DTX-nin hərbi hissəsində cüdo idman növü üzrə master-klass keçirilmişdir

18 iyul 2018-ci il

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi hissəsində hərbi qulluqçuların, o cümlədən əsgərlərin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılmışdır. Hərbi hissədə xidməti-döyüş fəaliyyəti müvafiq qanunvericiliyin, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Nizamnamələrinin tələbləri əsasında təşkil olunur, hərbi qulluqçulara nəzəri-praktiki, sıra və fiziki hazırlıq dərsləri keçirilir, ümumən şəxsi heyətin peşəkarlıq vərdişləri real döyüş şəraitinə uyğunlaşdırılır.
Həmçinin əsgərlər idmanın müxtəlif növləri üzrə məşğələlərdə hazırlaşır və DTX-nin struktur bölmələri arasında keçirilən yarışlarda müvəffəqiyyətlə iştirak edirlər.
Dövlət Təhlükəsizliyi Xidmətinın rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant, cüdo üzrə idman ustası Mədət Quliyev və DTX-nin məsul əməkdaşı, Olimpiya çempionu, beynəlxalq dərəcəli idman ustası Elnur Məmmədli hərbi hissənin idman kompleksində cüdo idman növü üzrə əsgərlər üçün növbəti master-klass keçirmişlər.