Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev: qarşı tərəf lazımi cavabını alıb

02 aprel 2016-cı il

Ermənistan qoşunların təmas xəttində növbəti dəfə təxribat törədib, Azərbaycanın mövqelərinə hücum çəkib. Azərbaycan Silahlı Qüvvələri hücumu dəf edib, qarşı tərəf lazımi cavabını alıb.

Təcavüzkar Ermənistan Respublikasının silahlı birləşmələri atəşkəs rejimini pozaraq mülki azərbaycanlılara qarşı genişmiqyaslı döyüş əməliyyatlarına başlayıb.
Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.
Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçularımızın yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevin Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və toxunulmazlığının təmin olunması üçün bütün Əmrlərinə hazırdır!