Prezident İlham Əliyev: Azərbaycan öz yolu ilə uğurla gedir və qarşıda duran bütün vəzifələri icra edir

13 dekabr 2018-ci il

15:00

Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış etdi.


Prezident İlham Əliyevin çıxışı
- Əziz dostlar, 2018-ci il sona yaxınlaşır. Hər il idmançılarla görüş zamanı biz ilin idman yekunlarını müzakirə edirik, gələcək planlar haqqında danışırıq. 2018-ci il ölkəmiz üçün çox uğurlu il olmuşdur. Bütün sahələrdə, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə etmişdir.
Dünyada isə bildiyiniz kimi, 2018-ci ildə bir çox təhlükəli proseslər getmişdir və demək olar ki, beynəlxalq vəziyyət daha da gərginləşmişdir. Qanlı toqquşmalar, müharibələr, etiraz aksiyaları və digər hadisələr demək olar ki, 2018-ci ilin mənzərəsini əks etdirir.


Azərbaycanda isə sabitlik, təhlükəsizlik təmin edilmişdir. Azərbaycan öz yolu ilə uğurla gedir və qarşıda duran bütün vəzifələri icra edir. Əlbəttə, biz dünyada gedən prosesləri izləyirik. Biz bu proseslərə biganə qala bilmərik. Çünki həm Avropada, həm bizim regionumuzda, Yaxın Şərqdə gedən proseslər narahatlıq doğurur.

Bildiyiniz kimi, bu il Ermənistanda çox ciddi dəyişikliklər baş vermişdir. İyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejimi çökdü və bizim dediyimizi indi erməni xalqı deyir. Kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə tam uyğundur. Onu da deməliyəm ki, bizim ardıcıl, məqsədyönlü siyasətimiz kriminal xunta rejiminin çökməsində öz rolunu oynamışdır. Çünki bizim siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki, bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və buna nail olduq.
Bizim təşəbbüsümüzlə reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan yan keçir. Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib. Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik. Yəni, bütün bu və başqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı bu ağır vəziyyətə salmışdır.

davamını oxu...

Prezident.az