Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatı

10 iyul 2018-ci il

2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərmişlər.     
Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstərmişlər.  
Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilmiş, qalanları qaçaraq ərazini tərk etmişlər. 
Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilmişdir.  
Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olmuşlar.  
Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3, 228.4 və 315.2-ci maddələri ilə cinayət işi başlanılıb. 
Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Görülən işlərin gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.   

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi və şəxsi heyəti Gəncə şəhərində qanunsuz hərəkətlərin qarşısının alınması zamanı Daxili İşlər Nazirliyinin zabitlərinin xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına həlak olmasından kədərləndiklərini bildirir və şəhid polis zabitlərinin ailələrinə dərin hüznlə başsağlığı verirlər.

*****

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin məlumatı

11 iyul 2018-ci il

Xəbər verildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olmuşdur. Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilmiş, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur. 
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilmiş və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.


Rəşad Məmmədəli oğlu Böyükkişiyev


Fərrux Xəqani oğlu Qasımov

Eyni zamanda, fotoşəkilləri təqdim edilmiş həmin şəxslərin gizləndikləri yeri bilən vətəndaşlarımızdan bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə, habelə Bakı şəhərində (012) 590-93-31; (012) 590-94-31;  (012) 492-73-96, Gəncə şəhərində (012) 590-61-14; (012) 590-61-15; 256-07-73; 256-75-09 telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur.