Vətən Sizinlə qürur duyur!..

05 aprel 2016-cı il

Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. O, elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf adlanan heç nə yoxdur. 
Müxtəlif məqamlarda bizi düşündürən, narahat edən, ağladan, sevindirən, mənəviyyatımıza yeni çalarlar qatan, bəzən də bizi sərtləşdirən hadisələrlə rastlaşırıq və bu, bizim həyat yolumuzun, ömrümüzün mənasını, mahiyyətini təşkil edir. Sözsüz ki, bu olaylar, bu hadisələr içərisində bizi daha çox düşündürən, mübariz edən dərdlərimiz, acı kədərimiz, bir də qəhrəmanlıqlarımız olur.

Anadan igid doğulan Vətən oğulları...

Döyüş bölgəsi... Bu iki kəlmə özündə müharibə alovunu, odsaçan mərmilərin nişangah olduğu yerləri ehtiva edir. İnsana şəhid qanı ilə suvarılan bu torpağa tuşlanan hər bir mərminin, güllənin bir ürəkdən keçə biləcəyini, bir nəfəsi susdura biləcəyini diktə edir.
Hər gün atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı birləşmələrinin aprelin 1-də ordumuzun mövqelərini və sərhədyanı kəndlərimizi dayanmadan atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini işğalçıya cavab vermək məcburiyyətində qoydu. Düşmənə layiqli cavab verildi və erməni əsgərləri hətta öz mövqelərini belə tərk etmək məcburiyyətində qaldılar.
Bir günlük müharibədə hər iki tərəfdən itkilər oldu. Ermənilərin yüzlərlə əsgəri işğal olunmuş Azərbaycan torpaqlarında can verdi. Azərbaycan Ordusu isə 12 igid oğlunu itirdi. Bu oğullar öz torpaqlarında Vətən üçün döyüşərək qəhrəmancasına həlak oldular. Cəbhə bölgəsində 12 hərbçimizin şəhid olması xəbəri qəlbimizi göynətdi. Sözsüz ki, Vətən oğullarının şəhid olması xəbərini eşidənlərin, kədər hissi ilə onları ananların heç də hamısı şəhidlərimizi şəxsən tanımır. Ancaq bu kədəri duyan hər kəs bildi ki, özünü zaman və bəşəriyyət qarşısında məsul sayan, ətrafında baş verən hadisələrə cavabdehlik hissi ilə, səfərbərliklə cavab verən bu qəhrəman Vətən oğulları anadan igid doğulublarmış. Qeyd etdiyimiz kimi, qəhrəmanlıq heç də təsadüflərlə bağlı olmur.
Bu hadisə də bir daha sübut etdi ki, xalqa, dövlətə sədaqətlə xidmət edən Azərbaycan oğulları Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazırdırlar. Tarix boyu həmişə şərəfli ölümlə fəxr etmişik, ömrümüz boyu belə ölümlərə can atmışıq. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da, yaşamaq haqqını itirməyib.

Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur

Torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.
Hər birimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını belə qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Çünki torpaqlarımızın bütövlüyü, ərazilərimizin toxunulmazlığı uğrunda canlarından keçən bu Vətən övladları sonsuz ehtirama, sevgi və məhəbbətə layiqdirlər.

Yoldaşlarını xilas etmək üçün qumbaranın üstünə atıldı

Qeyd etdiyimiz kimi, aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin 12 hərbçisi həlak oldu. Qəhrəmancasına həlak olan həbcilərimizin nəşi doğulduqları torpaqlarda dəfn edildi. Şiddətli döyüşlərdə şəhid olanlardan biri Elnur Adil oğlu Əliyevdir. Mayor E.Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə yoldaşlarını xilas etmək üçün özünü erməninin tulladığı qumbaranın üstünə ataraq qəhrəmancasına şəhid olub.
Elnur Əliyev aprelin 3-də Füzuli rayonunda dəfn olunub. Dəfn mərasimində onun hərbçi yoldaşları və rayon rəhbərliyi iştirak edib. Qeyd edək ki, Elnur Əliyev Füzulinin Dədəli kəndindəndir, ailəlidir.

Hərbi xidməti bitirsə də, ordudan ayrılmadı...

Aprelin 2-ə keçən gecə cəbhənin Füzuli istiqamətində erməni hücumunun qarşısını alarkən şəhid olan 22 yaşlı Ruhin Qəhrəmanov Biləsuvar rayonu ərazisində cəbrayıllı məcburi köçkünlər üçün salınmış 3 nömrəli qəsəbə qəbiristanlığında dəfn edilib.
Dəfn mərasimində Cəbrayıl və Xocavənd Rayon İcra Hakimiyyətinin təmsilçiləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandirləri, əsgər yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Cəbrayıl rayonunun Xudaverdilər kəndindən məcburi köçkün olan Ruhin Qəhrəmanov ailənin 5 övladından ikincisi olub. Bir ildən çox idi ki, müddətdən artıq hərbi xidmət edirdi.

Xidmətinin 9 ayında şəhidlik zirvəsinə ucaldı

Cəbhədə gedən döyüşlərdə şəhid olan əsgər Orxan Əliyev isə doğulduğu Qazax rayonunun Aslanbəyli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin hərbçi yoldaşları iştirak ediblər.
Böyük insan izdihamı ilə son mənzilə yola salınan 20 yaşlı Orxan Əliyev 9 ay əvvəl hərbi xidmətə çağırılmışdı. Yaxınları ailənin ikinci övladı olan Orxanı hər zaman vətənsevər, mərd, cəsur bir gənc kimi tanıdıqlarını bildiriblər.
Mərasimdə çıxış edən hərbçilər də şəhidlik zirvəsinə ucalan əsgərin döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyini diqqətə çatdırıblar. Şəhid əsgər yaylım atəşləri altında kənd qəbiristanlığında dəfn edilib. Tabut üzərindəki üçrəngli Azərbaycan Bayrağı əbədi xatirə kimi saxlanılmaq üçün şəhidin atası Məmməd Əliyevə təqdim edilib.

Magistraturaya qəbul olunub hərbi xidmətə yollandı...

Mənfur erməni silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində həlak olan hərbi qulluqçularımızdan biri Şamaxının Çuxuryurd kəndindən olan əsgər Samir Kaçayevdir. Şəhid əsgər Samir Kaçayev aprelin 3-də Məlhəm qəbiristanlığında torpağa tapşırılıb.
Samir Ziyəddin oğlu Kaçayev 1994-cü ilin mart ayının 3-də dünyaya gəlib. Ailədə bir bacı, bir qardaş olublar. Ötən il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib və heykəltəraş ixtisasına yiyələnib. Magistraturaya qəbul olunan Samir hərbi xidmətə gedib. Ermənistan silahlı qüvvələrinin təxribatı zamanı - aprelin 1-dən 2-nə keçən gecə qulluq etdiyi Tərtər rayonundakı “N” saylı hərbi hissədə şəhid olub. Şəhid əsgərimizin izdihamlı dəfn mərasimi keçirilib. Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları mərasimdə iştirak ediblər.
Dəfn mərasimində çıxış edənlər bildiriblər ki, artıq Azərbaycan Ordusunun mənfur düşmənə tutarlı cavab vermək vaxtı çatıb. Şübhə yoxdur ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, ordumuzun qüdrəti düşməni layiq olduğu yerdə oturdacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Vətən sevgisi, şəhidlik zirvəsi...

Aprelin 2-nə keçən gecə erməni silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan Zaqatala rayonunun Muxax kənd sakini 19 yaşlı Rəvan Nurayev aprelin 3-də doğulduğu kənddə torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Zaqatala Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Dəfn mərasimində çıxış edənlər torpaqlarımızı mənfur düşməndən azad etməyə hər an hazır olduqlarını, Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədiklərini bildiriblər.

Şəhid şəhərin şəhid övladı...

Cəbhənin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısı alınarkən şəhid olan Xocalı şəhərindən məcburi köçkün, Ağdam rayonu Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ballar kəndində məskunlaşmış Mehralıyev Sarvan Natiq oğlu aprelin 3-də son mənzilə yola salınıb.
Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Ağdam və Xocalı rayon icra hakimiyyətlərinin nümayəndələrinin, Milli Məclisin deputatı Elman Məmmədovun da iştirak etdiyi vida mərasimində çıxış edənlər Silahlı Qüvvələrimizin şəhid olan hərbi qulluqçularına Allahdan rəhmət diləyib, cəbhə boyu mövqelərimizin və yaşayış məntəqələrinin atəşə tutulmasından, düşmənə verilən layiqli cavabdan söz açıblar. Bildirilib ki, Azərbaycan Ordusunun qısa müddətdə həyata keçirdiyi əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsi düşməndən azad olunub. Döyüşlərdə ermənilərə məxsus xeyli hərbi texnika və canlı qüvvə məhv edilib.
Çıxışlarda ağdamlıların şəhidlərimizin intiqamını almaq, işğal altındakı torpaqlarımızı azad etmək uğrunda Ali Baş Komandanın əmrinə hər an hazır olduqları bildirilib.
Şəhidin cənazəsi izdihamın müşayiəti ilə kənd qəbiristanlığında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Şəhidin tabutu üzərinə çəkilmiş üçrəngli Azərbaycan Bayrağı ailəsinə təqdim edilib.

Vətənə xidmət hər bir övladın borcudur

Aprelin 2-də qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşdə şəhid olan “N” saylı hərbi hissənin giziri İsgəndərov Nicat Bəhruz oğlu aprelin 3-də doğulduğu Tərtər şəhərində dəfn edilib.
Dəfn mərasimində şəhidin doğmaları, Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, “N” saylı hərbi hissənin, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Vida mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və digərləri çıxış edərək, şəhidin ailəsinə dərin hüznlə başsağlığı veriblər. Mərasimdə Azərbaycan əsgərlərinin Vətənin müdafiəsindəki şücaətindən bəhs olunub, şəhidlərin ruhlarına dualar oxunub.
Şəhidin atası Bəhruz İsgəndərov Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib.

Üçrəngli bayrağa bürünüb dəfn olunmaq hər insana nəsib olmur

Erməni silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun giziri 1986-cı il təvəllüdlü Novruzov Ravil Elman oğlu da torpağa tapşırılıb.
O, doğulduğu Xızı rayonunun Giləzi qəsəbəsində dəfn olunub. Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xızı Rayon İcra Hakimiyyətinin rəsmiləri, döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Mərasimə qatılanlar Ravilin vətənpərvər övlad olmasından, doğma vətəni Azərbaycana sevgisindən danışıblar. Şəhidin atası Elman Novruzov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini bildirib.
Şəhid Ravil Novruzov torpağa tapşırıldıqdan sonra onun atasına Azərbaycan Bayrağı təqdim edilib.

Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq

Aprelin 2-nə keçən gecə cəbhənin Tərtər istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olan Milli Ordumuzun 22 yaşlı əsgəri Elmdar Səlimxan oğlu Səfərovun üçrəngli bayrağa bürünmüş cənazəsi aprelin 3-də axşam saatlarında böyüyüb boya-başa çatdığı Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə gətirilib. Aprelin 4-də şəhid doğulduğu kənddə dəfn olunub.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər mərhumun ailə üzvləri və yaxınlarına dərin hüznlə başsağlığı verib, Elmdar Səfərovun keçdiyi döyüş yolundan danışıblar. Bildirilib ki, Vətən yolunda canından keçən Elmdar kimi Azərbaycan oğlanlarının xatirəsi qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaq.

Rəşad Baxşəliyev,
"Azərbaycan"