şəxsiyyət idi. Ulu Öndər kadrların təkcə xüsusi xidmət orqanları üçün deyil, digər hüquq-mühafizə orqanları üçün də yetişməsinə çalışırdı. O, bütün sahələrlə maraqlanır, Azərbaycanın, xalqımızın inkişafı üçün əlindən gələni edirdi. Heydər Əliyev xüsusi xidmət orqanlarının nəhəngləri ilə bir sırada dayanırdı. Ümummilli Liderin apardığı əməliyyatlar o vaxt bütün sovet ölkələrində birinci qəbul edilən əməliyyatlardan idi”.
Müharibə və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatının sədri Yusif Məmmədov ümummilli lider Heydər Əliyevin nadir tarixi şəxsiyyətlərdən olduğunu vurğulayaraq deyib: “Heydər Əliyev Azərbaycanın xüsusi xidmət orqanlarının inkişafı üçün misilsiz xidmətlər göstərib. Bu gün Azərbaycan xüsusi xidmət orqanı əməkdaşlarının yetişdirilməsi Heydər Əliyevin səyi nəticəsində olub. Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyəti 1953-cü ilə qədər çox acınacaqlı vəziyyətdə idi. O vaxt Heydər Əliyevin işi də həddindən artıq ağır idi. Həmin vaxt təhlükəsizlik xidmətində rəhbər vəzifədə ermənilər və ruslar idi. Heydər Əliyevin xüsusi xidmət orqanlarında şöbə rəisi vəzifəsinə gəlməsi Azərbaycan milləti üçün böyük dönüş oldu. Belə ki, Heydər Əliyev qısa müddətdə xüsusi xidmət orqanlarına azərbaycanlıların gətirilməsinə nail oldu”.
Əfsanəvi azərbaycanlı kəşfiyyatçı Mehdi Hüseynzadənin Sovet İttifaqı Qəhrəmanı adı almasında Heydər Əliyevin xüsusi xidmətlərini qeyd edən Y.Məmmədov bildirib: “O vaxt Heydər Əliyev Mehdi Hüseynzadə ilə bağlı bütün arxiv sənədlərini çıxarıb və onun həyatını, fəaliyyətini araşdırıb. Əks-kəşfiyyatçı Mehdi Hüseynzadənin böyük qəhrəmanlıqlar göstərməsi məhz bu araşdırmalar nəticəsində ortaya çıxdı. Məhz Heydər Əliyevin araşdırmalarından sonra Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verildi”.
O vurğulayıb ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə də Azərbaycanda sabitlik yaradıb, ölkənin hərtərəfli inkişafına nail olub. Bütün bunlara görə hamımız Heydər Əliyevə minnətdarıq.
Çıxışlardan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə “Alyans” Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin şəxsi nişanı və fəxri fərmanı ilə təltif edilib.
Tədbirdə, həmçinin Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə Gəncə şəhərinin ictimai həyatında və təhlükəsizliyinin təmin edilməsində fərqləndiklərinə görə DTX Gəncə Şəhər İdarəsinin bir qrup əməkdaşı Gəncə Şəhər İcra Hakimiyyətinin fəxri fərmanına layiq görülüb.
Sonda ümummilli lider Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətini əks etdirən qısametrajlı sənədli film nümayiş olunub.