1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar tədbir keçirilmişdir

31 mart 2018-ci il

Dövlət Təhlükəsizliyi Xidmətində 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilmişdir.


Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev tariximizin ən faciəli səhifələrindən olan mart soyqırımından, eləcə də ermənilərin xalqımıza qarşı ardıcıllıqla törətdikləri digər dəhşətli qətliamlardan danışmışdır. Qeyd etmişdir ki, məhz Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə bu hadisələrə siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunmuşdur. Artıq 20 ildir ki, 31 mart - azərbaycanlıların soyqırımı ilə bağlı dövlət səviyyəsində anım mərasimləri və tədbirləri keçirilir. General-leytenant Mədət Quliyev diqqətə çatdırmışdır ki, daşnak-bolşevik silahlı dəstələri və terrorçu təşkilatlarının 100 il əvvəl xalqımıza qarşı törətdikləri insanlıq əleyhinə olan cinayətləri barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılması üçün möhtərəm Prezident cənab İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.
1918-ci il azərbaycanlıların soyqırımına dair mötəbər tarixi mənbələrə, təkzibolunmaz sənədlərə və faktlara istinadən məruzə ilə çıxış edən, Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı bildirmişdir ki, bəşər tarixinin ən qanlı və faciəli hadisələrindən olan, 1918-ci il martın 31-dən aprelin 3-dək davam edən soyqırımı nəticəsində Azərbaycanda on minlərlə azərbaycanlı, ləzgi, yəhudi, rus və digər millətə mənsub şəxslər, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı erməni-daşnak silahlı birləşmələri və terrorçu təşkilatları tərəfindən qəddarlıqla, vəhşicəsinə qətlə yetirilmiş, çoxlu sayda insan itkin düşmüş, minlərlə yaşayış məntəqəsi, kəndlər, evlər, məscidlər, məktəb binaları yandırılaraq dağıdılmışdır.
Bildirilmişdir ki, Ermənistanın dövlət səviyyəsində yeritdiyi terrorçuluq və silahlı separatçılıq siyasəti möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü diplomatiya və hücum taktikası sayəsində ifşa olunur, Azərbaycanın haqq səsi daha ucadan eşidilir.
Tədbirdə diqqətə çatdırılmışdır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın misilsiz xidmətləri və əvəzsiz səyləri nəticəsində dünyanın aparıcı ölkələrində, eləcə də nüfuzlu təşkilatlarla düzgün və ardıcıl işin həyata keçirilməsi ermənilərin uydurma iddiaları ilə əsrlərlə formalaşmış stereotiplərin və yanlış siyasi yanaşmaların dəyişməsinə səbəb olmuşdur.
Sonda Azərbaycan xalqının və dövlətinin soyqırımı qurbanlarının xatirəsini daim əziz tutduğu, bu qanlı hadisələrə beynəlxalq ictimaiyyət tərəfindən obyektiv münasibətin bildirilməsi, erməni faşizmi və vandalizminin tam çılpaqlığı ilə dünyaya tanıdılması istiqamətində bütün azərbaycansevərlərin səylərinin birləşdirilməsi və daha da gücləndirilməsinin vacibliyi vurğulanmışdır.