Xüsusi təyinatlı ali hərbi məktəblərin kursantlarının birinci ümumrespublika konfransı keçirilib

07 may 2018-ci il

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə mayın 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət mərkəzində “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda Azərbaycan Respublikasının xüsusi təyinatlı ali hərbi məktəblərinin kursantlarının birinci ümumrespublika konfransı keçirilib.
Konfransda səkkiz xüsusi təyinatlı ali təhsil müəssisəsinin – Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Müdafiə Nazirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbinin, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Daxili Qoşunların Ali Hərbi Məktəbinin, Fövqəladə Hallar Nazirliyi Akademiyasının, Dövlət Gömrük Komitəsi Akademiyasının və Dövlət Sərhəd Xidməti Akademiyasının rəhbər heyəti və kursantları, həmçinin respublikanın tanınmış alimləri, hərbi təhsil və elm müəssisələrində Heydər Əliyev irsini araşdıran tədqiqatçılar və mütəxəssislər, DTX-nin məsul əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları iştirak ediblər.
Konfransın məqsədi Azərbaycanın hərtərəfli tərəqqisi yolunda ölçüyəgəlməz tarixi xidmətlər göstərmiş, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr vermiş ümummilli lider Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunəsinin və peşəkarlıq irsinin gənc nəslə aşılanması və öyrədilməsidir.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək Mərkəzin foyesindəki abidəsi önünə əklil qoyub və gül dəstələri düzüblər.
Sonra iştirakçılar DTX-nin Heydər Əliyev adına Akademiyası tərəfindən çap etdirilən kitablardan ibarət sərgi ilə tanış olublar.
Daha sonra ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Birinci ümumrespublika konfransının plenar iclasında çıxış edən Birinci ümumrespublika konfransının plenar iclasında çıxış edən DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinin icraçısı, general-leytenant Əli Şəfiyev ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışaraq, dahi şəxsiyyətin istər xüsusi xidmət orqanlarında, istərsə də ali dövlətçilik fəaliyyətində keçdiyi şərəfli xidmət yolunun daim öyrənildiyini diqqətə çatdırıb. Bu baxımdan, Azərbaycan Respublikasının xüsusi təyinatlı ali hərbi məktəblərinin kursantlarının birinci ümumrespublika konfransının keçirilməsinin önəmi xüsusi vurğulanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin öyrənilməsi üçün genişmiqyaslı araşdırmaların və tədqiqatların aparıldığını qeyd edib. O, AMEA-nın Tarix İnstitutunda fəaliyyətə başlayan Əliyevşünaslıq Elmi-Tədqiqat Mərkəzi tərəfindən dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi üçün sanballı elmi araşdırmaların aparıldığını və müxtəlif nəşrlərin hazırlanıb çap edildiyini bildirib. Ümummilli lider Heydər Əliyevin dünya tarixində misilsiz iz qoymuş görkəmli şəxsiyyətlər, o cümlədən Otto fon Bismark, Mustafa Kamal Atatürk, Cəvahirləl Nehru, Şarl de Qoll ilə müqayisə olunduğunu diqqətə çatdıran alim deyib ki, Ulu Öndər dünyanın altıdabirinə nəzarət edən SSRİ kimi nəhəng dövlətin rəhbərliyinə sırf uzaqgörən zəkası və istedadı sayəsində qalxmışdı. Bu, onu digər şəxsiyyətlərdən daha yüksəyə ucaldır. Ona görə də xalqımız bu görkəmli şəxsiyyətlə daim qürur duyacaq.
Alim hələ sovet dövründə ulu öndər Heydər Əliyevin xalqımızı müstəqilliyə hazırlayaraq, milli zabit kadrların yetişdirilməsi üçün misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Bildirib ki, məhz dahi rəhbərin yorulmaz səyləri sayəsində Bakıda fəaliyyətə başlayan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları olan milli zabit kadrları Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və ərazi bütövlüyümüzün bərpasında qəhrəmanlıq nümunələri göstəriblər. O, Ümummilli Liderin Azərbaycanın xüsusi xidmət orqanlarının şəxsi heyətinin milliləşdirilməsi sahəsində xidmətlərinin dahi şəxsiyyətin Vətəninə, xalqına və dövlətinə dərindən bağlılığının göstəricisi olduğunu diqqətə çatdırıb.
Y.Mahmudov AMEA-nın Tarix İnstitutu, eləcə də Əliyevşünaslıq Elmi-Tədqiqat Mərkəzi tərəfindən çapdan çıxan bir neçə tədqiqat əsərini DTX-nin Heydər Əliyev adına Akademiyasına hədiyyə edib.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, general-mayor Nazim Əliyev ümumrespublika konfransında aparılan müzakirələrin ulu öndər Heydər Əliyev irsinin tədqiqi və araşdırılması işinə mühüm töhfə verəcəyinə əminliyini bildirib. N.Əliyev müstəqilliyin əvvəllərində Azərbaycanın vətəndaş müharibəsi, məhv olmaq, parçalanmaq təhlükəsi ilə qarşılaşdıqda xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin ölkəmizi bu çətin sınaqlardan üzüağ çıxaraq, ordu quruculuğu, ictimai-siyasi sabitliyin, demokratik inkişafın, qanunun aliliyinin təmin olunması sahələrində yorulmaz fəaliyyətindən söz açıb. Diqqətə çatdırılıb ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın dinamik inkişaf strategiyasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi sayəsində sürətlə inkişaf edən ölkəmiz regionun lider dövlətinə çevrilməklə bərabər, dünya birliyində özünə layiqli yer tutub.
Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinin Azərbaycan ilə yanaşı, dünyanın müxtəlif ölkələrində də silsilə tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, ulu öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində xalqına ən yüksək sədaqət nümayiş etdirib, misilsiz xidmətlər göstərib, ölkəsini qısa müddətdə inkişaf etdirərək güclü dövlətə çevirib. Bu gün biz ümummilli lider Heydər Əliyevin miras qoyduğu gənc müstəqil Azərbaycan dövlətini göz bəbəyi kimi qorumalı, onu daha da inkişaf etdirməliyik. P.Süleymanov Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əminliyini bildirib.
Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərinin onun Vətəninə və xalqına ürəkdən bağlılığının ən bariz nümunəsi olduğunu qeyd edib. O, Ümummilli Liderimizin xatirəsinin daim Azərbaycan xalqının qəlbində yaşayacağını bildirib. Konfransın xalqımızın Heydər Əliyev irsinə, onun Vətən, dövlət və xalq qarşısında əvəzsiz xidmətlərinin öyrənilməsinə yüksək diqqətinin göstəricisi olduğunu bildirən İ.Ələkbərov dahi şəxsiyyətin ölkəmizdə bütün sahələrdə olduğu kimi, gömrük orqanlarının işinin yenidən təşkilində və bu sahədə uğurların qazanılmasında da mühüm rolunu xüsusi vurğulayıb.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi, general-mayor İlqar Məmmədov ulu öndər Heydər Əliyevin milli zabit kadrlarının hazırlanması istiqamətində həyata keçirdiyi uzaqgörən siyasət sayəsində yetişən peşəkar hərbçilərdən biri olmasından qürur duyduğunu vurğulayıb. Müstəqilliyin əvvəllərində cəbhədəki hərbi uğursuzluqların əsas səbəblərindən birinin də ordudakı başıpozuqluq, hərc-mərclik olduğunu xatırladan İ.Məmmədov ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qısa müddətdə qüdrətli nizami ordunun yaradıldığını və düşmənə ağır zərbə vurulduğunu bildirib. Ümummilli Liderimizin qurucusu olduğu Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün regionun ən güclü ordusuna çevrildiyini vurğulayan İ.Məmmədov qeyd edib ki, Ordumuz öz gücünü Aprel döyüşlərində nəinki düşmənə, bütün dünyaya göstərdi.
Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov konfransın əhəmiyyətini yüksək qiymətləndirib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında çalışdığı illərlə bağlı xatirələrini bölüşən Ş.Süleymanov Ümummilli Liderin uzaqgörən siyasətinin Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyin dönməz xarakter aldığını, mühüm uğurların qazanıldığını bildirib.
Açılış çıxışlarından sonra ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətindən bəhs edən video-kompozisiya nümayiş olunub.
Sonra konfrans işini “Azərbaycanın daxili və xarici təhlükəsizliyinin təminatında Heydər Əliyevin rolu”, “Heydər Əliyev və ordu quruculuğu”, “Heydər Əliyev hüquqi, demokratik və sivil dövlətin təminatçısı kimi” mövzularında üç bölmə iclası ilə davam etdirib. Bölmə iclaslarında 20 kursantın məruzəsi dinlənilib.
Sonda bölmələrdə çıxış edən məruzəçi kursantlara elmi konfransın sertifikatları təqdim olunub.