Formula 1 Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirilmişdir

30 aprel 2018-ci il

Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi başlamamışdan əvvəl yarışların keçirildiyi Bakı trekində, aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun təşkilatçılığı, Formula 1 şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə veloyürüş təşkil olunmuşdur.
Formula 1 yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı trekində keçirilmiş veloyürüşdə DTX-nin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli və Qazaxıstanın velosiped idmanı üzrə Olimpiya çempionu Aleksandr Vinokurov, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun üzvləri iştirak etmişlər.