Cəbhə xəbərləri: Ermənistan ordusunun mülki azərbaycanlılara qarşı silahlı təxribatları davam edir

05 aprel 2016-cı il

Ermənilərin son günlər Tərtər rayonunu top atəşinə tutması nəticəsində 160 evə ziyan dəyib. Zədələnən evlərin bir çoxu tamamilə yararsız hala düşüb. Bir neçə saat əvvəl isə Həsənqaya kəndində mərmi partlayışı 2000-ci il təvəllüdlü Turanə Həsənlinin həyatına son qoyub.

Bu gün səhər saatlarında erməni hərbçiləri Həsənqaya kəndini top atəşinə tutub və ağır qəlpə yaraları alan 16 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Ermənistan ordusunun təxribatı nəticəsində cəbhə xəttində başlayan gərginlik müddətində Tərtərdə 3 mülki şəxs həlak olub, 6 sakin yaralanıb. Rayon mərkəzi, ətraf kəndlər daim ermənilərin atəş hədəfindədir.

Buna baxmayaraq, sakinlər evlərini tərk etmək barədə düşünmür, Azərbaycan ordusunun cəbhə xəttində uğurlarını izləyir və qələbəyə tam arxayın olduqlarını bildirirlər.