Dövlət Təhlükəsizliyi Xidmətində “Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk demokratik dövlətidir” mövzusunda konfrans keçirilib

26 may 2018-ci il

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Tədbirdə Azərbaycanın Milli qəhrəmanları, təhlükəsizlik orqanlarının veteranları, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məsul əməkdaşları, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının və AMEA Qafqazşünaslıq İnstitutunun alimləri, DTX-nin Heydər Əliyev adına Akademiyasının professor-müəllim heyəti və kursantları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə əklil qoyublar.


Akademiyanın akt zalında davam edən konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamının bir daha oxunması ilə başlanıb.
Sonra Ulu Öndərin, Azərbaycan Xalq Cümhuriyyətinin, müasir Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Konfransda çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsində beynəlxalq aləmdə və regionda baş verən proseslərdən danışaraq bildiriblər ki, müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ümumbəşəri təşəkkülə, mədəniyyətə və tərəqqiyə əvəzsiz töhfələr vermiş xalqımızın çoxəsrlik və zəngin tarixinin ən şanlı və parlaq səhifələrindəndir.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyinə qarşı daşnak hökumətinin cinayətkar fəaliyyəti. 1919-1920-ci illər”, AMEA Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Qasım Hacıyev “Azərbaycan Xalq Cümhuriyyətinin əleyhinə daşnak-bolşevik qüvvələrinin dağıdıcı fəaliyyəti və Xalq Cümhuriyyətinin qurucularına erməni terrorçu təşkilatlarının törətdikləri sui-qəsdlər”, DTX-nin Heydər Əliyev adına Akademiyasının məsul əməkdaşı, filologiya üzrə elmlər doktoru, professor Cəlal Qasımov “Azərbaycan Xalq Cümhuriyyətinin ilk təhlükəsizlik orqanları: tarix və müasirlik” mövzularında məruzələri dinlənilib. Natiqlər ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində müstəqillik, xarici siyasət, müdafiə, təhlükəsizlik və dövlət quruculuğunun digər həyati əhəmiyyətli sahələrində uğurla həyata keçirdiyi misilsiz işlər, eləcə də gənc respublikaya qarşı mənfur düşmənlər tərəfindən bütün istiqamətlərdə aparılan aramsız terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətləri barədə ilk dəfə ictimaiyyət üçün səsləndirilən faktlar əsasında geniş məruzələr ediblər.
Diqqətə çatdırılıb ki, xalqımızın qədim və zəngin dövlətçilik ənənələrinin yaşadılmasına, tarixi irs-varislik prinsiplərinə hər zaman böyük önəm verən ulu öndər Heydər Əliyevin minilliklərin burulğanından şərəflə keçərək günümüzə yetişən mədəni-mənəvi dəyərlərə, azərbaycançılıq məfkurəsinə, müstəqillik ideallarına dərindən bağlılığı sayəsində milli yaddaşda xüsusi yeri olan Azərbaycan Xalq Cümhuriyyəti dövrü özünün əsl qiy