Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

11 fevral 2019-cu il

09:00

Dövlət Təhlükəsizliyi Xidmətində davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılmışdır.
Müəyyən olunmuşdur ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmişdir. Həmin şəxslər Anar Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar vermişdir. Anar Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görmüşdür.
Araşdırmalar zamanı Anar Ələkbərovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilmiş, iş üzrə digər çoxsaylı dəlillər toplanılmış, o, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar vermişdir. 
Anar Ələkbərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.