Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyidir

28 mart 2018-ci il

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Azərbaycan təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideallarının, əbədi müstəqil Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət irsinin və yüksək peşəkarlıq məktəbinin şərəfli davamçıları olmaqdan qürurla fəxr edirlər.   

Ulu Öndər Heydər Əliyev 23 mart 1997-ci il tarixli Sərəncamı ilə ölkəmizdə təhlükəsizlik orqanlarının peşə bayramı gününü təsis etmiş, bu orqanların Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tarixi varisliyinin təmin edilməsinə qərar vermişdir.

Müasir Azərbaycan dövlətçiliyi qədim və şərəfli tarixi köklərə, yüz illər boyu nəsillərdən-nəsillərə ötürülən ənənələrə bağlıdır.

“Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bugününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”, - deyən Ulu Öndər Heydər Əliyevin mənalı ömrü və möhtəşəm dövlətçilik fəaliyyəti məhz xalqımızın tarixi ənənələrinə sadiqliyinin ən bariz nümunəsidir.

Ümummilli Lider bu tarixi ənənələrə nəinki əsl vətəndaş və rəhbər məsuliyyəti ilə yanaşmış, həm də özü Azərbaycanın yeni, müasir dövlətçilik tarixini yaratmış, daha mükəmməl dövlət idarəçiliyi ənənələrinin əsasını qoymuşdur. Müstəqil və suveren dövlətin simvolu, siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi xalqımızın yaddaşında əbədi yaşayan Heydər Əliyevin uca şəxsiyyəti və həyat yolu onun davamçıları, ölkəmizin indiki və gələcək nəsilləri üçün ən dəyərli örnəkdir.

Ümummilli lider Heydər Əliyevin çox gənc yaşlarından dövlət hakimiyyətinin mühüm strukturlarından birində - təhlükəsizlik orqanında xidmətə başlaması, burada çalışdığı uzun illər ərzində yüksək peşəkarlığa və təşkilatçılıq bacarığına yiyələnməsi onun həyat yolunu müəyyənləşdirən başlıca amil idi. Sovet hakimiyyəti dövründə özünün nadir istedadı və fenomenal xüsusiyyətləri sayəsində bu orqanda sıravi əməkdaşdan komitə sədri və general-mayor rütbəsinədək yüksəlmiş ilk azərbaycanlı kimi adını tarixə yazdıran Heydər Əliyev, həm də müstəqil Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının müəllifi və onun gerçəkləşməsini təmin edən səmərəli idarəçilik sisteminin yaradıcısı oldu.
Ulu Öndər deyirdi: “...Dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir. Çünki təhlükəsizlik təşkilatının əməkdaşları cəmiyyətdə yüksək etimada, eyni zamanda yüksək səlahiyyətə malikdirlər. Gərək hər bir əməkdaş bunların müqabilində öz məsuliyyətini dərk edə bilsin və üzərinə düşən vəzifəni yerinə yetirə bilsin”.
Müasir dövrdə təhlükəsizlik orqanlarının vəzifəsi vətəndaşın, cəmiyyətin və dövlətin ən ümdə maraqlarını müdafiə etmək, ölkənin sabit inkişafına nail olmaq, xarici və daxili təhlükələrə qarşı mübarizə aparmaqdır.

Ümummilli Lider Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının möhtərəm Prezidenti Zati-aliləri cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, ardıcıl və prinsipial daxili və xarici siyasət sayəsində bu gün davamlı inkişafda olan Azərbaycan bölgənin lider dövləti kimi beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində öz layiqli yerini tutur, xalqımız milli həmrəylik, rifah və sabitlik şəraitində yaşayır.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil dövlətimizin milli maraqlarının, təhlükəsizliyinin, vətəndaşların hüquq və azadlıqlarının, ölkəmizin ərazi bütövlüyünün qorunması sahəsində üzərinə düşən məsul vəzifələri Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bundan sonra da yüksək səviyyədə, şərəflə və vicdanla yerinə yetirmək əzmindədir.

Peşə bayramı münasibətlə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev və Xidmətin əməkdaşları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hörmətlə yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülmüşdür.
Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının unudulmaz xatirəsi də yad olunmuş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.

 

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail rayon idarəsinin yeni inzibati binasının açılışı olmuşdur. Tədbirdə general-leytenant Mədət Quliyev, DTX-nin əməkdaşları, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və rayon hüquq mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.
Əvvəlcə mərasim iştirakçıları binanın foyesində qurulmuş Ümummilli Lider Heydər Əliyevin və möhtərəm Prezident cənab İlham Əliyevin dövlətçilik fəaliyyətini və Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendə baxmışlar.
Müasir üslubda tikilmiş binanın otaqları, əməliyyatçıların iş şəraiti ilə tanış olan general-leytenant Mədət Quliyev bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamız bütün sahələrdə möhtəşəm uğurlar əldə edir. Azərbaycanın bütün şəhər, rayon və qəsəbələrində quruculuq və abadlıq işləri geniş vüsət almışdır.

Dövlətimizin başçısı tərəfindən hüquq mühafizə orqanlarının inkişafına daim diqqət və qayğı göstərildiyini vurğulayan general-leytenant Mədət Quliyev, DTX-nin Səbail rayon idarəsinin müasir tələblərə cavab verən yeni inzibati binasının açılışının məhz bu qayğı və diqqətin növbəti bariz nümunəsi olduğunu qeyd etmişdir. General-leytenant Mədət Quliyev yeni binada əməkdaşların öz xidmətlərini daha  səmərəli və peşəkar təşkil etmələri üçün yaradılmış yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
General-leytenant Mədət Quliyev DTX-nin Səbail rayon idarəsinin əməkdaşlarını peşə bayramı və yeni binanın istifadəyə verilməsi münasibətilə bir daha təbrik edərək, onlara xidmətlərində uğurlar arzulamışdır.