Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ağacəkmə aksiyası keçirmişlər

17 mart 2018-ci il

Ümummilli lider Heydər Əliyev Azərbaycan təbiətinə xüsusi önəm vermiş, daim onun təbii və ilkin toxunulmazlığının qorunmasını ən vacib məsələlərdən saymışdır. Ulu Öndərin Azərbaycana rəhbərliyinin ilk illərindən həyata keçirdiyi uzaqgörən və düşünülmüş siyasətinin prioritet istiqamətlərdən olan respublikanın təbiətinin, flora və faunasının qorunması məqsədilə qəbul edilmiş qərarlar, qanunlar və sərəncamlar ümumən ölkəmizin ekosisteminin sağlamlığına yönəlmişdir. Bu iş ardıcıl, müntəzəm və mütəşəkkil halda görüldüyü üçün böyük səmərə vermişdir.
Ümummilli Liderin Azərbaycan təbiətinə qayğısı bir övladın anaya göstərdiyi qayğı qədər səmimi, təmənnasızdır. Çünki əsas ideya uzaqgörən və saf niyyətə xidmət edir. Bütün bu tədbirləri xırdalığına qədər izləyən, görülən işlər barədə daim məlumatlandırılan görkəmli dövlət xadimi gərgin iş qrafikində vaxt taparaq, özü əlinə bel alıb ağacəkmə, yaşıllığa qulluq kampaniyalarında fəal iştirak edirdi.


Təbiətə yönəlik hər hansı qəsd Ulu Öndəri çox hiddətləndirərdi: “Mən 1993-cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən, elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir...İnsan qurmalıdır, yaratmalıdır...hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız”.

Ulu Öndərin müdrik siyasətini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyev təbiətə dövlət qayğısını daim diqqət mərkəzində saxlayır. Təbiətin mühafizəsi ilə əlaqədar yeni şəraitə uyğun xüsusi proqramlar həyata keçirilir. Bu tədbirlər təbiətimizin daha da zənginləşməsinə, təbii sərvətlərimizin etibarlı və səmərəli mühafizəsinə xidmət edir.


Möhtərəm Prezident cənab İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri xanım Leyla Əliyeva Ulu Öndərin saf və təmiz ətraf mühitlə bağlı arzu və planlarını dönmədən və qətiyyətlə həyata keçirirlər. Artıq ölkədə yaşıllaşdırma kütləvi, stabil və davamlı prosesə, vətəndaş vərdişinə çevrilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti də Azərbaycan təhlükəsizlik orqanlarının əzəli və fəxri rəhbəri Ulu Öndər Heydər Əliyevin vətənsevərlik və azərbaycançılıq irsindən dönmədən bəhrələnir, dahi şəxsiyyətin şanlı peşəkarlıq məktəbinin davamçıları olmaqdan qürur duyurlar.


Zəngin və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ümummilli Liderin yaratdığı və miras buraxdığı nəcib və ibrətamiz ənənələri şərəflə davam etdirən DTX-nin əməkdaşları martın 17-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi və Novruz bayramı ərəfəsində Bakı şəhərinin Bilgəh qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirmişlər.

Bir hektar yarım ərazidə şəhər şəraitində əkilib-becərilməsi həm dekorativlik, həm də ekoloji baxımdan məqbul hesab edilən şam, tuya, göyrüş və digər müxtəlif növ, ümumilikdə 400-ə qədər ağac əkilmişdir.
Doğma yurdumuzun füsunkar təbiətinin və təmiz ekoloji mühitinin qorunması və sağlamlaşdırılması işinə töhfə verilməsi istiqamətində DTX-nin əməkdaşları tərəfindən ağcəkmə aksiyaları bundan sonra da davamlı şəkildə həyata keçiriləcəkdir.