Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub

18 aprel 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də Milli Məclisdə andiçmə mərasimi keçirilib.
Andiçmə mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak ediblər.


Prezident İlham Əliyevi müşayiət edən fəxri kortej Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasiminin keçirildiyi Milli Məclisə yola düşdü.
Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu.
Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirdilər.


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olundular.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək dedi:
- Hörmətli xanımlar və cənablar.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2018-ci il 17 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.


Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi:
- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!


Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içdi:
- Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam.


Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söylədi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində nitqinin tam mətni

AZƏRTAC

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi və şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə ürəkdən təbrik edir, ən səmimi və xoş arzularını çatdırır!

Dövlətimizin başçısına uzun ömür, möhkəm cansağlığı, bütün azərbaycanlıların və hər bir soydaşımızın uğurlu sabahları, bütövlükdə doğma Vətənin möhtəşəm gələcəyi və qüdrətlənməsi naminə misilsiz işlərində yeni nailiyyətlər və zəfərlər diləyirik!   

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil və güclü Azərbaycan naminə, dövlət mənafelərinin və təhlükəsizliyinin etibarlı qorunması üzrə siyasi xəttin uğurla həyata keçirilməsi üçün Silahlı Qüvvələrin Ali Baş Komandanının bütün əmr və göstərişlərini Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bundan sonra da dərhal və vicdanla yerinə yetirəcəkdir!