Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatı

12 iyul 2018-ci il

İyulun 12-də Azərbaycan Respublikasının Baş prokuroru I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov, daxili işlər naziri general-polkovnik Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev Gəncə şəhərinə gedərək orada baş vermiş məlum hadisələrlə əlaqədar yaradılmış istintaq-əməliyyat qrupunun rəhbərliyi və üzvləri ilə geniş müşavirə keçirmiş, görülən işlər barədə hesabatlarını dinləmişlər. 
Məruzə olunmuşdur ki, həmin qanlı cinayəti törədənlərdən 9 nəfəri tutularaq barələrində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilmişdir.
Dövlət orqanlarının rəhbərləri cinayətin digər iştirakçılarının da tapılıb-tutulması üçün istintaq hərəkətlərinin intensivliyinin artırılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi ilə bağlı əlavə tapşırıqlar vermişlər. 
Müşavirədən sonra Baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev iyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi kobud şəkildə pozmasının qarşısını alarkən şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun yas mərasimlərində iştirak etmişlər. Onlar, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, polis əməkdaşlarının ailələrinə və yaxınlarına Dövlət Başçısının başsağlığını çatdırmış, kədərlərinə şərik olmuşlar.