Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun məlumatı

17 fevral 2016-cı il

Qanunsuz valyuta mübadiləsi aparılmaqla valyuta tənzimlənməsi sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulmasına dair Bakı şəhər sakinindən daxil olmuş müraciətə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində baxılmışdır.
Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş birgə istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakininin təqdim etdiyi 10 min ABŞ dolları məbləğində pulun Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 13 saylı binanın 44-cü mənzilində Vasif Məmmədov və Fariz Rüstəmov tərəfindən 15 min 600 manat pula qanunsuz mübadiləsi aparılarkən sonuncular cinayət başında yaxalanmışlar.
Qeyd olunan ünvanda aparılmış axtarış zamanı qanunsuz valyuta mübadiləsində istifadə üçün nəzərdə tutulmuş cəmi 349 min 104 manat, 537 min 26 ABŞ dolları, 313 min 695 avro, 26 min 440 ingilis funt-sterlinqi olmaqla, ümumilikdə 19 ölkəyə məxsus və təqribən 1,5 milyon Azərbaycan manatı dəyərində milli və xarici valyutada pul vəsaitləri, habelə istintaq üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar aşkarlanaraq götürülmüşdür.
Həmin şəxslər tərəfindən valyuta tənzimlənməsi sahəsində mövcud qanunvericiliyin tələblərinin pozularaq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət işi başlanmışdır. Həmin maddə ilə ittiham olunan V.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, F.Rüstəmovun barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət hadisəsinin tam və hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.