Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilmişdir

14 iyun 2018-ci il

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününün 25-ci ildönümü münasibətilə “Qurtuluşun zəfər günü” mövzusunda konfrans keçirilmişdir.


Tədbirdə Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə, DTX-nin məsul əməkdaşları, Akademiyanın professor-müəllim heyəti və kursantları iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə əklil qoymuşlar.
Akademiyanın akt zalında davam edən konfransda Ulu Öndərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla anılmış, dövlət himni səsləndirilmişdir.
Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə məruzə ilə çıxış edən natiqlər bu günün xalqın milli yaddaşına qızıl hərflərlə yazıldığını qeyd etmiş, 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin bir şəraitdə yenicə əldə olunmuş dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycanın dövlətçilik ənənələrinin yenidən bərpa olunmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışlar.
Qeyd olunmuşdur ki, Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbərin öz xalqının israrlı və təkidli tələbləri ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində həqiqətən də dönüş nöqtəsi, qurtuluş anı olmuşdur. Həmin gündən etibarən Ulu Öndər Heydər Əliyevin misilsiz və ölçüyəgəlməz xidmətləri sayəsində Azərbaycan hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoymuş, respublikamız beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Bildirilmişdir ki, qədirbilən Azərbaycan xalqı dahi şəxsiyyət Heydər Əliyevi hədsiz məhəbbətlə sevir və onun xatirəsini daim uca tutur. Nə qədər ki, müstəqil Azərbaycan var, Heydər Əliyev də var olacaqdır. Azərbaycanın müstəqilliyi isə Ümummilli Liderin sözləri ilə desək “əbədi, daimi və dönməzdir”.
Diqqətə çatdırılmışdır ki, milli qurtuluşunu əldə etmiş müasir Azərbaycan Respublikası inamla inkişaf edir, yeni-yeni möhtəşəm nailiyyətlərə imza atır, durmadan uğurlara doğru irəliləyir. Bu yol dahi rəhbər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq, tərəqqi və inkişaf yoludur.
Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, möhtərəm Prezident cənab İlham Əliyevin müdrik, xalqımızın maraqlarını, tərəqqisini və təhlükəsizliyini etibarlı təmin edən uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, etibarlı tərəfdaş və sabit ölkə kimi respublikamızın nüfuzu durmadan artır.
Konfransda vurğulanmışdır ki, bu gün Dövlətimizin başçısı tərəfindən Ulu Öndərin Azərbaycanın qüdrətlənməsi istiqamətində başladığı nəhəng işlər, möhtəşəm layihələr, eləcə də dayanıqlı sabitliyin, milli həmrəyliyin və xalq-iqtidar birliyinin möhkəmləndirilməsi üzrə siyasi xətt böyük uğurla həyata keçirilir. Azərbaycan artıq regionda lider dövlətə çevrilmişdir. Bütün bunlar, Heydər Əliyev amallarının və ideallarının parlaq təntənəsi və zəfəridir.
Sonra İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi “Ulu Öndər Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində “Qurtuluş dastanı” tamaşası ilə çıxış etmişdir. Səhnə əsərində Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva, Naxçıvan və Bakı dövrlərini əhatə edən müxtəlif məqamlara müraciət olunmuşdur. Uğurla nümayiş olunan tamaşa alqışlarla qarşılanmış, teatrın yaradıcı kollektivinə diplom təqdim edilmişdir.