DTX-nin rəisi Mədət Quliyev veteran cüdoçular adından uğurlar arzulayıb

26 dekabr 2017-ci il

Dekabrın 26-da Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Əvvəlcə iştirakçı komandalar meydana dəvət olunublar.
Nazir Azad Rəhimov tədbirdə çıxış edərək 55 idman klubundan 500-dək cüdoçunun qatıldığı çempionatın əhəmiyyətini yüksək qiymətləndirib. A.Rəhimov Azərbaycan çempionatının mühüm sınaq olduğunu və istedadlı idmançıların yetişməsi baxımından əhəmiyyətini qeyd edib. Azərbaycan cüdoçularının yüksək nailiyyətləri ilə seçildiklərini xüsusi vurğulayan nazir idmançılarımızın bu il qazandıqları 851 medaldan 193-nün cüdoçuların payına düşdüyünü bildirib.
DTX-nin rəisi general-leytenant Mədət Quliyev möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı səyəsində ölkəmizdə idmanın bütün növləri, o cümlədən cüdo üzrə parlaq nəticələrin əldə edilməsinin sevindirici olduğunu vurğulayıb. İdmanın bu növünün inkişafında belə mötəbər turnirlərin önəmini qeyd edən Mədət Quliyev veteran cüdoçular adından iştirakçılara uğurlar arzulayıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bir müddət əvvəl dövlətimizin başçısı İlham Əliyevin idmançıları, o cümlədən cüdoçuları da mükafatlandırdığını diqqətə çatdırıb. Vitse-prezident 2017-ci ildə qazanılan uğurlarda cüdoçuların böyük payının olduğunu, “Tokio-2020” Yay Olimpiya Oyunlarında onlara böyük ümidlər bəslənildiyini vurğulayıb.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev cüdoçularımızın 2017-ci ildə də mühüm uğurlar qazandıqlarını deyib. Federasiya prezidenti Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil etdiklərinə görə cüdoçulara minnətdarlığını bildirib. O, bu uğurların növbəti ildə də təkrarlanması üçün idmançılara hər cür şəraitin yaradıldığını qeyd edib.

Çempionatı açıq elan edən Rövnəq Abdullayev cüdoçulara uğurlar arzulayıb.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra 2018-ci ildə ölkəmizdə təşkil olunacaq cüdo üzrə dünya çempionatına dair videoçarx göstərilib.

Açılış mərasimi tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.
Azərbaycan çempionatı dekabrın 28-dək davam edəcək.

AZƏRTAC