“Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzusunda hərbi-vətənpərvərlik tədbiri keçirilib

21 fevral 2018-ci il

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə gənc nəslin, gənclərin vətənpərvərlik, tariximizə, milli adət-ənənələrimizə, maddi-mənəvi dəyərlərimizə hörmət, dövlətə sədaqət ruhunda yetişdirilməsi və tərbiyə edilməsi sahəsində aparılan uğurlu və məqsədyönlü siyasətin həyata keçirilməsində digər aidiyyəti orqanlar və təşkilatlarla yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) də fəallığı ilə seçilir.
DTX-nin rəhbər əməkdaşlarının, təhlükəsizlik orqanlarının və müharibə veteranlarının iştirakı, digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının yaxından dəstəyi ilə müxtəlif mövzularda, o cümlədən vətənpərvərlik, dövlətçilik, müstəqil Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi, yetişməkdə olan nəslin yad təsirlərdən qorunması və sair aktual mövzularda gənclərimizlə görüşlər, konfranslar, forumlar və məlumat turları mütəmadi olaraq təşkil edilir. Belə görüşlər çərçivəsində fevralın 21-də DTX-nin Mədəniyyət Mərkəzində “Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzusunda hərbi-vətənpərvərlik tədbiri keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Bakının Səbail rayonundakı 7 nömrəli orta məktəbin şagirdlərinin və DTX əməkdaşlarının azyaşlı övladlarının vətənpərvərliyi tərənnüm edən şeirlər oxumaları və təqdim etdikləri bədii kompozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
DTX-nin Heydər Əliyev adına Akademiyasının fakültə rəisi, polkovnik, professor Cəlal Qasımov çıxış edərək Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyevin adından tədbir iştirakçılarını salamlayıb. O, bu tədbirin bir neçə gündən sonra bütün xalqımız tərəfindən anılacaq Xocalı soyqırımının 26-cı ildönümünə təsadüf etdiyini, belə görüşlərin gənc nəslin maarifləndirilməsi və dövlətçilik amallarına sədaqət ruhunda tərbiyə edilməsində əhəmiyyətini vurğulayıb.
Cəlal Qasımov deyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılması və dünyada tanıtdırılmasına xüsusi diqqət yetirirlər. Ermənilərin işğal olunmuş ərazilərimizdə tarixi-mədəni abidələrimizi məhv etdiklərini vurğulayan C.Qasımov bu barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının və təcavüzkarların bu addımlarının beynəlxalq aləm tərəfindən qəti şəkildə qınanılmasının vacibliyini qeyd edib. O, işğal altındakı torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə tezliklə azad ediləcəyinə və Azərbaycan dövlət bayrağının Dağlıq Qarabağda dalğalanacağı günün uzaqda olmadığına əminliyini bildirib.
“Azərbaycan Xüsusi Xidmət Veteranları” İctimai Birliyinin üzvü, istefada olan polkovnik Azər Qarayev tarix boyu Azərbaycanın qəhrəman övladlarının Vətən uğrunda misilsiz rəşadətlər göstərdiklərini, öz canlarını qurban etməkdən belə çəkinmədiklərini qeyd edib. Bildirib ki, bu gün həmin qəhrəmanlar hamımızı Vətən uğrunda mübarizəyə səsləyir. Azərbaycanın Milli qəhrəmanlarının igidliklərindən danışan Azər Qarayev deyib ki, belə tədbirlər şəhidlərin ruhuna yüksək hörmət və ehtiramın göstərilməsində, onların şücaət nümunələrinin təbliğində mühüm rol oynayır.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib ki, 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra Azərbaycan torpaqlarına köçürülmüş ermənilər əzəli torpaqlarımızla yanaşı, xalqımızın tarixini, maddi-mənəvi sərvətlərini və mədəniyyətini qəsb etməyə başlayıblar. Ermənilər bu məqsədlə 1905-1907-ci, 1918-1920-ci illərdə iki dəfə xalqımıza qarşı soyqırımları törədib, ərazilərimizi işğal ediblər. 1988-ci ildən başlayaraq, SSRİ rəhbərliyindəki havadarlarından dəstək alan ermənilər Azərbaycana qarşı terror, soyqırımı, etnik təmizləmə və işğal siyasəti yürütməyə başlayıblar. Bu müharibə nəticəsində ərazilərimizin 20 faizi işğal olunub, 20 mindən çox vətəndaşımız qətlə yetirilib, 50 mindən artıq insan yaralanıb və ya şikəst olub. Bir milyondan artıq qaçqın və məcburi köçkün Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı olub.
“2018-ci il fevralın 1-nə olan məlumata görə, 3875 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3165 nəfəri hərbçi, 710-u mülki şəxslərdir. Azərbaycanın qanunvericiliyinə görə, münaqişə bölgəsində itkin düşmüş şəxs şəhid hesab olunur. Ona görə də biz şəhidlərimizlə yanaşı, itkin düşmüş şəxsləri də heç vaxt unutmuruq. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ərazilərimiz düşməndən azad ediləcək. Biz hamımız bir əsgər olaraq bu əmrin icrasına tam hazırıq. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu rəşadətli döyüş əməliyyatı ilə bu hazırlığı təsdiq edib. Həmin döyüşlərdə “məğlubedilməz Ermənistan ordusu” mifi darmadağın edildi. Aprel döyüşlərində şəhid olan hərbçilərin hər biri bizim üçün əzizdir. Onların xidmətləri Azərbaycan dövləti və Prezidenti tərəfindən yüksək qiymətləndirilib. Şəhidlərimizin və vetenlarımızın şərəfli və rəşadətli döyüş yolundan gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində istifadə etməliyik”, - deyə İsmayıl Axundov bildirib.
Tədbirdə Azərbaycanın Milli qəhrəmanları Vahid Quliyev və İntiqam Atakişiyev, aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Elşən Qarayev, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun atası Salman Qurbanov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov çıxışlarında bildiriblər ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin son dərəcə inamlı və cəsarətli daxili və xarici siyasəti sayəsində müstəqil Azərbaycanda ictimai-siyasi sabitlik dönməz xarakter alıb. Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir, xalq-iqtidar həmrəyliyi gündən-günə möhkəmlənir, Vətənimizin siyasi-iqtisadi nüfuzu və mövqeyi dünyada ildən-ilə daha da güclənir.
Diqqətə çatdırılıb ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində respublikanın müdafiə qabiliyyəti durmadan yüksəlir. Hazırda Silahlı Qüvvələrin hərbi-texniki potensialının gücləndirilməsi nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevrilib. Bu isə xalqımızda işğal olunmuş ərazilərimizin tam azad ediləcəyinə, ərazi bütövlüyümüzün təmin olunacağına inam hissini daha da artırıb.
Tədbirdə xüsusi vurğulanıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Vətən, dövlət, xalq, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərmiş Milli qəhrəmanlarımıza, habelə müharibə əlillərinə, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının fevralın 20-də imzaladığı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirilməsi ilə bağlı Sərəncam buna əyani sübutdur. Azərbaycan dövlətinin yüksək diqqət və qayğısından bəhrələnən gənclərimiz torpaqlarımızı işğaldan azad etmək uğrunda Ali Baş Komandanın əmrinə tam hazırdırlar.
Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaət, igidlik və rəşadət göstərmiş Milli qəhrəmanlar və onların valideynləri, Qarabağ müharibəsi, Azərbaycan Xüsusi Xidmət veteranları, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” və “Azərbaycan Respublikası Ehtiyatda Olan Zabitlərin Konfederasiyası” İctimai birliklərinin rəhbərləri və üzvləri, Daxili İşlər, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin akademiyalarının və xüsusi təyinatlı ali təhsil müəssisələrinin zabit və kursantları, əsgərləri, həmçinin Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvü olan gənclər təşkilatlarının təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC