General-leytenant Ziya Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib

15 fevral 2019-cu il

18:00

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşlarından və onun şanlı peşəkarlıq məktəbinin sadiq davamçılarından olan, DTX-nin Ulu Öndərin şərəfli adını daşıyan Akademiyasının ilk rəisi olmuş general-leytenant Ziya Yusifzadənin 90 illik yubileyi münasibətilə xatirə tədbiri keçirilib.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, general Ziya Yusifzadənin ailə üzvləri, təhlükəsizlik orqanlarının veteranları, DTX-nin əməkdaşları və kursantlar iştirak ediblər.
Əvvəlcə general-leytenant Ziya Yusifzadənin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Tədbirdə Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları Birliyinin sədri Şamil Süleymanov çıxış edərək general Ziya Yusifzadə ilə bağlı xatirələrini bölüşüb. Qeyd olunub ki, dövlət təhlükəsizlik orqanlarında ümummilli lider Heydər Əliyev ilə çiyin-çiyinə xidmət etmiş Ziya Yusifzadənin mühüm tarixi dövrü əhatə edən ömür yolu, əldə etdiyi nailiyyətlər sadalamaqla bitən deyil. Bu gün onun yetirmələri, kömək və qayğı göstərdiyi kadrlar hazırda müstəqil Azərbaycanın təhlükəsizliyinə xidmət edirlər. Ziya Yusifzadə Azərbaycanın təhlükəsizlik orqanlarının peşəkarlıq tarixinə dəyərli töhfələr verən əməkdaş və rəhbərlərdən olub.
Ş.Süleymanov bildirib ki, Azərbaycanda Dövlət Təhlükəsizlik Komitəsinin sədri olduğu illər ərzində general Ziya Yusifzadə bu orqanda ulu öndər Heydər Əliyevin azərbaycanlaşdırma siyasətini uğurla davam etdirib. Həmin dövrdə çoxlu sayda savadlı, bacarıqlı azərbaycanlı gənclər təhlükəsizlik orqanlarına xidmətə qəbul edilərək, keçmiş SSRİ-nin xüsusi təyinatlı ali təhsil müəssisələrinə göndərilib. Ömrünün böyük hissəsini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ziya Yusifzadənin çoxillik həyat təcrübəsi ilə yanaşı, yaratmaq və qurmaq həvəsi onun mühüm sahəyə uğurlu rəhbərliyinin başlıca şərti olub.
DTX-nin Heydər Əliyev adına Akademiyasının əməliyyat işçilərinin hazırlanması fakültəsinin ilk məzunlarından olan, DTX-nin məsul əməkdaşı V.Hümbətov həmin xüsusi təyinatlı ali təhsil müəssisəsində təhlükəsizlik xidməti elminin incəliklərinin mənimsənilməsində, bu mühüm sahədə gələcək zabitlərin yetişdirilməsi kimi məsuliyyətli vəzifənin həyata keçirilməsində general Ziya Yusifzadənin xatirələrdə silinməz və fədakar rolu barədə danışaraq deyib: “General Ziya Yusifzadənin bu təhsil ocağında ən mühüm xidmətləri sırasında ulu öndər Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq irsinin aşılanması, gənc nəslin təlim-tərbiyəsi işində bunun əsas meyar kimi təlqin olunması dururdu. O, bu işi ən çox mənəvi haqqı olan insanlardan biri, Ulu Öndərimizin sadiq silahdaşı kimi həm də çox böyük məmnuniyyət hissi və həvəslə yerinə yetirirdi. Ziya müəllim kursantlara Ulu Öndərin yolunu, azərbaycançılıq ideologiyasını dərindən öyrədir, onların Vətənə, xalqa, torpağa sədaqət ruhunda, savadlı, bacarıqlı və geniş dünyagörüşünə malik zabit kimi yetişmələri üçün böyük səylər göstərirdi”.
General Ziya Yusifzadənin kursantlarla görüşlərində daim dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xüsusi xidmət orqanlarının milliləşdirilməsi istiqamətində gördüyü işlərdən, böyük peşəkarlıqla həyata keçirdiyi əməliyyat oyunlarından bəhs edərək kursantların bu peşəyə marağını və sevgisini daha da artırdığını vurğulayan DTX-nin məsul əməkdaşı deyib: “Ziya müəllim çıxışlarında hər zaman bildirirdi ki, əməliyyat işçisi soyuq düşüncəli, ürəyi isti, əlləri təmiz olmalıdır. O, kursantların mənəvi-əxlaqi keyfiyyətlərinin yüksəldilməsinə xüsusi diqqət yetirir, onları gələcəkdə Ulu Öndər yolunun davamçısı kimi görür və gənclərə bir rəis kimi deyil, həm də bir valideyn, ata kimi qayğı göstərirdi. Ulu öndər Heydər Əliyevin dövlətçilik, vətənpərvərlik, azərbaycançılıq irsinə sədaqət ruhunda formalaşmağımızı bizə məhz unudulmaz pedaqoq, peşəkar hərbçi və sözün əsl mənasında böyük insan Ziya Yusifzadə aşılayıb”.
General-leytenant Ziya Yusifzadənin qızı, tarix elmləri doktoru, professor Sevinc Yusifzadə atasının 86 illik ömrünün 60 ilini dövlət təhlükəsizliyi orqanlarında xidmətə həsr etdiyini vurğulayaraq deyib: “O, işini çox sevir, Azərbaycanın təhlükəsizliyinin təmin olunması yolunda yorulmadan işləyirdi. Atam ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yüksək vəzifələrdə xidmət etsə də, heç vaxt öz işi barədə danışmağı sevməzdi. Biz onun fəaliyyətindən, gördüyü işlərdən mətbuatdan öyrənə bildik. Onda gördük ki, atam dövlətimizin təhlükəsizliyi üçün necə böyük işlər görüb”.
1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyevin sovet rəhbərliyindən istefa verməsindən sonra vaxtilə onunla çiyin-çiyinə çalışan şəxslərin də vəzifədən azad edildiklərini xatırladan S.Yusifzadə bildirib: “1987-1993-cü illər ölkəmizin tarixində çətin dövr idi. Bu illərdə ulu öndər Heydər Əliyevə sadiq digər şəxslər kimi, atam da vəzifədən uzaqlaşdırıldı. Lakin 1993-cü ildə ümummilli lider Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra ölkəmizin inkişaf yoluna qədəm qoydu. Bundan sonra atamın da həyatında yeni dövr başladı. Atam həyatının son illərini xüsusi xidmət orqanlarında çalışacaq kadrlar yetişdirən, dövlətimizin başçısı möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısını əsirgəmədiyi akademiyaya sərf etdi. O, son dərəcə məsuliyyətli insan olmaqla yanaşı, gözəl ata, diqqətli və qayğıkeş valideyn, əsl vətəndaş idi”.
Sevinc Yusifzadə atasının 90 illik yubileyinin yüksək səviyyədə qeyd olunması və xatirəsinin əziz tutulmasına görə ailə üzvləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və DTX rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirdə xüsusi vurğulanıb ki, bu ilin mart ayında Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyidir. General-leytenant Ziya Yusifzadənin də 90 illiyinin bu ərəfəyə təsadüf etməsi rəmzi məna daşıyır. Ümummilli lider Heydər Əliyevin peşəkarlıq məktəbinin görkəmli nümayəndəsi, ömrünün böyük hissəsini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ziya Yusifzadə onu tanıyanların qəlbində daim yaşayacaq.