DTX-nin hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir

03 fevral 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev DTX-nin hərbi hissəsində gənc əsgərlərin Vətənə sədaqət andı içmələrinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir.

Əvvəlcə general-leytenant Mədət Quliyev və mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoymuşlar.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad olunmuşdur. Dövlət himni səsləndirilmişdir.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul etmişlər.
Ali Baş Komandan cənab İlham Əliyevin adından andiçmə münasibətilə hərbi hissənin şəxsi heyətini və valideynləri təbrik edən general-leytenant Mədət Quliyev zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi məsuliyyətli və şərəfli xidmətlərində uğurlar diləmişdir.
General-leytenant Mədət Quliyev qeyd etmişdir ki, dünyada, eləcə də bölgədə cərəyan edən hadisələrə baxmayaraq, möhtərəm Prezident cənab İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində regionun lider dövləti olan Azərbaycan uğurla inkişaf edir, sarsılmaz xalq-iqtidar birliyi sayəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır, təhlükəsizlik təmin olunur. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi bildirmişdir ki, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə görülən tədbirlər respublikanın müdafiə qabiliyyətini durmadan möhkəmləndirir, Silahlı Qüvvələrin hərbi potensialının və maddi-texniki bazasının gücləndirilməsi nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları arasında layiqli yerini tutmuşdur.
General-leytenant Mədət Quliyev qarşıda ölkəmizin ərazi bütövlüyünün bərpası kimi ən mühüm vəzifənin durduğunu və bu işdə hər bir Azərbaycan vətəndaşının, o cümlədən Azərbaycan əsgərinin üzərinə düşən vəzifələri yüksək səviyyədə icra etməyə borclu olduğunu diqqətə çatdırmışdır. 
Sonra DTX-nin hərbi qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında təntənəli surətdə tribuna önündən keçmişlər. Xatirə şəkli çəkdirilmişdir. 
General-leytenant Mədət Quliyev əsgərlərin xidmətinin nümunəvi və daha səmərəli təşkili, o cümlədən dünyagörüşünün genişləndirilməsi, Ulu Öndər Heydər Əliyevin dövlətçilik amallarının və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, hərbi-texniki və döyüş sahəsində müasir nailiyyətlərin nəticələrinin mənimsənilməsi, ümumən bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində hərbi hissədə yaradılmış şəraitlə tanış olmuş, öz tövsiyə və tapşırıqlarını vermişdir.
Andiçmə mərasimi başa çatdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev əsgər valideynləri ilə görüşmüşdür.