Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyidir

Dövlət Təhlükəsizliyi Xidmətinin uğurları

Nizam-intizam təhlükəsizlik orqanlarının işinin əsasını təşkil edən amillərdən biridir. Hərbi qulluq birinci növbədə nizam-intizam üzərində qurulur. Təhlükəsizlik orqanlarında işləyən sıravi adam da, zabit də, rəhbər işçi də bilməlidir ki, nizamnamə, Konstitusiya sizin üçün rəhbər və istiqamətverici sənəddir.

Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri

Əgər hər yerdə sakitlikdirsə, təhlükə yoxdursa, deməli, təhlükəsizlik orqanları yaxşı işləyir. Sizin peşə uğurlarınız çox vaxt ictimai diqqətdən kənarda qalır. Çünki sizin fəaliyyətiniz spesifikdir... Lakin vətəndaşlar bir şeyi bilirlər ki, təhlükəsizlik orqanları öz işini hər gün yerinə yetirir, istirahət günləri olmadan qanunun və təhlükəsizliyin keşiyində dayanırlar.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

1918-1920-ci illərdə Şərqdə ilk demokratik dövlət qurmuş Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlət quruculuğu sahəsində görülən mühüm işlərdən biri də 1919-cu il martın 28-də xüsusi xidmət orqanının yaradılması idi. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri general-leytenant Səməd bəy Mehmandarov və Hərbiyyə Nazirliyinin Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin 157 saylı əmri ilə Baş Qərargahın tərkibində ilk təhlükəsizlik orqanı - kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. 
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra örnək olan ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncamla hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Ulu öndər Heydər Əliyev demişdir: “...Bugünkü müstəqil Azərbaycan Respublikasının təhlükəsizlik orqanının başlanğıc tarixini 1918-1920-ci illərdə yaşamış ilk Azərbaycan Demokratik Respublikasının yaratdığı orqandan götürmək doğru, düzgün və məqsədəuyğun qərardır. Bu təklifi mənə təqdim edən kimi bunu məmnuniyyətlə qəbul etdim və 28 mart gününü Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan etdim”.
Tarixən çətin, keşməkeşli, eyni zamanda şərəfli bir yol keçmiş Azərbaycan təhlükəsizlik orqanları bu il yaranmasının 99 illiyini qeyd edəcək. Azərbaycanın geosiyasi mövqeyi ilə bağlı xarici dövlətlərin strateji maraqları, regionda gedən proseslər müstəqil respublikamızın təhlükəsizliyinin möhkəmləndirilməsi işinin daha da yüksəldilməsini tələb edir. Bu baxımdan, milli mənafelərin keşiyində ayıq-sayıq durmaq, Azərbaycanın hərtərəfli inkişafı üçün daha təhlükəsiz şəraiti təmin etmək digər aidiyyəti dövlət orqanları ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin üzərinə düşən ən ümdə vəzifədir. 
Qısa müddət ərzində Dövlət Təhlükəsizliyi Xidməti fəaliyyətinin bütün sahələrində uğurlu nəticələr əldə etməklə Ali Baş Komandan cənab İlham Əliyevin, xalqın etibarını və etimadını daim doğrultmağa çalışır. Qazanılmış bu nailiyyətlərin əsas səbəbi bu orqanda zəruri islahatların aparılması, xidmətin fəaliyyətinin normativ hüquqi bazasının təkmilləşdirilməsi, günün tələblərinə uyğun yeni fəaliyyət istiqamətlərinin və vəzifələrin müəyyən edilməsi, peşəkar kadr özəyinin möhkəmləndirilməsi və şəxsi heyətin sosial müdafiəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının artırılmasıdır. Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat-xidməti fəaliyyəti müasir beynəlxalq təcrübənin müsbət nəticələrinin tətbiqi əsasında təkmilləşir. Ümummilli lider Heydər Əliyev kimi dahi bir şəxsiyyətin peşəkarlıq irsinə söykənən dövlət təhlükəsizlik orqanları ölkənin milli maraqlarının qorunması və hərtərəfli təmin olunması istiqamətində bütün imkan, qüvvə və intellektual potensialını səfərbər etmişdir.
Sözsüz ki, bu nailiyyətlərin bünövrəsində Ulu Öndərin qurub yaratdığı peşəkarlıq məktəbinin, təhlükəsizlik orqanlarının mükəmməlliyini özündə daşıyan və şəxsi heyətə bir mayak kimi əməliyyat-xidməti fəaliyyətini daha təkmil səviyyədə təşkil etmək üçün yol göstərən ənənələr durur. Həmin peşəkarlıq irsinin və ənənələrin aşılanmasında vaxtilə təhlükəsizlik orqanlarında ümummilli lider Heydər Əliyevlə çiyin-çiyinə çalışmış, fədakarcasına xidmət etmiş, hazırda təqaüddə və istefada olan veteranlarımızın da öz payı vardır. Onlar ehtiyatda və istefada olmalarına baxmayaraq, özlərini daim xidmətdə, işdə-gücdə, bir sözlə təhlükəsizlik orqanlarının sırasında hiss edirlər.
Şərəfli xidmət yolu keçmiş veteranlarımız Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi ilə bağlı öz dəyərli ürək sözlərini demiş təbriklərini çatdırmışlar.
Azərbaycan Xüsusi Xidmət Veteranları İctimai Birliyinin sədri, istefada olan polkovnik Şamil Süleymanov uzun müddət çalışdığı orqandan əxz etdiyi diqqətlə və seçilmiş kəlmələrlə danışmaq vərdişinə sadiq qalaraq bizimlə öz məhrəm xatirələrini bölüşdü, ulu öndərin rəhbərliyi ilə işlədiyi illəri böyük hörmətlə xatırladı: “bu il Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyidir. Bir əsr böyük tarixdir.  Ötüb-keçən zaman üç və yaxud dörd nəsil yetişib və onlar fəaliyyət göstərərək, layiqli yerlərini tutublar. Bu nəsillərin arasında mən özümü və digər silahdaşlarım - veteranları bir iştirakçı kimi görürəm.

Ölkəmizin xüsusi xidmət orqanları uzun, çətin və mürəkkəb, mən deyərdim ki, ölkədə mövcud tarixi, hərbi və siyasi-ictimai vəziyyətdən asılı olaraq bəzən ziddiyyətli bir təkamül yolu keçmişdir. Mən 35 ildən çox bir peşəkar əməkdaş kimi bu orqanlarda xidmət etmişəm və həmin proseslərin canlı şahidi olmuşam. 22 dekabr 1961-ci ildə mən Dövlət Təhlükəsizlik Komitəsinin şəxsi heyətinin sıralarına qəbul olunmuşam. İşə başlamazdan əvvəl məni şöbə rəisi ulu öndər Əliyev Heydər Əlirza oğlu qəbul etdi. O, hündürboylu, möhkəm bədən quruluşlu, diqqətli, üzünün ifadələri ciddi, iti baxışlı, 38 yaşında şəxs idi. Mavi gözləri ilə həmsöhbətini diqqətlə süzərək, məsələnin mahiyyətinə tez varırdı. Söhbət iki saatdan artıq çəkdi və işgüzar oldu. Heydər Əliyev söhbət aparmağın ustası idi, insanları gözəl anlayırdı, yumor hissinə də malik idi. 
Görüşün nəticəsi mənim üçün yaddaqalan oldu. Bütün gündəlik işim onun nəzarəti altında həyata keçirilirdi və bunun sayəsində bir il ərzində xüsusi xidmət elmini mənimsədim və təcrübəli, hərtərəfli bilikli mütəxəssislərlə bir sırada dayana bildim.
Heydər Əliyevin yaradıcı fəallığı və təşəbbüsü hər mənada məni həvəsləndirdi. Əsl humanist kimi onun qəlbində ətrafdakılara yaxşılıq etmək üçün tükənməz bir istək var idi. Ulu öndərin iş müddətində qəbul etdiyi qərarlar artıq dərəcədə təsdiq edirdi ki, o, iradəli, cəsarətli, ürəkli, qətiyyətli və görkəmli dövlət xadimidir. Heydər Əliyevin bütün fikirləri, tövsiyələri, məsləhətləri mənim üçün həyat dərsi oldu, yol göstərən ulduza çevrildi. Çünki onun kimi iradəli, əzmli, ürəkli, başqalarının səmərəli fikirlərini də qəbul edən görkəmli şəxsiyyət mənim üçün nümunə idi.
Keçmişə nəzər salsaq, mən əməliyyatçı fəaliyyətimə başladığımdan, yəni, 1958-ci ildən bu günədək bir çox hadisələrin şahidi olmuşam. Azərbaycan təhlükəsizlik orqanlarının ən istedadlı rəhbəri, savadlı, mədəniyyətli, bilikli, işgüzar, səmimi, yüksək peşəkar, xalqını dərindən sevən, əməkdaşlara daim diqqət və qayğı göstərən, onları bacarıqla idarə edən Ulu Öndər - Heydər Əlirza oğlu Əliyev SSRİ-də və dünya miqyasında tanınmış, nüfuzlu, görkəmli bir şəxsiyyət kimi tarixdə silinməz iz qoymuşdur.
Danılmaz faktdır ki, istər Sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan təhlükəsizlik orqanlarının ölkəmizin milli maraqlarına xidmət edən qurum kimi formalaşmasında, struktur bölmələrinin təkmilləşdirilməsində, kadr potensialının azərbaycanlaşdırılmasında və gücləndirilməsində, bu vacib dövlət institutunun fəaliyyətinin strategiya və taktikasının müəyyən edilməsində Heydər Əliyevin böyük rolu, misilsiz xidmətləri olmuş və onun adı Azərbaycan təhlükəsizlik orqanlarının tarixinə əbədi həkk olmuşdur.
Ümummilli liderimizin dövlətimizin daha da möhkəmləndirilməsi, təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müəyyən etdiyi strateji xətt bu gün onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun bariz nümunəsi kimi dövlətimizin başçısının 2015-ci ildə Azərbaycanın təhlükəsizlik orqanlarında həyata keçirdiyi köklü islahatlar, əsaslı kadr dəyişikliyini göstərmək kifayətdir.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimizin seçimi ilə hörmətli Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edildikdən sonra bu qurumun fəaliyyətində xeyli müsbət dəyişikliklər baş vermişdir. Biz veteranlar da bunun şahidi oluruq. 
Sonda Veteranlar Birliyi və öz adımdan Xidmətin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm, Mədət müəllim başda olmaqla Xidmətin şəxsi heyətini Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə ürəkdən təbrik edir, şəxsi həyatlarında və xidmətlərində yeni-yeni uğurlar arzulayıram”. 
İstefada olan polkovnik Azər Qarayev də peşə bayramı ilə bağlı ürək sözlərini çatdırmışdır: “Əziz və dəyərli həmkarlar! Sizi Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm, çətin, şərəfli peşənizdə böyük uğurlar arzulayıram. 

Biz, Heydər Əliyev məktəbini keçmiş yaşlı nəslin veteran-çekistləri sizinlə fəxr edirik. Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə son illərdə keçirilən əməliyyat tədbirləri: xarici xüsusi xidmət orqanlarının doğma Vətənimiz Azərbaycana qarşı yönəlmiş təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, onların casuslarının ifşa olunub, cinayət məsuliyyətinə cəlb edilməsində, terrorçuluğa, kiber-cinayətkarlığa, mütəşəkkil cinayətkarlığa qarşı aparılan xüsusi əməliyyatları biz veteranlar və bütün Azərbaycan vətəndaşları ürəkdən dəstəkləyir və alqışlayırıq. 
Azərbaycan Xüsusi Xidmət Veteranları Birliyinin üzvləri əmindir ki, gözə görünməyən cəbhədə uğurla xidmət göstərən həmkarlarımız bundan sonra da ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil dövlətçilik siyasətinin davamçısı möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımızın keşiyində möhkəm dayanaraq, ardıcıl yeni-yeni uğurlar qazanacaq, Vətənimizin iqtisadi inkişafı, qüdrətlənməsi, vətəndaşlarımızın firavan yaşaması naminə və ən əsası, doğma Qarabağımızın azad olunması yolunda daha da əzmlə və vicdanla çalışacaqsınız”.
Dövlət təhlükəsizlik orqanları və Qarabağ müharibəsi veteranı, istefada olan polkovnik Cahangir Bağırovun dediklərindən: “Azərbaycan Respublikasının təhlükəsizliyinin əsas dayaqlarından biri - Dövlət təhlükəsizlik orqanlarının yaranmasının 100-cü ildönümüdür.

Məlum olduğu kimi, 1993-cü ildə xalqın təkidi ilə Azərbaycan Respublikasının rəhbərliyinə qayıtmış ulu öndər Heydər Əliyevin tarixi sərəncamı ilə dövlət təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü təsis olundu. 28 iyun 1997-ci ildə ulu öndər Heydər Əliyev təhlükəsizlik orqanlarının əməkdaşları və veteranları ilə görüşündə bu orqanın qarşısında duran vəzifələrin yerinə yetirilməsi istiqamətində verdiyi tövsiyələr şəxsi heyət tərəfindən bir fəaliyyət proqramı kimi qəbul olundu. 
Qeyd etmək istərdim ki, təhlükəsizlik orqanlarının formalaşmasında əvəzsiz rolu olan ümummilli lider Heydər Əliyevin bu orqana göstərdiyi diqqət və qayğı bu gün də uğurla davam etdirilir. Onun siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev təhlükəsizlik orqanları əməkdaşlarının sosial təminatının və bu qurumun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verir. Azərbaycan Respublikasının suverenliyinə, Konstitusiya quruluşuna, digər həyatı əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmət orqanlarının və ayrı-ayrı şəxslərin pozuculuq fəaliyyətinin qarşısının qətiyyətlə alınmasında təhlükəsizlik orqanları tərəfindən aparılan mübarizə getdikcə daha səmərəli, müntəzəm və sistemli xarakter daşıyır. 
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi tərəfindən veteranlara, keçmiş kadrlara diqqət və qayğı artırılmışdır. Veteranlar öz zəngin təcrübələri ilə bölüşərək, gənc nəslin müsbət ənənələrə sədaqət ruhunda, vətənpərvər tərbiyə olunması sahəsində müvafiq iş aparırlar.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı adını daşımaq, bu orqanda xidmət etmək olduqca məsuliyyətli və şərəflidir. DTX xalqın, dövlətin təhlükəsizliyinin qorunmasında digər aidiyyəti dövlət orqanları ilə birgə ayıq-sayıqdır. Bu orqanda xidmət edən gənc əməkdaşlara arzu edirəm ki, iradəli olsunlar, bilik və bacarıqlarını daha da yüksəltsinlər. Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət etsinlər”.
Azərbaycan Xüsusi Xidmət Veteranları İctimai Birliyinin üzvü, istefada olan polkovnik Mirzağa Həsənovun dediklərindən: “Yaranmasının 100 illiyini qeyd etdiyimiz Azərbaycan təhlükəsizlik orqanları çətin və şərəfli inkişaf yolu keçərək, xalqın maraqlarının keşiyində durmağa qadir olan əsas dövlətçilik institutlarından birinə çevrilmişdir.

İftixar hissi ilə qeyd edirik ki, ümummilli liderimiz Heydər Əliyev əmək fəaliyyətinə məhz təhlükəsizlik orqanlarında başlamış və əsl peşəkarlıq məktəbi yaratmış, bu təşkilatda azərbaycançılıq və vətənpərvərlik ənənələrinin əsasını qoymuşdur.
Hazırda ölkə rəhbəri cənab İlham Əliyevin nəzarəti və tələbkarlığı, eləcə də bu struktura göstərdiyi diqqət və qayğısı sayəsində təhlükəsizlik orqanları dövlətimizin keşiyində ayıq-sayıq dayanmış, müasir çağırışlara adekvat cavab verə biləcək xüsusi xidmətə çevrilmişdir. Təhlükəsizlik orqanlarının fəaliyyətinin dövrün tələbləri səviyyəsində qurulması, şəxsi heyətin maddi-sosial rifahının yaxşılaşdırılması, eləcə də veteranlara qayğı bizi sevindirir, böyük ruh yüksəkliyi ilə qarşılanır. Göstərdiyi bu diqqət və qayğıya görə bir daha cənab Prezidentə dərin minnətdarlığımızı bildiririk.
Dövlət Təhlükəsizliyi Xidməti öz işini müstəqil Azərbaycanın dövlətçilik prinsiplərinə, ölkə rəhbərinin tələblərinə uyğun şəkildə qurmaqla yanaşı, mütərəqqi tarixi peşəkarlıq ənənələrinə görə varisliyin təmin edilməsinə də diqqət göstərir. Biz təhlükəsizlik orqanları veteranları da bu işlərdə ürəkdən iştirak etməyə çalışırıq. Veteranlar gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparır, Azərbaycanın şanlı tarixi, döyüş ənənələrinin hərtərəfli təbliğində bilik və bacarıqlarını əsirgəmirlər.
Dövlət başçımızı və xalqımızı əmin edirik ki, biz veteranlar gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün işimizi bundan sonra da davam etdirəcək, Azərbaycanın şanlı tarixi, hərb sənətinin hərtərəfli təbliğində bilik və bacarığımızı əsirgəməyəcəyik. Ali Baş Komandanın əmr və göstərişlərini dəqiq və dönmədən yerinə yetirəcək, lazım gəldikdə işğal olunmuş torpaqlarımızın güc yolu ilə azad olunması uğrunda döyüşlərdə ön cərgədə olacağıq.
Hər bir azərbaycanlı respublikamızın suverenliyini, ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunması işinə səfərbər olmalı, hər kəs çalışdığı sahədə öz töhfəsini verməlidir. Hamı bu işdə bir olmalı, Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin ətrafında daha da sıx birləşməlidir. 
Azərbaycan Xüsusi Xidmət Veteranları İctimai Birliyinin üzvü, istefada olan polkovnik Əli Orucov da dövlət təhlükəsizlik orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək ürək sözlərini çatdırmışdır: “Dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı Heydər Əliyevin vaxtilə çalışdığı təhlükəsizlik orqanlarında xidmət etmək olduqca şərəfli və son dərəcə məsuliyyətlidir.

Mənə də vaxtilə ulu öndərin rəhbərliyi altında işləmək şərəfi nəsib olmuşdur. Onun kollektivdə yaratdığı sağlam və işgüzar münasibət, dövlət əhəmiyyətli əməliyyat tədbirlərinin uğurla həyata keçirilməsində özünün şəxsi iştirakı bacarıqlı və peşəkar kadrların yetişdirilməsində həlledici rol oynamışdır.
Daxili və xarici düşmənlərin dövlətimizə qarşı apardıqları təxribatların qarşısını almaqda, əmin-amanlığı qorumaqda hər bir əməkdaş daha sayıq və qətiyyətli fəaliyyət göstərməlidir.
Ulu öndərin rəhbərliyi altında işləmiş və zəngin təcrübə toplamış veteranlara diqqət və qayğı göstərilməsi, gənclərin ideya-mənəvi tərbiyəsində onların təcrübə və tövsiyələrindən istifadə edilməsi olduqca təqdirəlayiqdir. Veteranlarımız çətin həyat yolu keçmişlər. Böyük Vətən müharibəsində, Əfqanıstanda və Qarabağda gedən döyüşlərdə təhlükəsizlik orqanları əməkdaşları cəsarətlə vuruşmuş, qəhrəmanlıq nümunələri göstərmişlər.
Son illər respublikamızın dövlət təhlükəsizliyi orqanlarında dönüş mərhələsi başlamışdır və aparılan köklü islahatlara görə biz möhtərəm Prezident cənab İlham Əliyevə təşəkkür edirik. Tariximizin və ölkəmizlə bağlı həqiqətlərin gənclərə öyrədilməsi baxımından veteranlarla gənc əməkdaşların mütəmadi olaraq görüşləri təşkil olunur. Bu görüşlərdə gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir. Bu gün gənclərimizin milli ruhda yetişməsi bizi sevindirir. Veteranlar təşkilatı da bu işə öz töhfələrini verirlər.
Veteranların maddi-sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən atılan addımlar tərəfimizdən böyük ruh yüksəkliyi ilə qarşılanır. Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu, uzaqgörən və qətiyyətli siyasəti dövlətimizin gələcəyinə nikbin baxmağa əsas verir. Onun rəhbərliyi ilə xalqımız bundan sonra da xoş, firavan, tam sabitlik şəraitində yaşayacaq və qəti əminik ki, işğal olunmuş torpaqlarımız da qaytarılacaq. O gün heç də uzaqda deyil. Biz, dövlət təhlükəsizlik orqanlarının veteranları da daim bu fəaliyyətin ön sıralarındayıq”.

Qələmə aldı: M.Rəcəbova