Prezident İlham Əliyev: Azərbaycan xalqının iradəsi, Azərbaycan dövlətinin siyasəti bu gün ölkəmizin inkişafı üçün əsas amildir

09 aprel 2018-ci il

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.



Azərbaycan Prezidenti İlham Əliyevin
giriş nitqi

- Hər il olduğu kimi, bu il də aprel ayının birinci ongünlüyündə biz ilin birinci rübünün sosial-iqtisadi yekunlarını müzakirə edirik, gələcək planlar haqqında danışırıq. Mən ilin əvvəlində demişdim, əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu il olacaq və birinci rübün yekunları bu sözləri təsdiqləyir. Azərbaycan bu müddət ərzində uğurla inkişaf etmişdir, qarşımızda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilir, ölkəmiz güclənir, hərtərəfli inkişaf edir. Əminəm, biz bu müsbət dinamikanı ilin sonuna qədər saxlayacağıq, bunu daha da artıracağıq ki, ölkəmiz 2018-ci ili də uğurla başa vursun.
Bu ilin birinci rübündə ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu tədbirlər ölkəmizin beynəlxalq nüfuzunu artırır, Azərbaycanı dünyaya müasir, inkişafda olan ölkə kimi təqdim edir. Mən bu tədbirlər arasında VI Bakı Qlobal Forumunu xüsusilə qeyd etmək istəyirəm. Bu Forum qısa müddət ərzində dünya miqyasında böyük hörmət qazanmış bir beynəlxalq platformadır. Dünyada keçirilən aparıcı forumlar arasında Bakı Beynəlxalq Forumu qısa müddət ərzində öz layiqli yerini tuta bilmişdir. Bunu təsdiqləyən həm Forumda müzakirə olunan məsələlərdir, həm də gələn qonaqların siyahısıdır. Bu dəfə Forumda 50-dən çox ölkədən 47 fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısı iştirak etmişdir. Yəni, bu, Forumun əhəmiyyətini göstərir. Dünya liderlərinin Foruma göndərdikləri məktublar, əlbəttə, göstərir ki, bu Forum doğrudan da böyük beynəlxalq tədbirdir. Birinci rübdə ölkəmizə 7 dövlət və hökumət başçısı səfər etmişdir. Bu səfərlər də ölkəmizin dost ölkələrlə ikitərəfli münasibətlərinin inkişafı üçün önəmli rol oynayır.

Bizim təşəbbüsümüzlə bu il ilk dəfə olaraq regional əməkdaşlıq çərçivəsində qonşularımızla dördtərəfli əməkdaşlıq formatına start verildi. Əlbəttə ki, regionda yaşanan problemlərin həlli, sabitliyin, təhlükəsizliyin, inkişafın təmin edilməsi üçün bu əməkdaşlıq formatı və digər əməkdaşlıq formatları böyük rol oynayır.

Bu il ölkəmizdə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilmişdir. Bu, çox önəmli beynəlxalq tədbirdir. Bildiyiniz kimi, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci böyük təşkilatdır. Biz bu təşkilata 7 il bundan əvvəl üzv olmuşuq və qısa müddət ərzində təşkilatda böyük rəğbət və hörmət qazana bilmişik. Məhz bunun nəticəsidir ki, belə bir mötəbər beynəlxalq tədbir məhz ölkəmizdə keçirilir. Ondan da əlavə qeyd etmək istərdim ki, gələn ildən başlayaraq Azərbaycan dünyanın ikinci böyük təşkilatına sədrliyi öz üzərinə götürəcəkdir. Bu, 120 ölkənin Azərbaycana olan böyük hörmətinin, inamının təzahürüdür. Bu böyük təşkilat çərçivəsində Azərbaycan çox uğurlu fəaliyyət göstərir.
Qeyd etməliyəm ki, Qoşulmama Hərəkatı bizim təşəbbüsümüzlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair önəmli qətnamə qəbul etmişdir. Bu dəfə də Bakıda keçirilmiş konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimiz, yəni, ədalətli mövqe bir daha təsdiqləndi.
Bütün bu beynəlxalq tədbirlər çərçivəsində və eyni zamanda, Azərbaycana edilən səfərlər, ikitərəfli formatda aparılan danışıqlar nəticəsində bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Deyə bilərəm ki, mən bütün görüşlərdə həmkarlarıma və görüşdüyüm şəxslərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini, münaqişə ilə bağlı həqiqətləri çatdırıram. Hər dəfə bildirirəm ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, işğalçı dövlət tərəfindən işğal edilib. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, torpaqlarımız işğal altındadır, tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıbdır. Bildirirəm ki, bütün beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı ədalətli, beynəlxalq hüquqa söykənən qərar və qətnamələr qəbul etmişlər və bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Bu görüşlərin və ümumiyyətlə, bu istiqamətdəki fəaliyyətimizin nəticəsi ondan ibarətdir ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza tam yaradılıb və heç bir dövlət qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və tanımayacaq. Kriminal xunta rejimi tərəfindən ötən il keçirilmiş dırnaqarası referendumu da heç kim tanımayıb. Bu, işğalçılara beynəlxalq aləm tərəfindən vurulan növbəti bir zərbədir.

Bizim səylərimiz nəticəsində bu qondarma qurum regionun xəritəsində qara ləkə kimi tanınır və biz bundan sonra da bu istiqamətdə ardıcıl fəaliyyətimizi göstərməliyik. Beynəlxalq təşkilatlardakı fəaliyyətimiz çox önəmlidir. Düzdür, bunun praktiki nəticələri yoxdur, torpaqlarımız hələ də işğal altındadır. Biz torpaqlarımızın bir hissəsini hərbi yolla azad etdik, ancaq bununla bərabər münaqişənin həlli üçün hüquqi baza əsas şərtdir. Bu məsələdə Azərbaycan tam üstünlüyü əldə edib və növbəti illərdə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz daha da güclənəcək.
Onu da qeyd etməliyəm ki, bizim fəaliyyətimiz nəticəsində və eyni zamanda, Avropada baş qaldıran separatizmə qarşı yaranan yeni yanaşma nəticəsində Avropa İttifaqında münaqişələrlə bağlı Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin konfransında qəbul edilmiş qətnamə də ədaləti və beynəlxalq hüququ əks etdirir. Qətnamədə bu proqrama daxil olan ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı bir daha təsdiqləndi. Bununla bərabər, biz münaqişənin həlli ilə bağlı bütün başqa istiqamətlərdə ardıcıl siyasətimizi aparırıq və aparacağıq. İlk növbədə, siyasi yanaşmadan sonra hərbi amil əlbəttə ki, öz rolunu oynayır və oynayacaqdır. Ordu quruculuğu bu gün də bizim üçün prioritet məsələdir, sabah da prioritet məsələ olacaq. Biz son illər ərzində güclü hərbi potensial yarada bilmişik, o potensial ki, bu gün Azərbaycan Ordusunu dünya miqyasında güclü ordular sırasına daxil edibdir. Bunu beynəlxalq məsələ ilə məşğul olan bütün qurumlar və reytinqlər təsdiqləyir. Biz bundan sonra da ən müasir silah, sursat, texnika alacağıq ki, daim hərbi üstünlük təmin edilsin, necə ki, bu gün bu, təmin edilir.
Bu il Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirmişdir. Bu təlimlər bir daha bizim gücümüzü göstərdi, düşməni qorxuya saldı. Bilirik ki, bir neçə gün ərzində onlar panika içərisində idilər, səbirsizliklə gözləyirdilər ki, bu təlimlər başa çatsın. Yəni, bu, artıq reallıqdır, həqiqətdir. Hərbi amil münaqişənin ədalətli həlli üçün mühüm rol oynayır və biz bundan sonra da hərbi potensialımızı gücləndirəcəyik.
Bununla paralel olaraq bizim demək olar ki, bütün regional addımlarımız, təşəbbüslərimiz həm ölkəmizin maraqlarının təmin edilməsinə, Azərbaycan iqtisadiyyatının inkişafına, eyni zamanda, işğalçı dövlətin təcrid vəziyyətinə salınmasına hesablanıbdır. Bütün bu amillər artıq birləşib və öz səmərəsini verməkdədir. Ermənistan bu gün heç bir maraq doğurmayan ölkədir, heç bir investisiya qoyulmur. Müqayisə üçün deyə bilərəm ki, bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur ki, bunun böyük əksəriyyəti xarici sərmayədir. Ermənistan iqtisadiyyatına isə keçən il ümumilikdə 200 milyon dollardan bir qədər çox vəsait qoyulmuşdur, onun da böyük payı xaricdə yaşayan diaspor təşkilatlarının üzərinə düşür. Yəni, bu, müqayisəedilməz vəziyyətdir və əlbəttə ki, biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən kənarda qoyacağıq. Bu gün Ermənistan bir dalana çevrilibdir. Biz onları siyasi dalana, iqtisadi, enerji, nəqliyyat dalanına çeviririk və bu siyasət davam etdiriləcək. Biz bunu gizlətmirik, açıq şəkildə bəyan edirik və biz haqlıyıq. Biz öz torpaqlarımızı istəyirik.

Biz istəyirik ki, münaqişə tezliklə öz həllini tapsın, ölkəmizin ərazi bütövlüyü bərpa edilsin, soydaşlarımız öz doğma torpaqlarına qayıtsınlar. Bu, bizim üçün prioritet məsələdir. Bütün gücümüzü səfərbər etmişik ki, bu məsələnin həllinə nail olaq. Əlbəttə, mən dəfələrlə demişəm, biz öz istəyimizə nail olmaq üçün daha da güclü olmalıyıq.

Ermənistandan fərqli olaraq biz öz hesabımıza yaşayırıq, öz taleyimiz öz əlimizdədir. Əlbəttə, belə olan halda iqtisadi siyasət ön plana çıxır. Mən dəfələrlə demişəm ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır və bu istiqamətdə birinci rübün yekunları çox müsbətdir. Mən keçən ilin sonlarında demişdim ki, 2017-ci il sabitləşmə ili olubdur. Hətta 2017-ci ildə qeyri-neft sektorunun inkişafında çox müsbət nəticələr olmuşdur. Ancaq 2018-ci ilə gəldikdə, şübhəsiz qeyd edirdim ki, bu, uğurlu və sürətli inkişaf ili olacaqdır. Birinci rübün yekunları, sosial-iqtisadi göstəriciləri mənim sözlərimi təsdiqləyir. Beləliklə, birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. Bu, çox gözəl göstəricidir və dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artmışdır. Bu da iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir.
Birinci rübdə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artmışdır. Bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Qeyri-neft sənayemiz 10 faiz artıb və hesab edirəm ki, bu, rekord göstərici sayıla bilər. Kənd təsərrüfatı 4,2 faiz artıb. Bu artımın tərkibində biz daha çox bitkiçiliyin artımını görürük, 50 faizdən çox artmışdır. Bu da son illər ərzində ənənəvi və digər texniki məhsulların yetişdirilməsi ilə bağlıdır. Bu da çox müsbət göstəricidir.
Qeyd etdiyim kimi, ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir.


Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artmışdır və hazırda 44,2 milyard dollara bərabərdir. Hesab edirəm, 3 ay ərzində 2 milyard dollardan çox artan valyuta ehtiyatlarımız bir tərəfdən onu göstərir ki, biz ehtiyatlarımızdan çox qənaətlə istifadə edirik, digər tərəfdən, bu, son illər ərzində apardığımız uğurlu neft siyasətinin nəticəsidir.

Çünki bu vəsaitin tərkibində keçən il imzalanmış “Azəri-Çıraq-Günəşli” yatağının istismar müddətinin uzadılması ilə bağlı kontraktdan irəli gələn 450 milyon dollar bonus da vardır.
Bizim xarici ticarət dövriyyəmiz 31 faiz artmışdır. Bu da çox gözəl göstəricidir. İxrac isə 37 faiz artmışdır, daha doğrusu, qeyri-neft ixracı. Ümumi ixrac 24 faiz, qeyri-neft ixracı 37 faiz artmışdır. Bu da bizim siyasətimizin bariz nümunəsidir. Çünki ixracın şaxələndirilməsi iqtisadi sahədə əsas prioritet məsələdir ki, biz daha çox qeyri-neft sektorundan valyuta əldə edək və beləliklə, yerli istehsal güclənsin, yeni iş yerləri yaradılsın və ölkəmiz daha da sürətlə inkişaf etsin.
İş yerlərinin açılmasına gəldikdə, birinci rübdə 34 min yeni iş yeri yaradılmışdır ki, onlardan 31 mini daimi iş yeridir. Artıq biz 1 milyon 500 min iş yerinin yaradılmasına yaxınlaşırıq. Əgər biz birinci rübün rəqəmlərini də əlavə etsək, 2004-cü ildən bu günə qədər Azərbaycanda təxminən 1 milyon 500 min yeni daimi iş yeri yaradılmışdır.
Bu iqtisadi göstəricilərimiz əlbəttə ki, bizi çox sevindirir. Onu da əlavə etməliyəm ki, inflyasiya birinci rübdə cəmi 4 faiz olmuşdur. Bu barədə də mən ilin əvvəlində öz fikirlərimi bildirmişdim və qeyd etmişdim ki, əminəm, inflyasiya aşağı səviyyədə olacaq və əhalinin gəlirləri inflyasiyanı qabaqlayacaq. Belə də oldu. Əhalinin gəlirləri təxminən 10 faiz artmışdır, inflyasiya isə cəmi 4 faiz. Bax, budur bizim birinci rübdə əldə edilmiş əsas sosial-iqtisadi göstəricilərimiz. Hesab edirəm ki, hər bir ölkə bu göstəricilərlə fəxr edə bilər, o cümlədən biz. Bu, onu göstərir ki, biz düzgün yoldayıq. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Biz güclü iqtisadiyyat yaradaraq, eyni zamanda, sosial məsələlərin həllində addımlar atırıq. Əgər iqtisadi imkanlarımız olmasaydı, biz nəyin hesabına pensiyaları, maaşları qaldıra bilərdik, nəyin hesabına böyük investisiya qoya bilərdik, infrastruktur layihələrini nəyin hesabına həyata keçirə bilərdik?! İqtisadi güc və ondan əlavə bizim siyasətimiz bütün bu reallıqları yaradır.
Sosial məsələlərin həllinə gəldikdə, qeyd etməliyəm ki, birinci rübdə maaşlar və pensiyalar artırıldı. Bu məqsədlər üçün dövlət büdcəmizdən yüz milyonlarla manat vəsait ayrıldı. Bu addım bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İmkan yarandıqca biz dərhal birinci addımı sosial istiqamətdə atdıq. İnsanların sosial müdafiəsinin təmin edilməsi üçün praktiki addımlar atmışıq.
O ki qaldı, sosial infrastrukturun yaradılmasına, birinci rübdə Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapır. Yeni xəstəxanalar, məktəblər tikilir. İlin əvvəlindən mənim tərəfimdən bu məsələlərin həlli üçün bir çox sərəncamlar verilmişdir. Yeni idman obyektləri, yeni “ASAN xidmət” mərkəzləri tikilir. Yəni, bu gün Azərbaycanda tikinti sektorunda böyük canlanma var. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə sosial evlərin tikintisində irəliləyiş var. Ümumiyyətlə, indi özəl sektora, tikinti sektoruna böyük vəsait qoyulur. Təkcə Bakı şəhərində təqribən 150-yə yaxın hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulur. Onların bir çoxunun tikintisi başlamışdır. Bu, əlbəttə ki, tikinti sektoruna, tikinti materialları sektoruna müsbət təsir göstərir və yeni iş yerləri yaradır. Qeyd etməliyəm ki, biz bu il dövlət sektorunda da əlavə iş yerləri yaratmaq fikrindəyik. Həm dövlət qurumlarında, həm rayon icra hakimiyyətləri nəzdində yaradılan yeni qurumlar insanları işə cəlb edir. İctimai işlərə və dövlət şirkətlərində çalışmaq üçün cəlb edilənlərin sayını biz nəzərə alsaq, bu il ancaq dövlət sektorunda təqribən 50 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu addımı biz iki il bundan əvvəl atmağa başlamışıq, o dövrdə ki, dünya iqtisadi böhranı bizə müəyyən dərəcədə mənfi təsir göstərmişdir. Bəzi iş yerləri ixtisara düşürdü, bəzi özəl qurumlar işçiləri işdən azad edirdilər. Ona görə dövlət dərhal öz addımını atdı və biz on minlərlə ictimai iş yeri yaratmışıq və bu gün bu proses davam edir. Xüsusilə bölgələrdə olarkən mən daim ictimai işlərlə maraqlanıram. Bu, bölgələrdə işsizliyi aşağı səviyyədə saxlamaq üçün çox önəmli addımdır. Hər bir rayonda yüzlərlə insan ictimai işlərə cəlb olunur. Nəzərə alsaq ki, indi Azərbaycanda o qədər böyük quruculuq, təmir işləri aparılır - binaların təmiri, parkların salınması, o parklara xidmət məsələləri. Əsas məqsədimiz işsizliyi daim aşağı səviyyədə saxlamaqdır. Yəni, sosial məsələlərin həlli bilavasitə iqtisadi imkanlarımıza bağlıdır. Biz iqtisadi cəhətdən nə qədər güclü olsaq, sosial məsələlər də o qədər uğurla öz həllini tapacaqdır.
Birinci rübdə bütün infrastruktur layihələri uğurla icra edilib. Əlbəttə ki, biz Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı çox önəmli addımlar atmışıq. Fevral ayında Bakıda 4-cü Məşvərət Şurası keçirilmişdir. Bu Məşvərət Şurasında aparılan müzakirələrin nəticəsində bəyanat qəbul edilmişdir. Bu sənəddə ölkəmizin liderliyi bir daha əksini tapır. Cənub Qaz Dəhlizinin reallaşmasına az vaxt qalıb. Biz bu istiqamətdə uğurla addımlayırıq. Bu il bu layihənin 3 önəmli hissəsi başa çatacaq - TANAP, Cənubi Qafqaz Kəməri və “Şahdəniz-2”. Yəni, bu, tarixi nailiyyətimizdir və biz bu il bu istiqamətdə önəmli addımlar atmışıq.
Bu il nəqliyyat sektorunda əldə edilmiş razılaşmalar da, - onlar əslində əvvəlki illərdə görülmüş işlərin əsasında əldə edilibdir, - Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına gətirib çıxaracaq. Onun çatışmayan hissəsinin tikintisinə təkan verildi. Bildiyiniz kimi, Azərbaycan öz ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işləri tamamlayıb. Bundan sonra ancaq dəmir yolunun modernləşdirilməsi ilə bağlı işlər aparılacaq ki, sürət daha da artsın. Amma bizim bütün dəmir yolu infrastrukturu - şimal və cənub sərhədlərimizi birləşdirən dəmir yolu vardır. Vəsait qoyulub və indi biz bu məsələyə regional baxımdan ciddi diqqət göstəririk. Birinci rübdə bu istiqamətdə çox önəmli addımlar atılmışdır.
Ölkəmizdə ümumi inkişaf dinamikası çox müsbətdir. Ölkəmiz dünyada daha çox tanınır və turistlərin sayı getdikcə artır, birinci rübdə 12,5 faiz artmışdır. Əgər biz əvvəlki illəri də nəzərə alsaq görərik ki, bu dinamikada ardıcıllıq vardır. Bunun da bir çox səbəbləri var - Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələrimiz, infrastruktur, 6 beynəlxalq aeroport, yollar, otellər. Əlbəttə ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanı dünyaya təqdim edir. Onların arasında Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Eurovision” müsabiqəsi və Formula 1 yarışları xüsusi rol oynayır. Çünki Formula 1 yarışlarının tamaşaçı auditoriyası yarım milyard insana bərabərdir. Bu yarışlar şəhərimizin mərkəzində keçirilir. Biz onu xüsusilə belə təşkil etmişik ki, şəhərimiz göstərilsin, bu yarışa baxan azarkeşlər təkcə o yarışı görməsinlər, şəhərimizin gözəlliyini, müasirliyini görsünlər və daha çox Azərbaycana turist kimi gəlsinlər.
Bir sözlə, birinci rübün yekunları müsbətdir. Əlbəttə ki, üç ay ərzində daha bir sıra önəmli məsələlər öz həllini tapıb. Bir giriş sözümdə onların hamısını əhatə etmək mümkün deyil. Sadəcə olaraq, mən əsas məsələlər ətrafında fikirlərimi xalqa bildirdim. Azərbaycan xalqı bilir ki, Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantıları həm praktiki məsələlərin həllinə xidmət edir, eyni zamanda, bu, görülən işlər haqqında xalqa verilən hesabatdır.

* * * * *
Azərbaycan Prezidenti İlham Əliyev iclasda yekun nitqi söylədi.


 

Azərbaycan Prezidenti İlham Əliyevin
yekun nitqi

- Mən əvvəlki çıxışlarda qeyd etdiyim kimi, 2017-ci il Azərbaycanda çox dərin iqtisadi islahatlar ili olmuşdur. Bu islahatlar bu il də davam etdirilir. Biz birinci rübdə əldə etdiyimiz göstəricilərlə fəxr edə bilərik. Bunlar doğrudan da Azərbaycanın uğurlu inkişafını əks etdirən göstəricilərdir. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik və islahatları davam etdirməliyik.
Bəzi hallarda sual yaranır ki, indi neftin qiyməti bir qədər sabitləşdi, bu islahatlar davam etdiriləcəkmi, yoxsa yox? Mütləq davam etdiriləcək. Neftin qiyməti bizim üçün əsas amil olmamalıdır və Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatmalıdır ki, neftin istənilən qiyməti bizə böyük təsir etməsin, yalnız ehtiyatlarımızın artırılmasına xidmət göstərsin. Giriş sözümdə qeyd etdiyim kimi, bu ilin birinci rübündə biz 2,2 milyard dollar əlavə vəsait toplamışıq. Ona görə, bu il də iqtisadi islahatlar davam etdiriləcək. Nəinki iqtisadi və bütün digər sahələrdə islahatlar aparılacaqdır ki, ölkəmiz daha da güclənsin, müasirləşsin və Azərbaycanda dayanıqlı uzunmüddətli inkişaf təmin edilsin. Bu məqsədlərə nail olmaq üçün bir çox məsələlər gündəlikdədir. Onlardan biri biznes mühitinin yaxşılaşdırılması məsələsidir. Bu istiqamətdə son illər ərzində yaxşı nəticələr var və Dünya Bankı tərəfindən təqdim olunan “Doing Business” hesabatında Azərbaycan ardıcıl şəkildə öz mövqelərini gücləndirir, daha da yüksək pilləyə qalxır. Ancaq biz yenə də bu istiqamətdə səylərimizi davam etdirməliyik, xüsusilə bizi geriyə çəkən məsələlərdə daha da ciddi addımlar atmalıyıq və bunu edirik. “Doing Business” reytinqi dərin təhlil əsasında hazırlanır və bizim bu istiqamətdə əldə etdiyimiz uğurlar və nöqsanlar ciddi təhlil edilir.
Ona görə, biznes mühitinin yaxşılaşdırılması istiqamətində bundan sonra da addımlar atılacaqdır. Son vaxtlar vergi sistemində aparılan ciddi islahatlar, sağlamlaşdırma prosesi, bildiyimə görə, artıq biznes dairələri tərəfindən də müsbət qarşılanır və bu istiqamətdə əlavə addımlar atılacaq. Mən əvvəlki çıxışlarda da dəfələrlə demişəm ki, biz dünyada mövcud olan ən müsbət, ən şəffaf praktikanı Azərbaycanda tətbiq etməliyik və bizim bütün maliyyə sistemimiz tam şəffaf mexanizm kimi işləməlidir.
Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi istiqamətində son illər atılan addımlar böyük təqdirə layiqdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Davos İqtisadi Forumunun hesablamalarında rəqabətqabiliyyətliliyə görə 35-ci yerə yüksəlməyimiz tarixi nailiyyətdir.

Biz bu gün dünyanın 35 ən rəqabətqabiliyyətli ölkəsindən biriyik və haqlı olaraq bununla fəxr edirik.

Ancaq onu da bilməliyik ki, Davos reytinqlərinə digər ölkələr də çox böyük diqqətlə yanaşırlar. Bildiyimə görə, bir çox ölkələr çalışırlar ki, öz vəziyyətlərini daha da yaxşılaşdırsınlar. Ona görə, bu gözəl rəqəm bizi ancaq növbəti addımların atılmasına sövq etməlidir.
Azərbaycan inkişafda olan ölkələr arasında inklüziv inkişaf baxımından üçüncü yerdədir. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bir çox böyük iqtisadi imkanları olan ölkələrdən biz öndəyik, baxmayaraq ki, müstəqil ölkə kimi cəmi 26 ildir yaşayırıq. Ona görə, bu aparıcı beynəlxalq qurumlar tərəfindən tərtib edilmiş bu reytinqlər bizim uğurlu siyasətimizi əks etdirir. Ancaq biz, yenə də deyirəm, əldə edilmiş nəticələrlə kifayətlənə bilmərik. Biz daim və daim inkişaf etməliyik. Biz sahibkarlığın inkişafı üçün də əlavə addımlar atmalıyıq.
Bu kompleks tədbirlər apardığımız siyasətin nəticəsidir. Bu il sahibkarlara dövlət tərəfindən güzəştli şərtlərlə 170 milyon manat vəsait ayrılır. Bu vəsait vaxtilə verilmiş və qaytarılan kreditlər hesabına ayrılır. Yəni bu, bir daha bizim siyasətimizin uğurlu olduğunu göstərir ki, vaxtilə verilmiş 2 milyard manatdan çox kreditlər indi qayıdır və yeni kreditlərin verilməsinə xidmət göstərir.
Dövlətin dəstəyi ilə yaradılan müəssisələr həm iş yerlərinin açılmasına xidmət edir, həm yerli istehsalı gücləndirir. Bir daha demək istəyirəm ki, biz sahibkarlığın inkişafına kompleks şəkildə yanaşırıq. İnstitusional islahatlar aparılır və aparılacaq, sahibkarlara maliyyə resursları, metodik tövsiyələr verilir, dövlət tərəfindən kənd təsərrüfatı texnikası alınır, subsidiyalar verilir, meliorativ tədbirlərə böyük vəsait xərclənir ki, kənd təsərrüfatı üçün daha yaxşı imkanlar yaradılsın.
Yol infrastrukturu, digər infrastruktur, elektrik enerjisi, içməli su, qaz xətləri - görülən bütün bu işlər vətəndaşlara və eyni zamanda, sahibkarlara xidmət göstərir. Ona görə, növbəti illərdə qeyri-neft sektorunun inkişafı iqtisadi siyasət istiqamətində əsas prioritet olacaqdır və bu istiqamətdə qəbul edilmiş qərarlar öz gözəl nəticəsini verir. Mən onların arasında xüsusilə investisiya təşviqi mexanizmini qeyd etmək istərdim. Biz bu mexanizmin tətbiqinə bu yaxınlarda start vermişik və qısa müddət ərzində çox gözəl nəticələr əldə edilibdir. Təkcə bu ilin birinci rübündə 28 investisiya təşviqi sənədi və bu günə qədər cəmi 257 investisiya təşviqi sənədi verilmişdir, 229 sahibkar bu imkanlardan faydalanıb. Bu layihələrə qoyulacaq və artıq qoyulmaqda olan sərmayənin həcmi 2,3 milyard manatdır. Baxın, əgər biz investisiya təşviqi mexanizmini işə salmasaydıq, bu vəsait ölkə iqtisadiyyatına qoyulmayacaqdı. Bu vəsait qoyulur, bu, böyük vəsaitdir və ilkin hesablamalara görə, təkcə bu proqram çərçivəsində 17 min yeni daimi iş yeri yaradılacaqdır. Görün nə qədər əlavə məhsul istehsal ediləcək və bu məhsul rəqabətqabiliyyətli məhsul olacaqdır. Çünki bütün bu məsələlərə dövlət qurumları çox diqqətlə yanaşırlar. Əminəm ki, bu məhsulun böyük hissəsi ixracyönümlü məhsul olacaqdır. Ona görə, bax, bir istiqamətdə aparılan islahat görün nə qədər böyük xeyir verir. Ona görə, mən deyəndə ki, islahatlar dərinləşməlidir, bu, sadəcə olaraq, söz deyil, bunun arxasında çox ciddi proqramlar dayanır. İnvestisiya təşviqi, ixracın təşviqi mexanizmləri artıq işə düşüb və sahibkarlar bundan da faydalanırlar. Biz dünyada mövcud olan ən mütərəqqi praktikanı Azərbaycana gətirməliyik, sınaqdan keçirməliyik və tətbiq etməliyik.
Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda sənaye istehsalı artır. Son bir-iki il ərzində neftin qiymətinin və hasilatın müəyyən dərəcədə düşməsi nəticəsində sənaye istehsalı Azərbaycanda azalırdı. Qeyri-neft sənayesi az da olsa artırdı, amma ümumiyyətlə, sənaye istehsalı azalırdı.

Artıq bu ildən başlayaraq dönüş yarandı, sənaye istehsalı qeyd etdiyim kimi, 2 faiz artmışdır, qeyri-neft sənayesi isə 9,9 faiz, yəni, təxminən 10 faiz. Çox gözəl göstəricidir, bir daha demək istəyirəm ki, bizim siyasətimizi əks etdirir, görülən işlərin nəticəsidir. Sənayeləşmə siyasəti Azərbaycanda bundan sonra da davam etdiriləcək.

Hesab edirəm ki, sənaye zonalarının, sənaye parklarının yaradılması artıq gözəl nəticələr veribdir. Bizim bir neçə sənaye zonamız artıq fəaliyyətə başlayıb. Sumqayıt Kimya Sənaye Parkı, Neftçala, Mingəçevir sənaye zonaları artıq fəaliyyətdədir. Keçən ilin sonunda Sumqayıtda 4 müəssisə açılıb, 3 müəssisənin təməli qoyulub. Bu il bizim sənaye inkişafımızı böyük dərəcədə gücləndirəcək iki nəhəng zavod işə düşəcəkdir – “SOCAR Polymer” və azot gübrələri zavodları. Bu zavodların tikintisinə, ümumiyyətlə, 2 milyard dollara yaxın vəsait qoyulub. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 17 rezident var. Ümumiyyətlə, oraya qoyulacaq investisiyaların həcmi 2,8 milyard dollardır. Baxın, əgər biz vaxtilə Sumqayıt Kimya Sənaye Parkını yaratmasaydıq, bu vəsaitlər də qoyulmayacaqdı - 2,8 milyard dollar və investisiya təşviqi sənədində 2,3 milyard manat. Bax, bu vəsaitlər sahibkarların əlində qalacaqdı, yaxud da ki, indi bu vəsaitin əlbəttə, böyük hissəsi kredit resurslarıdır, o götürülməyəcəkdi, investisiya qoyulmayacaqdı və sənaye inkişafı da mümkün olmayacaqdı.
Biz indi bir çox bölgələrdə oxşar zonalar yaradırıq. Mən onların arasında Mingəçevir Yüngül Sənaye Parkını xüsusi qeyd etmək istəyirəm. Mingəçevir şəhəri böyüyür və əhali artır. Mingəçevirdə iş yerləri ilə bağlı problemlər mövcud idi, bu gün də bu problemlər var. Bu şəhərin ətrafında kənd təsərrüfatı sahələri yoxdur. Ona görə, Mingəçevir ancaq sənaye və turizm şəhəri kimi inkişaf etməlidir. Bu istiqamətdə çox önəmli addımlar atılıbdır - infrastrukturla, yollarla, içməli su ilə və digər məsələlərlə, o cümlədən yeni iş yerlərinin yaradılması ilə bağlı. Bu il Mingəçevir Yüngül Sənaye Parkında 2 böyük müəssisə, iplik fabrikləri açılıbdır. Bu iplik fabrikləri bu günə qədər Azərbaycanda yaradılmış iplik fabriklərinin yarısını təşkil edir. Burada iyirmi min ton iplik istehsal ediləcək, onun böyük hissəsi ixrac olunacaq. Ən azı 700-750 nəfər işlə təmin ediləcəkdir. Yəni, Mingəçevir Yüngül Sənaye Parkı artıq fəaliyyət göstərir və biz növbəti aylarda yeni müəssisələrin yaradılması ilə bağlı təkliflər gözləyirik.
Bu il sənayemizin inkişafının təzahürü olan Neftçala Sənaye Məhəlləsində biz bu yaxınlarda avtomobil zavodunun açılışını qeyd etmişik. Neftçala Sənaye Məhəlləsinin açılışı keçən il mənim iştirakımla qeyd edildi və bu il ildə 10 min avtomobil istehsal edəcək zavodun açılışı olmuşdur. Bu zavodda 300-dən çox insan işlə təmin ediləcək, həm daxili bazar, həm də xarici bazar üçün rəqabətqabiliyyətli avtomobillər istehsal olunacaq. Əlbəttə ki, dövlət qurumları, - mən bunu əvvəlki çıxışlarda da demişəm, - yerli avtomobillərə üstünlük verməlidirlər. Dövlət qurumları bu məsələyə çox ciddi nəzarət etməlidirlər.
Bizim statistikamıza görə, bu ilin birinci rübündə idxal olunan avtomobillərin sayı kəskin artmışdır. Bu, əlbəttə, iqtisadi canlanmanın təzahürüdür, onu göstərir ki, vətəndaşlarda indi əlavə maliyyə imkanları yaranıbdır, kəskin artıbdır. Bu, özlüyündə müsbət göstəricidir, ancaq bu, o deməkdir ki, valyutamızın xaricə köçürülməsi də kəskin artıbdır. Ona görə, Azərbaycanda istehsal olunan avtomobillər ən azı dövlət qurumları tərəfindən alınmalıdır. Əminəm, vətəndaşlar da görəcəklər ki, bu avtomobillər yüksək standartlara cavab verir və qiymət də xaricdən gətirilən avtomobillərlə müqayisədə daha münasibdir.
Bu il, bu yaxınlarda Gəncə avtomobil zavodunda onmininci traktor istehsal edilibdir. Bu da bizim müştərək əməkdaşlığımızın təzahürüdür. Biz indi fermerləri “Gəncə-Belarus” traktoru ilə təmin edirik. Bu traktorlara çox böyük maraq var. Mən bölgələrdə, tarlalarda olarkən maraqlanıram və bütün fermerlər bu traktorları çox yüksək qiymətləndirirlər. Əgər vaxtilə bu zavod yaradılmasaydı, bu traktorları istehsal etməsəydi, həmin texnikanın hamısını biz xaricdən alası olacaqdıq və nə qədər pul xərcləyəcəkdik. İndi isə biz həm ixrac edirik, həm də üçüncü ölkələrdə “Gəncə-Belarus” traktorlarının istehsalına başlayırıq. Bax, bu nəticələr deməyə əsas verir ki, yaranmaqda olan Hacıqabul, Masallı və Sabirabad sənaye zonalarının fəaliyyəti də uğurlu olacaq.
Kənd təsərrüfatı ilə bağlı mən giriş sözümdə dedim, artım 4,2 faizdir, yaxşı göstəricidir, xüsusilə bitkiçilikdə. Bunun böyük hissəsi pambığın istehsalı ilə bağlıdır. Biz növbəti illərdə əlbəttə ki, ərzaq təhlükəsizliyi məsələlərinə daha böyük diqqət yetirməliyik, xüsusilə taxılçılığa və heyvandarlığa. Biz ənənəvi texniki məhsulların inkişafı ilə bağlı çox ciddi addımlar atmışıq və bir çox müşavirələr keçirilibdir. Taxılçılıq, heyvandarlıq ərzaq təhlükəsizliyini təmin edən əsas sahələrdir. Bilirəm ki, dövlətin dəstəyi ilə və özəl qurumların fəaliyyəti nəticəsində buğda əkini genişlənir, yeni əkin sahələri dövriyyəyə çıxarılır, suvarma işləri təmin edilir. Bu sahəyə çox ciddi diqqət göstərilməlidir ki, biz özümüzü əsas ərzaq məhsulları ilə tam təmin edə bilək. Biz indi ət, süd məhsulları ilə özümüzü təqribən 80-90 faiz səviyyəsində təmin edirik, amma buğda ilə təminat sahəsində bu rəqəm daha aşağıdır. Ona görə, növbəti illərdə bu sahəyə və eyni zamanda, quş ətinin istehsalına daha böyük diqqət yetirilməli və investisiyalar qoyulmalıdır.
Ümid edirəm və əminəm ki, yaradılmaqda olan 45 aqropark bizim ixrac potensialımızı böyük dərəcədə artıracaq. Bu aqroparkların 28-i bitkiçilik, 17-si isə heyvandarlıq kompleksidir. Bu, həm ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət göstərəcək, eyni zamanda, ixrac imkanlarımızı genişləndirəcək. Biz mütləq yeni ixrac bazarlarına üz tutmalıyıq. İndi bu istiqamətdə işlər gedir, müxtəlif ölkələrə ixrac missiyaları ezam edilir. Daha da fəal olmalıyıq və daha ciddi nəticələr olmalıdır ki, kontraktlar imzalansın və bizim məhsulumuz növbəti, yəni, yeni bazarlara çıxa bilsin. Təbii ki, ənənəvi bazarlarda yerimizin möhkəmləndirilməsi istiqamətində addımlar atılır. Hazırda Azərbaycanda 400 hektarda, ondan da çox sahədə yeni istixana kompleksləri yaradılır. Onların bir hissəsi artıq fəaliyyətə başlayıb. Bu istixanaların əsas bazarı xarici bazarlardır. Çünki biz özümüzü tərəvəzlə artıqlaması ilə təmin edirik.


Kənd təsərrüfatı texnikasının alınması prosesi bundan sonra da davam etdiriləcəkdir. Bu il bu məqsədlər üçün 160 milyon manat nəzərdə tutulur, ən azı 5 min texnika gətirilməlidir. Keçən il 10 min texnika gətirilmişdir, amma bu proses davam etməlidir. Çünki bizim hələ köhnədən qalan texnikamız kifayət qədər çoxdur, sıradan çıxan var. Biz texnika parkımızı tam müasirləşdirməliyik. Biz dünyanın aparıcı istehsalçılarının texnikasını gətirməliyik. Əslində, bunu edirik.
İndi təhlil aparmaq üçün bizdə daha geniş imkanlar var. Çünki “Azexport” portalına daxil olan sifarişlər, əslində, marketinq üçün çox əhəmiyyətli bir vasitədir. Əvvəllər marketinqi xarici bazarlarda aparmaq üçün bizim belə imkanımız yox idi. Bu işlər daha çox kor-təbii görülürdü. Amma “Azexport” portalının əhəmiyyəti ondadır ki, həm yerli istehsalçılar öz məhsulları barədə məlumatları bu saytda yerləşdirirlər, həm də xaricdən sifarişlər gəlir. Təhlil apararkən görürük, bəzən elə sifarişlər gəlir ki, biz o sifarişləri tam yerinə yetirə bilmirik. Bu, dövlət qurumlarına və sahibkarlara yol göstərir ki, həmin sahələr inkişaf etməlidir. Əlbəttə, çox istərdim ki, kənd təsərrüfatı məhsullarının emalı sənayesi daha sürətlə inkişaf etsin. Mövcud inkişaf bizi qane edə bilməz. Düzdür, son vaxtlar bir çox konserv və şirə istehsalı zavodları işə düşüb. Əlbəttə, bu, bizim potensialımızı əks etdirmir. Ancaq 400 hektarda yaradılacaq istixanaların məhsulu, onun bir hissəsi, yaxşı olar ki, böyük hissəsi Azərbaycanda emal olunsun və ixrac edilsin. Bizim indi kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən pomidor ixracıdır. Ancaq əgər burada yeni emal müəssisələri yaranarsa, biz hazır məhsul ixrac edərik və hazır məhsula, deyə bilərəm ki, daha böyük tələbat və daha az rəqabət var. Ona görə hesab edirəm ki, biz kənd təsərrüfatı emalı sahəsində səylərimizi gücləndirməliyik. Biz son vaxtlar daha çox istehsala üstünlük verirdik və kreditlər verilirdi. Bu ildən başlayaraq, çox ciddi konkret plan tərtib edilməlidir – hansı bölgələrdə, hansı emal müəssisələri, konserv, şirə zavodları açılsın.
Biz ixracyönümlü kənd təsərrüfatı sahələri üzrə işlərimizi bundan sonra da davam etdirəcəyik. Mən bir müddət bundan əvvəl tapşırıq vermişdim ki, üzümçülüklə, şərabçılıqla bağlı olan məsələlər ciddi təhlil edilsin. Çünki mövcud vəziyyət bizi heç cür qane edə bilməz. İndi ilkin məlumat ondan ibarətdir ki, bizim kifayət qədər emal gücümüz, yəni, şərab zavodlarımız var, amma onların bir çoxu çox zəif işləyir. Yəni, istehsal gücünün 20-30 faizi səviyyəsində işləyir. Bilmirəm, vaxtilə sahibkarlar bu zavodları nəyə görə tikiblər, bəlkə pulları çox idi, bilmirdilər ki, pulları haraya yatırsınlar - tikiblər, amma səmərəsiz istifadə edirlər. Bu, heç bir məntiqə sığmayan məsələdir. Ona görə, bizim indi vəzifəmiz ondan ibarətdir ki, bu şərab zavodlarını sahibkarlar düzgün şəkildə idarə etsinlər. Üzüm istehsalı bizdə artır, yeni üzüm bağları salınır və mən bunu alqışlayıram. Şərabın ixracı da artır və burada da dövlət öz rolunu oynayır. İxrac missiyaları, sərgilərdə iştirakımız bunu mümkün edir. Ancaq üzümçülük, şərabçılıqla bağlı növbəti xüsusi addımlar atılmalıdır. Vaxtilə biz dövlət proqramı qəbul etmişik. Mən deyə bilmərəm ki, bu proqram lazımi səviyyədə icra edilir. Ona yenidən baxmaq, təhlil aparmaq lazımdır ki, bu proqramın nəticəsində nə əldə etmişik? Yenə də deyirəm, yeni üzüm bağları salınır, şərab istehsalı artır, xarici bazarlara çıxır, amma bu, bizim çox gözəl ixrac məhsulumuz olmalıdır.
Son illərdə pambıqçılıqla bağlı görülən işlər bu sahənin bərpasına, dirçəlməsinə gətirib çıxarmışdır. Bir neçə dəfə zona müşavirələri keçirilmişdir və burada əsas məsələ işsizliyin aradan qaldırılmasıdır. Pambıqçılıqda 200 minə yaxın insan, yəni, bu günə qədər işsiz olan insan işlə təmin edilib. Biz satınalma qiymətini artıraraq tarlalarda işləyənlərin rifah halını yaxşılaşdırırıq. Əlbəttə ki, əgər pambıqçılığa belə güclü təkan verilməsəydi, Mingəçevir Yüngül Sənaye Parkının yaradılmasına da ehtiyac qalmayacaqdı. Çünki indi xaricdən pambıq alıb burada emal etmək heç bir iqtisadi səmərəyə uyğun gəlmir. Ona görə, pambıqçılığın inkişafı, ilk növbədə, sosial məsələdir, sosial təşəbbüsdür və tədarükçü şirkətlər, fermerlər, yerli icra orqanlarının nümayəndələri bunu bilsinlər ki, pambıqçılıq həm də yerli istehsala təkan verir, ixracı artırır. Biz keçən il 207 min ton pambıq tədarük etmişik, 2015-ci ildə isə cəmi 35 min ton. Mən sonuncu müşavirədə də demişəm, pambıqçılıq bundan sonra da ancaq məhsuldarlığın artırılması hesabına inkişaf etməlidir.
Son vaxtlar bizim tövsiyəmizi nəzərə alaraq, sahibkarlar zeytunçuluğa böyük diqqət göstərirlər, yeni bağlar salınır və dövlət kömək göstərir, su xətləri çəkir. Bu da çox gözəl ixracyönümlü məhsulumuz olacaq. Dünya bazarlarında zeytun yağına çox böyük tələbat var. Dünyada cəmi bir neçə ölkə bu yağı istehsal edir. Azərbaycan da onların arasında yer tutmalıdır, həm daxili bazarı təmin etməlidir, həm ixrac etməlidir.
Meyvə bağları genişlənir. Çayçılıq, çəltikçilik, fındıqçılıq, baramaçılıq, sitrus meyvəçiliyi, tütünçülük və digər sahələri inkişaf etdirmək üçün bir neçə müşavirə keçirilmişdir. Mən bəzi rəqəmləri səsləndirmək istəyirəm vətəndaşlar bilsinlər ki, görülən işlər necə səmərə verir. Tütünçülük. 2015-ci ildə cəmi 1300 hektarda tütün əkilmişdisə, 2018-ci ildə bu, 3300 hektara çatacaq. Tütünü biz indi ixrac edirik. Bu, ixracyönümlü məhsuldur. Fermerlər yaxşı pul qazanırlar. İndi dövlət qurutma kameraları alır. Azərbaycanda tikilməkdə olan siqaret fabriki də bu tütünü alacaq, siqaret hazırlayacaq və ixrac edəcək, idxaldan asılılığı azaldacaq. Barama istehsalı. 2015-ci ildə 240 kiloqram barama tədarük olun