Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyidir

Azərbaycanın  təhlükəsizlik orqanları: Tarix və müasirlik

Təhlükəsizlik işçisi yüksək mədəniyyətli, keyfiyyətli işçi olmalıdır. Elə bir işçi ki, şairlə də, bəstəkarla da, yazıçı ilə də, alimlə də, adi vətəndaşla da danışa bilsin. Əgər belə olmasa, o, ağı qaradan, pisi yaxşıdan, cinayəti səhvdən, səhvi cinayətdən ayıra bilməz.

Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri

 

Azərbaycanın dövlət institutları sırasında özünəməxsus yeri və rolu olan təhlükəsizlik orqanlarımızın tarixini şərti olaraq üç dövrə  - cümhuriyyət, sovet və müstəqillik illərinə bölmək olar. Bu dövrlərin içərisində ilk təhlükəsizlik orqanının təşəkkülü, formalaşması və fəaliyyəti tarixi təhlil və tədqiqat baxımından daha az öyrənilməsinə baxmayaraq, milli yaddaşın ən mühüm tərkib hissələrindəndir.

Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdikdən sonra dövlətçiliyin təhlükəsizliyini təmin etmək, yəni onu daxili və xarici təhdidlərdən qorumaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün xüsusi xidmət orqanının yaradılmasına böyük ehtiyac var idi. Belə ki, o vaxtlar Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş denikinçilərin, bolşeviklərin, ermənilərin və sair qüvvələrin təxribat-pozuculuq fəaliyyətləri təhlükəsizlik orqanlarının yaradılmasının zəruriliyinin qaçılmaz olduğunu göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin qarşılaşdığı ciddi maliyyə imkansızlığı, kadr potensialının çatışmazlığı, daxili siyasi yekdilliyin olmaması, hər tərəfdən göstərilən hərbi təzyiqlər və sairə bu kimi çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti Müdafiə Nazirliyinin nəzdində xüsusi xidmət orqanlarının funksiyalarını həyata keçirən bir bölmə yaratdı.
Ordunun təlim-tərbiyəsini, döyüş hazırlığını, təsərrüfat və təminat qayğılarını daha da gücləndirmək məqsədi ilə 1919-cu il mart ayının 26-da Ərkani-hərb (Baş qərargah) təsis edildi. Daxili və xarici təxribatçılarla mübarizəni gücləndirmək məqsədi ilə 1919-cu il mart ayının 28-də hərbi nazir general Səməd bəy Mehmandarovun və Baş qərargah rəisi general Məmməd bəy Sulkeviçin birgə imzaladıqları 157 saylı əmrdə göstərilirdi ki, mart ayının 26-da Hərbi Nazirlikdə Baş Qərargahın Baş İdarəsi yaradılıb. Həmin idarənin strukturuna daxil olan şöbələrdən biri General-kvartirmeyster adlanırdı. Bu şöbəyə daxil idi: Əməliyyat-səfərbərlik, Nizami-hesabat, Kəşfiyyat və əks-kəşfiyyat bölmələri və Rabitə xidməti.
«Kəşfiyyat və əks-kəşfiyyat»ın Hərbi Nazirlikdə yalnız bir bölmə olaraq fəaliyyət göstərməsi, eləcə də bu sahə üzrə peşəkar mütəxəssislərin olduqca azlıq təşkil etməsi ictimai-siyasi həyatın bir çox sahələrində olduğu kimi əks-kəşfiyyat işini də genişləndirməyə və inkişaf etdirməyə nəinki imkan vermirdi, hətta mane olurdu. Hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il aprel ayının 2-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrinə məruzəsində qeyd edirdi ki, kəşfiyyat və əks-kəşfiyyatın əsas vəzifəsi «düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agenturalar yaratmaq, ölkənin daxilində isə casusluğa qarşı mübarizə aparmaqdan ibarətdir». Səməd bəy Mehmandarovun məruzəsindən və bölmənin adından da aydın olur ki, bu qurum öz üzərinə həm kəşfiyyat, həm də əks-kəşfiyyatın funksiyasını götürmüş və hər iki işi paralel aparmışdır. 
Gənc Azərbaycan dövlətinə təhdidlərin artdığı, müstəqilliyin təhlükə altında olduğu bir vaxtda kiçik bir qurumla böyük işlər görmək və ölkənin hərbi, ümumən dövlət təhlükəsizliyini təmin etmək olduqca çətin idi. Azərbaycanı işğal və ya özünə tabe etdirmək istəyən qüvvələrin, xüsusilə, general-mayor Anton Denikinin rəhbərlik etdiyi keçmiş çar ordusunun qalıqlarından formalaşmış silahlı birləşmələrin 1919-cu ilin aprel ayında Dağıstana və Gürcüstana hücumu Zaqafqaziya, eyni zamanda Azərbaycan üçün ciddi təhlükəli idi. Denikinçi zabitlər çar Rusiyasının mundirində Bakının küçələrini dolaşır, Denikinin xeyrinə təbliğat aparır, ağqvardiyaçıları müdafiə edən könüllü ordunun sıralarını genişləndirməyə çalışır, təxribat törətmək və hərbi sirləri öyrənmək məqsədilə yenicə yaranmaqda olan Azərbaycan ordusunun tərkibinə nüfuz edirdilər. Azərbaycanda belə şəxslərdən ibarət geniş casus şəbəkəsi qurmağa nail olan Denikin və onun tərəfdarları Bakıda gizli silah-sursat bazaları da yaradırdılar. Bu isə gərginliyi daha da artırırdı.
Əks-kəşfiyyat bölməsinin qarşısında duran əsas vəzifələrdən biri də hakimiyyətə can atan bol­şe­vizmlə mübarizə idi. Rusiyada bolşevik hökumətinin getdikcə güclənməsi onların Bakıda, Gəncədə, eləcə də Azərbaycanın digər bölgələrində dövlət əleyhinə fəallığını artırmışdı. Əks-kəşfiyyat bölməsinin vətənpərvər əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinə nüfuz etməyə çalışan bolşeviklərə qarşı mübarizəni gücləndirsələr də, həm kadr çatışmazlığı, həm də maddi-texniki təchizatın zəif olması bu işin öhdəsindən yetərincə gəlməyə imkan vermirdi. Bu barədə Səməd bəy Mehmandarov yazırdı: «Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir. Bolşevizmlə mübarizə ümumxalq işi olduğundan bir hərbi idarə onun öhdəsindən layiqincə gələ bilməz».
Göründüyü kimi, ölkədə ictimai-siyasi, hərbi vəziyyətin gərgin olduğu, xarici təhdid və təzyiqlərin, denikinçilərin, eyni zamanda erməni-daşnak və bolşevik qüvvələrinin Azərbaycanın əleyhinə fəaliyyətlərinin güclənməsi daha geniş səlahiyyətlərə və imkanlara malik təhlükəsizlik orqanının yaradılmasını aktuallaşdırırdı.  1919-cu il iyunun 9‑da tərkibinə Nazirlər Şurasının sədri, hərbi, xarici işlər, yollar və ədliyyə nazirləri daxil olmaqla Dövlət Müdafiə Komitəsinin təsis olunması barədə qərar qəbul edildi. Dövlət Müdafiə Komitəsi xüsusi səlahiyyətlərə malik olan bir orqan idi. Bu Komitə ölkədə ümumi hərbi səfərbərlik keçirmək, hərbi və müharibə vəziyyəti elan etmək, könüllü dəstələr yaratmaq, ölkənin təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələləri müzakirə və müvafiq qərarlar qəbul etmək, bu sahədə qarşıya qoyulmuş digər vəzifələrin çevik yerinə yetirilməsi məqsədilə yeni strukturlar yaratmaq və sair hüquqlara malik olan bir struktur idi.
Beləliklə, Azərbaycan par­la­menti 1919-cu il iyun ayının 11-də Dövlət Müdafiə Komitəsi yanında xüsusi xidmət orqanı olan - Əks­in­qilabla Mübarizə Təşkilatının (ƏMT) ya­ra­dıl­dı.
Vaxtilə ƏMT-nin rəisi işləmiş, lakin sonradan Türkiyəyə mühacirət etməyə məcbur olan Nağı bəy Şeyxzamanlı (1883-1967) İstanbulda 1964-cü ildə çap etdirdiyi «Azərbaycanın istiqlal mücadiləsinin xatirələri» kitabında bu təşkilatın yaradılmasının səbəblərini belə izah edirdi: «Əksinqilabla Mübarizə Təşkilatının yaradılmasına səbəb cümhuriyyətimizin ilk illərində çar generalı Denikinin mütəmadi olaraq bizi təhdid etməsi, tez-tez hüquqlarımızı zorlaması və müxtəlif hadisələr törətməsi olmuşdur. Ona görə də hökumətimiz Əksinqilabla Mübarizə Təşkilatının layihəsini hazırlayıb parlamentə təqdim etdi. Layihə məclisdə böyük səs çoxluğu ilə qəbul olundu».
ƏMT-nin fəaliyyət istiqamətləri müxtəlif sahələri əhatə etmiş və bu özünün hüquqi əsasını “Azərbaycan Respublikasının əks-kəşfiyyat xidmətinin məmurlarının hüquq və vəzifələri barədə Əsasnamə”də tapmışdır.
ƏMT-nin Əsasnaməsinə uyğun olaraq bu qurum tərəfindən Azərbaycan dövlətçiliyinə qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat aksiyaları keçirmək cəhdlərində, dövlət əhəmiyyətli obyektlərə, eləcə də hakimiyyətə qarşı silahlı müqavimət göstərməkdə, casusluqda və s. şübhəli bilinən şəxslərin həbsi zamanı yerli polis və əlaqədar orqanların nümayəndələri də dəvət olunurdu. ƏMT-nin başlıca vəzifələri əsasən bunlardan ibarət idi: dövlət quruluşunun devrilməsinə yönəlmiş, əhali arasında şifahi və ya mətbuat vasitəsi ilə dövlət əleyhinə təşviqat aparan şəxslərin, hökumətin fəaliyyəti və hərbi hissələrin əməliyyatlarına, milli təhlükəsizliyə dair yalan məlumat və şaiyələr yayan, əhalinin ayrı-ayrı təbəqələri arasında milli və digər zəmində münaqişələr yaradanların, hakimiyyət dairələrinin xüsusi icazəsi olmadan təşkil edilmiş, dövlət əleyhinə siyasi xarakter daşıyan hər cür toplantı və iclasların təşkilatçılarının, şübhəli şəxslərin ilkin həbs edilməsi, hər növ odlu silah, döyüş sursatı və partlayıcı maddələrin anbar və gizli saxlanma yerlərinin aşkar olunması və sair.
ƏMT-nin kadr tərkibi müxtəlif partiya və millətlərin nümayəndələrindən ibarət idi. Xidmətə qəbul zamanı namizədlər xüsusi yoxlamadan keçmədən, çox vaxt hər hansı bir şəxsin təqdimatı və ya zəmanəti ilə işə götürülürdü. Maraqlıdır ki, həmin dərkənarda konkret gün göstərilir və elə həmin vaxtda da namizəd işə qəbul olunurdu. Məsələn, işə qəbul edilməsi ilə əlaqədar Mirzəbaba Sadıqov adlı şəxs tərəfindən yazılmış xahişnamənin üzərində Nağı bəy Şeyxzamanlı belə bir dərkənar imzalamışdır: “1919-cu il sentyabrın 10-dan işə götürülsün. Mirzəbaba Sadıqov 10 sentyabr 1919-cu ildən Əksinqilabla Mübarizə Təşkilatının agenti təyin edilsin”.
ƏMT-nin əməliyyat heyəti ştata uyğun olaraq agent və baş agent vəzifələrindən ibarət idi. Fəaliyyət göstərdiyi 1919-cu il iyunun 11‑dən 1920-ci il martın 6‑dək olan dövrdə bu təşkilatda yüzdən çox əməkdaş çalışmışdı. Azərbaycanın təhlükəsizliyini müdafiə edən bu təşkilatda 6-7 millətin nümayəndəsi işləyirdi. Maraqlıdır ki, bunlar arasında erməni yox idi.
Dövlət Müdafiə Komitəsinin sədri Nəsib bəy Yusifbəylinin əmri ilə ƏMT-nin ilk rəisi parlamentin üzvü Məmmədbağır bəy Şeyxzamanlı (1880-1920), onun müavini isə “Hümmət” partiyasının üzvü Mirfəttah Musəvi təyin edilmişdilər. Lakin, M.Şeyxzamanlı parlamentin üzvü olaraq aqrar komissiyasında da fəaliyyət göstərdiyindən avqustun 20-də öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdi. Həmin tarixdən onun yerinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin olunmuşdu.
Denikinçilərin 1919-cu ilin payızında həm şimaldan, həm də Xəzər dənizindən ehtimal olunan hücumunun qarşısını almaq, Bakının müdafiəsini təşkil etmək üçün Dövlət Müdafiə Komitəsinin 1919-cu il sentyabrın 13-də keçirdiyi iclasda böyük əhəmiyyətə malik olan hərbi struktur - Bakı İstehkamat hissəsi (Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonu) yaradıldı. Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonunun rəisi vəzifəsinə general-mayor Murad Girey Tlexas təyin edildi. 1919-cu il oktyabrın 26-da ƏMT də Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonuna tabe edildi. Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonu və onun struktur bölmələri yalnız denikinçilərə deyil, eyni zamanda daşnak-bolşevik təcavüzünə qarşı da mübarizə aparırdı. General-mayor M.Tlexas 1920-ci il fevralın 28-də yazırdı ki, “siyasi mənsubiyyətindən asılı olmayaraq dövlət və ictimaiyyət üçün təhlükə yaradan bolşeviklərin şəhərdən çıxarılması məqsədilə qətiyyətli tədbirlər görülür”.
Erməni radikal siyasi təşkilatları, silahlı dəstələri və terrorçu daşnak qüvvələri Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə qarşı durmadan təxribatlar törətdiyindən xüsusi xidmət orqanları onlara qarşı fasiləsiz mübarizə aparırdı. Daşnaklar çirkin niyyətlərini həyata keçirmək və müstəqilliyini yenicə əldə etmiş gənc respublikada sabitliyi pozmaq üçün müxtəlif yerlərdə toplantılar keçirərək daim Azərbaycan əleyhinə təxribat və təbliğat-təşviqat işi aparırdılar. Ona görə də ermənilərin bu qurumları ƏMT-nin nəzarət etdiyi əsas obyektlər olmuşdur. Maraqlıdır ki, Denikin ordusunun Azərbaycana qarşı təxribatı ilə əlaqədar ƏMT tərəfindən saxlanılmış və həbs edilmiş şəxslərin əksəriyyəti ermənilər idi. Bunun üçün həbs edilənlərin siyahısına nəzər salmaq kifayətdir: Andrey Balayants, Danil Musaelyants, Ağacan Avakyants, Qriqori Babayants, Sərkis Melikyants, Georgi Melik-Qayakasov, David Abramyans, Soqomon Balayants, Sergey Arzumanyants, Petros Sarkisyants, Martiros Mirzoyants, Baqret Ohancanyan, İvan Avanesov, Mixail Ter-Zaxarov və başqaları... Erməni casusları bütün qüvvələrə işləyirdilər, əldə etdikləri məlumatları denikinçilərlə yanaşı, həm bolşeviklərə, həm də ingilislərə ötürürdülər.
Azərbaycan milli dövlətçiliyinə qarşı erməni-daşnak təxribatçı-terrorçu təşkilatları ilə bərabər daha bir təhlükə bolşeviklər idi. 1919-cu ilin sonlarından etibarən Bakıda bolşeviklərin Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyətləri daha da gücləndi. Nəsib bəy Yusifbəyli bolşevik təbliğatlarının qarşısını almaq üçün 1919-cu il noyabrın 23‑də bolşevik yönümlü nəşrlərin dayandırılmasına dair bütün mətbəələrdən iltizam alınması barədə göstəriş verərək bildirirdi ki, tapşırığı yerinə yetirməyən mətbəələr müsadirə ediləcək, sahibləri isə həbs olunacaqdır.
1920-ci ilin aprel işğalı ilə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Cəmi 23 aylıq mövcudluğuna son verdi. Bununla da, müsəlman Şərqində ilk demokratik respublika qurmağa nail olan hökumətin digər dövlət strukturları ilə yanaşı, Əksinqilabla Mübarizə Təşkilatı da fəaliyyətini dayandırmağa məcbur oldu. Azərbaycan Xalq Cümhuriyyətinin güc strukturlarını və burada fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyətini isə sovet totalitar rejimi öz repressiya məngənəsində məhv etdi.
Zaman baxımından qısa müddət ərzində fəaliyyət göstərməsinə rəğmən, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi uğrunda mübarizə aparan ilk təhlükəsizlik orqanlarımızın fəaliyyətini yuksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev demişdir: «Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc, müstəqil dövlətimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhvələrini vermişdir». 
Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının şəxsi heyəti öz kökünə, keşməkeşli və mübarizələrlə dolu tarixinə ehtiramla yanaşır, sələflərinin keçdiyi çətin və şanlı mübarizə yolunu inamla davam etdirirlər.
Maraqlıdır ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da, Azərbaycan Fövqəladə Komissiyasında, Xalq Daxili İşlər Komissarlığında, Dövlət Təhlükəsizliyi Nazirliyində və nəhayət Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyət göstərən yeni nəslin bir sıra nümayəndələri həmin mütərəqqi ənənələri inamla davam etdirmiş, öz xalqına, vətəninə sədaqətlə xidmət etmişdir. Xalqın içərisindən çıxmış və onun ağrıları ilə yaşayan bu insanlar repressiyanın baş alıb getdiyi dövrlərdə belə imkan daxilində hər vəchlə çalışmışlar ki, Azərbaycanın günahsız vətənpərvər övladlarını Sovet imperiyasının qaçılmaz ölüm və sürgünlərindən xilas etsinlər.
Bu da danılmaz həqiqətdir ki, o vaxtkı sovetlər rejiminin mərkəzi hakimiyyətinin əli ilə təhlükəsizlik orqanlarında düşünülmüş surətdə yerləşdirilmiş, hər cür dona girməyə qadir olan, tarixi düşmənçiliklərini unutmayaraq soyqırımı siyasəti aparan erməni daşnakları və bolşevik cəlladları xalqımızın minlərlə say-seçmə ovladlarına “xalq düşməni”, “vətən xaini” damğası vuraraq, görkəmli elm, sənət, mədəniyyət xadimlərini, bir sözlə, milli düşüncə və əxlaqın daşıyıcıları olan mütəfəkkir şəxsiyyətləri fiziki və mənəvi məhvə məruz qoymuşlar. Ulu öndər Heydər Əliyevin təbirincə desək, 1920-1950-ci illərin təhlükəsizlik orqanlarının fəaliyyəti bizim xüsusi xidmət orqanlarının tarixində silinməz qara ləkədir.
Ötən əsrin 50-ci illərinin ortalarından etibarən şəxsiyyətə pərəstişin – stalinizmin ifşası və bununla əlaqədar repressiv aksiyalara, eləcə də siyasi terrora məruz qalmış insanların bəraət alması təhlükəsizlik orqanlarının fəaliyyətinə də öz müsbət təsirini göstərdi. Məhz bu dövrdən etibarən respublikanın təhlükəsizlik orqanlarında yeni ab-hava yaranmağa başladı.            
Milli kadrlara belə bir ögey münasibət olduğu dövrdə xalqımızın dahi oğlu Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyətinə nəzər yetirdikdə görərik ki, öz yüksək intellektual səviyyəsinə, peşəkarlığına, işgüzarlığına, əməliyyat şəraitini qiymətləndirmək və təşkilatçılıq bacarığına görə həmkarlarından hər mənada seçilən bu böyük insan təhlükəsizlik orqanlarının milliləşdirilməsi sahəsində nə qədər böyük işlər görmüşdür. 1953-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinə rəis təyin olunan Heydər Əliyev göstərilən təzyiqlərə baxmayaraq, təhlükəsizlik orqanlarının yad ünsürlərdən təmizlənməsində, milliləşmə siyasətinin aparılmasında, azərbaycanlı kadrların irəli çəkilməsində böyük cəsarət, prinsipiallıq, qətiyyət və hünər göstərmişdir.
Məhz bu dövrdən başlayaraq, Azərbaycanda dövlət təhlükəsizliyi sistemində əhəmiyyətli işlər görülmüşdür. Gələcək müstəqil Azərbaycanın milli kadr potensialının formalaşmasında Ulu Öndərin böyük xidmətləri olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra ilk dəfə olaraq azərbaycanlının - Heydər Əliyevin təyin edilməsi, bu orqanların tarixində yeni bir səhifənin başlanğıcı idi. Məhz bu strukturda ilk azərbaycanlı general olan dahi şəxsiyyətin uzaqgörən və məqsədyönlü fəaliyyəti nəticəsində təhlükəsizlik orqanlarında milli kadrların hazırlanması və irəli çəkilməsinə geniş yer verildi.
Ötən əsrin 80-cı illərinin sonu 90-cı illərin əvvəllərində totalitar sovet rejiminin bilavasitə süqutuna, bu siyasi-coğrafi məkanda azadlıq mücadiləsini gücləndirərək digər respublikalara da müstəqillik və azadlıq ab-havasını gətirən Azərbaycan xalqı bədxah qonşularımız və onların havadarları tərəfindən hərbi təzyiqlərə və təcavüzə məruz qaldı. Torpaqlarımız uğrunda mübarizədə millətin qeyrətli oğul və qızları ölüm-dirim döyüşünə qalxaraq əsl fədakarlıq nümayiş etdirdilər. Vətən uğrunda müharibədə öndə gedənlərin sırasında digər hüquq mühafizə orqanlarının dəyərli və igid mübarizləri ilə yanaşı, təhlükəsizlik orqanlarının əməkdaşları da böyük şücaətlər göstərdi, qəhrəmanlıq dastanı yaratdılar. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən təhlükəsizlik orqanı əməkdaşları şəhidlik zirvəsinə yüksəldilər. Onlardan altı nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri ada layiq görüldü.
1991-ci ildə müstəqilliyini bərpa etdikdən və ölkəmizin suverenliyi dünya dövlətlərinin böyük əksəriyyəti tərəfindən tanındıqdan sonra Azərbaycan Respublikasına qarşı yönəlmiş təzyiqlər, daxili və xarici təhdidlər daha da gücləndi. Bütün bunlar Azərbaycanda onsuz da mürəkkəb olan ictimai-siyasi durumu daha da ağırlaşdırdı. Ölkədəki gərgin vəziyyət milli təhlükəsizlik sisteminin yenidən qurulması zərurətini doğurdu. Bu vəzifələri layiqincə yerinə yetirmək, eləcə də 70 il ərzində yalnız sovet imperiyasının mənafelərini güdən təhlükəsizlik sistemi prinsiplərindən imtina etmək, cəmiyyətdə formalaşmış mövcud stereotipləri dağıtmaq, əvəzində hər hansı bir dövlətdən idarə asılılığı olmayan, Azərbaycan xalqının maraqlarının təhlükəsizliyi keşiyində etibarlı dayanmaq iqtidarında olan milli təhlükəsizlik orqanını yaratmaq olduqca çox çətin, ciddi və həyati vacib bir məsələ idi.
Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 1991-ci il noyabr ayının 1-də Dövlət Təhlükəsizlik Komitəsinin əsasında Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. İlk növbədə bu qurumun qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti dəyişməli idi. Təhlükəsizlik orqanlarının qarşısında duran başlıca vəzifə Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə və elmi-texniki potensialına, həmçinin dövlət sirri təşkil edən məlumatların qorunmasına, xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınmasına, bir sözlə, xalqın mənafe və maraqlarını müdafiə və mühafizə etməyə yönəlmişdi. Lakin respublikaya səriştəsiz rəhbərlik, hökm sürən özbaşınalıq, xaos, hakimiyyətsizlik və digər dağıdıcı amillərlə əlaqədar 1991-1993-cü illərdə qarşıya qoyulmuş vəzifələri yüksək peşəkarlıqla həyata keçirmək, ölkə daxilində sabitliyi təmin etmək, eyni zamanda vaxtı ilə dağıdılmış, yararsız vəziyyətə salınmış sərhəd zolağında sərhədi qanunsuz keçən qaçaqmalçıların, təxribatçıların, pozucu qüvvələrin qarşısını yetərincə almaq mümkün olmurdu. Müstəqilliyimizin möhkəmləndirilməsinə mane olan qüvvələr Azərbaycanın təhlükəsizliyinin təminatına əngəl törətməyə, ölkədəki siyasi gərginliyi dərinləşdirməyə başladılar. Nəticədə müstəqilliyimizin taleyi artıq şübhə altına alındı.
Xalqımızın israrlı tələbi və təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan dahi şəxsiyyət Heydər Əliyev xüsusi xidmət orqanlarının qaşısında öz səlahiyyətlərinə daxil olan vəzifələri layiqincə yerinə yetirmək üçün peşəkar kadr potensialını formalaşdırmaq, strukturu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə hazırlamaq və həyata keçirmək üzrə prinsipləri və vəzifələri müəyyən etdi. Mövcud daxili və xarici təhdidlərə baxmayaraq, təhlükəsizlik orqanlarının əməkdaşları öz işlərini ümummilli lider Heydər Əliyevin tapşırıq və tövsiyyələri əsasında qurmağa və həyata keçirməyə çalışırdılar. Böyük inamla demək olar ki, Azərbaycan Respublikasının hüquq mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyətinin dirçəliş dövrü məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı, bu qurumların işinin yenidən təşkilinə və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda gündəlik nəzarəti, qayğısı və diqqəti ilə bağlı idi.
Ulu öndərin yürütdüyü müdrik siyasət sayəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu. Qonşu dövlətlərlə münasibətlər tənzimləndi, daxildəki pozucu, separatçı qüvvələrlə mübarizə gücləndi və onların qanunsuz fəaliyyətlərinin qarşısı qətiyyətlə alındı. Nəticədə, milli təhlükəsizliyin təminatı prosesi artıq sistemli, uzunmüddətli və fasiləsiz xarakter almağa başladı.
Sabitlik əldə edildikdən sonra Ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanları qarşısında yeni reallıqlardan irəli gələn vəzifələr qoyması ilə artıq qabaqlayıcı məlumatlar əsasında cinayətlərin hazırlıq, yaxud baş vermə ərəfəsində qarşısının alınmasına nail olundu. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik siyasətinin aparıcı istiqamətlərini işləyib hazırlaması, Azərbaycan xüsusi xidmət orqanları qarşısında duran taleyüklü vəzifələri müəyyənləşdirməsi, respublikanın digər dövlətlərlə təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq münasibətlərinin təşəkkülü yönümündə ardıcıl fəaliyyəti, Azərbaycanın təhlükəsizlik siyasətinin yaxın və uzaq perspektivi üçün konseptual müddəalarını açıqlaması tam məsuliyyətlə bunu deməyə əsas verir ki, müasir dövrdə Azərbaycanın təhlükəsizlik strategiyası dahi rəhbərin adı ilə sıx bağlıdır. Dünya şöhrətli siyasətçi Heydər Əliyev nəinki bu strategiyanı formalaşdırmış, eyni zamanda, onun əməli surətdə həyata keçirilməsi üçün konkret istiqamətləri dəqiq müəyyənləşdirmişdir.
Bu gün Ulu Öndərin siyasi xəttini inamla və uğurla davam etdirən, müstəqilliyimizi əzmlə möhkəmləndirən, demokratik prinsiplərə söykənərək sivil, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək, etibarlı və təhlükəsiz gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradılmışdır.
Məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm təşkilati-əməli islahatların həyata keçirilməsi, zəruri hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər planı işlənib hazırlanmışdır. “Milli təhlükəsizlik haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında”, “Dövlət  sirri haqqında” Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının və sair qanunvericilik aktların, normativ-hüquqi sənədlərin qəbulu təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərinin qanunvericilik bazasının təkmilləşdirilməsinin göstəriciləridir.
Çağdaş dönəmdə qlobal təhlükəsizlik arxitekturasının, beynəlxalq nizamın ciddi təzyiq və təsirlərə məruz qaldığı, regional əmin-amanlığa təhdidlərin artdığı bir dövrdə dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması və möhkəmləndirilməsi işinin daha da yüksəldilməsi təhlükəsizlik orqanlarının da fəaliyyətinin daim təkmilləşdirilməsini, müasir çağırışlara cavab verən adekvat bir xüsusi xidmətə çevrilməsini zəruri edir.
Dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərman ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılmışdır.
Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində üzərinə mühüm vəzifələr düşən Dövlət Təhlükəsizliyi Xidməti qarşıya qoyulmuş vəzifələri həyata keçirən şəxsi heyətin saflığına, Vətənə, xalqa və dövlətə sədaqətinə, eyni zamanda peşə, fiziki və döyüş hazırlığına xüsusi önəm verir. İndi yüksək peşəkarlıq və intellektual səviyyə, ciddi xidmət və icra intizamı başlıca meyarlardır.
Ona görə də ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Heydər Əliyev ənənələrinin, amallarının yaşadılması Azərbaycanın təhlükəsizlik strukturunun ən başlıca uğuru və hazırda fəaliyyətinin vacib prinsipidir. Onların ən əsasları Azərbaycanda sabitliyin, dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyinin qorunması, Ermənistanın işğal etdiyi ərazilərin azad olunması, Azərbaycan Respublikasının hərtərəfli inkişaf etdirilməsidir. Azərbaycanın təhlükəsizlik orqanlarının hər bir əməkdaşı üçün Heydər Əliyev ideyalarını həyata keçirib yaşatmaq, milli maraqların, dövlətçiliyin və müstəqilliyin təhlükəsizliyi keşiyində daim ayıq-sayıq dayanmaq şərəfdir. “Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanları o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun” – deyən Ulu Öndərimizin bu fikrini faəliyyətinin əsas devizi kimi qəbul edərək, iş üslub və metodlarının daim təkmilləşdirilməsi, qabaqlayıcı məlumatlar əsasında cinayətlərin hazırlıq, yaxud baş vermə ərəfəsində qarşısının alınmasına nail olunması Dövlət Təhlükəsizliyi Xidmətinin başlıca məqsədidir.
Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyət istiqamətlərinin genişliyi, milli maraqların, eləcə də dövlətçiliyin möhkəmləndirilməsində tutduğu prinsipial mövqe və həyata keçirdiyi tədbirlər onun struktur bölmələrinin də təkmilləşdirilməsi ilə müşayiət olunur. Sevindirici haldır ki, möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə, ölkə əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə qarşı mübarizənin səmərəli və peşəkarlıqla aparılması, ümumən vətəndaşın, cəmiyyətin və dövlətin həyati mənafelərinin etibarlı təminatı üçün günün tələblərinə uyğun yeni fəaliyyət istiqamətlərinin və vəzifələrin müəyyən edilməsi, normativ hüquqi və maddi-texniki bazanın təkmilləşdirilməsi, peşəkar kadr özəyinin formalaşdırılması və möhkəmləndirilməsi, şəxsi heyətin əməliyyat-döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi sahəsində Dövlət Təhlükəsizliyi Xidmətində bütün imkanlar səfərbər edilmiş və ciddi islahatlar həyata keçirilir.
Dünyada qloballaşma və mürəkkəb siyasi proseslərin getdiyi bir zamanda olduqca həssas regionumuzda sözün əsl mənasında müstəqilliyinin 28-ci ilini ləyaqətlə yaşayan Azərbaycan Respublikasının başlıca təməl prinsipləri olan hüquqi, demokratik, dünyəvi, konstitusion dövlət quruluşunun qorunması üzrə vəzifələrin məsuliyyətini Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dərindən dərk edir.
Bu vəzifələrin yerinə yetirilməsi, mart ayının 28-də Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyini və peşə bayramını qeyd edəcək Dövlət Təhlükəsizliyi Xidmətinin hər bir əməkdaşından Vətənə Heydər Əliyev bağlılığı, yüksək peşəkarlıq, xidməti borca sədaqət, hədsiz fədakarlıq kimi keyfiyyətlər tələb edir.
Əminik ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi etimadı və etibarı layiqincə doğrultmaq, müstəqil dövlətimizin, onun hər bir vətəndaşının maraqlarının və mənafelərinin, təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələri bundan sonra da şərəflə və əzmlə yerinə yetirəcəkdir.

Cəlal QASIMOV,
Əməkdar müəllim,
DTX-nin Heydər Əliyev adına Akademiyasının
professoru, filologiya elmləri doktoru