Dövlət təhlükəsizliyinin təmin edilməsi sahəsində Heydər Əliyev ənənələri davam etdirilir

İyirmi ildir ki, ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları 28 martı peşə bayramı günü kimi qeyd edirlər. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən, mövcud quruluşu qorumaq, həmin totalitar rejimin ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub. Onu da qeyd edək ki, uzun müddət bu xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına imkan verilməyib. Yalnız gənc yaşlarından özünün yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı, fitrətən kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizliyi orqanında rəhbər vəzifələr tutduqdan sonra şəxsi heyətdə yerli və milli kadrların sayının artırılması, onların irəli çəkilməsi, eyni zamanda, azərbaycançılıq ruhunda tərbiyə edilməsi mümkünləşib. 

Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri, istefada olan polkovnik Şamil Qasım oğlu Süleymanov da onlardan biridir. Kəşfiyyat və əks-kəşfiyyat sahəsində zəngin təcrübəsi olan və hazırda ömrünün 82-ci baharını yaşayan bu nurani ağsaqqal və dəyərli ziyalı saflığı, təmənnasızlığı və əqidəliliyi xüsusi xidmət orqanı əməkdaşının ən mühüm mənəvi keyfiyyəti kimi səciyyələndirir. O, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında gənc zabit kimi xidmətə başlayaraq bu keyfiyyətlərə yiyələndiyi dövrü xoş duyğularla xatırlayır. Şamil müəllim özünün bioqrafiyası, ulu öndərlə ilk tanışlığı, vaxtilə kəşfiyyatçı kimi gördüyü işlər, hazırkı ictimai fəaliyyəti və rəhbərlik etdiyi veteranlar təşkilatına Dövlət Təhlükəsizliyi Xidmətinin göstərdiyi diqqət və qayğıdan söhbət açaraq dedi:
- Mənim gəncliyim Böyük Vətən müharibəsindən sonrakı çətin və mürəkkəb bir dövrə düşüb. Həmyaşıdlarımın əksəriyyəti kimi mənim də arzum ali təhsil almaq, yaxşı bir peşənin sahibi olmaq, cəmiyyətdə öz yerimi tapmaq idi. Neft Bakısında doğulub böyüdüyümə görə, 6 nömrəli orta məktəbin rus bölməsini bitirən kimi Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft-mədən fakültəsinə daxil oldum. 1958-ci ilin avqustunda ali təhsilimi başa çatdırıb ixtisasım üzrə yenicə əmək fəaliyyətinə başlamışdım ki, məni Dövlət Təhlükəsizliyi Komitəsinə (DTK) işə dəvət etdilər. SSRİ-nin nüfuzlu ali məktəblərini bitirmiş dörd nəfər həmyaşıdımla birlikdə məni gələcəkdə bu orqanda işləmək məqsədilə Belorusiyanın Mogilyov şəhərindəki kəşfiyyat məktəbinə oxumağa göndərdilər. Həmin vaxt SSRİ-də siyasi ab-hava mülayimləşmiş, əvvəllər qorxulu cəza aparatı kimi ad çıxarmış xüsusi xidmət orqanının əvəzinə yeni yaradılan DTK-nın gənc və ali təhsilli kadrlarla komplektləşdirilməsi qərara alınmışdı. Mogilyovda ikiillik təhsil proqramına bütün müttəfiq respublikaları təmsil edən 200 kursant cəlb olunmuşdu. Biz ilyarım ərzində nəzəri məsələləri öyrənməli, sonra altı ay müddətində öz respublikamızda təcrübə keçməli və buraxılış imtahanı verib işə təyinat almalı idik. Lakin nəzəriyyədən imtahan verdiyimiz günlərdə - 1960-cı ilin yanvarında bizi iclas zalına yığaraq, o vaxtkı DTK sədri A.Şelepenin əmri ilə ehtiyata buraxıldığımızı elan etdilər və bizi öz respublikalarımıza yola saldılar. 
Mən Bakıya qayıdıb, dərhal öz ixtisasım üzrə işləməyi qərara aldım. Neft-mədən mühəndisi olsam da, işə fəhləlikdən başladım. İki ilə yaxın bu sahədə çalışdım, qısa müddətdə istismar üzrə mühəndis vəzifəsinə irəli çəkildim, ilk komsomol təşkilatının katibi seçildim. Tezliklə partiya işinə keçmək, siyasi-dövlət idarəçiliyi sistemində vəzifə tutmaq perspektivi haqqında düşündüyüm bir vaxtda - 1961-ci ilin dekabrında DTK-nın nümayəndələri evimizə gələrək mənim ehtiyatdan xidmətə çağırıldığımı bildirdilər. Sözün düzü, planlarım başqa idi, lakin respublika DTK-sının sədri A.Kardışevlə söhbətdən sonra fikrimi dəyişdim. Dəqiq yadımdadır ki, dekabrın 21-də kadrlar şöbəsinin rəisi məni əməkdaşı olacağım əks-kəşfiyyat şöbəsinin rəisinin qəbul edəcəyini bildirdi. Kabinetə daxil olduq. Kadrlar şöbəsinin rəisi məni təqdim edərək dedi: “Heydər Əliyeviç, bu həmin Süleymanovdur, neft mədəninin mühəndisidir”. Hündür boylu, alagözlü, iti baxışlı şöbə rəisi ayağa qalxaraq mənimlə görüşdü, sonra yer göstərdi və özü də gəlib üzbəüz əyləşdi... Özünün yüksək mədəniyyəti və dərin zəkası ilə elə ilk görüşdəcə məndə xoş və böyük təəssürat yaradan Heydər Əliyevlə iki saatlıq söhbətdən anladım ki, həyatımda yeni bir dövr başlanır. Bu söhbət mənim üçün əsl həyat dərsi oldu. Onun həmsöhbətinin gözünün içinə baxaraq dediyi sözlər adamın birbaşa qəlbinə nüfuz edirdi. Güclü intuisiyası ilə sanki həmsöhbətinin nə düşündüyünü ən xırda təfərrüatına qədər hiss edə bilirdi. 
İkinci şöbədə Heydər Əliyevin rəhbərliyi altında işləməyə, əks-kəşfiyyatın incəliklərini öyrənməyə başladım. Hər gün gördüyümüz iş barədə ona məruzə edir, tövsiyələrini dinləyir, tapşırıqlar alırdıq. Müdrik və istedadlı rəhbər kimi qarşıya qoyulan vəzifələri dəqiq müəyyənləşdirir, əməliyyat tapşırıqlarını səbr və təmkinlə bizə izah edir, hər bir çətinliyin öhdəsindən gəlməyimizə yardımçı olurdu. Peşəkar və tələbkar rəisimiz bizi öz işini mükəmməl bilən, geniş dünyagörüşünə yiyələnmiş bacarıqlı bir zabit kimi yetişdirirdi. Buna görə də həmin dövrün gənc əməkdaşlarının əksəriyyəti sonralar nəinki respublikamızda, həmçinin SSRİ-nin digər yerlərində dövlət təhlükəsizliyi orqanlarında yüksək vəzifələrə irəli çəkildilər. Dövlət təhlükəsizliyi orqanlarında işlədiyim 40 il ərzində mən də bu dahi şəxsiyyətin tövsiyələrinə daim əməl etməyə çalışdım...
O vaxt podpolkovnik rütbəsində olan Heydər Əliyevin rəhbərlik etdiyi İkinci şöbə respublika DTK-sının əsas şöbəsi sayılırdı, onun tərkibində müxtəlif istiqamətlər üzrə 15 bölmə fəaliyyət göstərirdi. Sovet dövlətinin rəhbəri N.Xruşşovun apardığı islahatlar nəticəsində Birinci şöbənin - kəşfiyyat şöbəsinin funksiyaları məhdudlaşdırılmış, ştatda cəmi 7-8 nəfər işçi saxlanılmışdı. Onu da deyim ki, A.Şelepenin sədr olduğu dövrdə DTK-da 16 min əməkdaş ixtisara salınmışdı. Lakin dövlətin təhlükəsizliyinin təmin edilməsində kəşfiyyatın əhəmiyyətini dərk edən sovet rəhbərliyi 1962-ci ildə yenidən bu sahəni gənc kadrlarla gücləndirməyi qərara aldı. Tabeliyində olan gənc əməkdaşlara, xüsusən, öz doğma xalqının nümayəndələrinə xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev onlardan bir neçəsinin kəşfiyyat xidmətinə keçirilməsinə nail oldu. Mən də onun tövsiyəsi və təqdimatı ilə xidmətimi Birinci şöbədə davam etdirməli oldum və indi qürur hissi ilə deyə bilərəm ki, həm intellektual, həm də fiziki baxımdan xüsusi hazırlıq tələb edən bu çətin və mürəkkəb sahədə uzun illər səmərəli fəaliyyət göstərərək ulu öndər Heydər Əliyevin etimadını layiqincə doğrultmağı özümə şərəf bildim.
Yaxşı xatırlayıram ki, Dövlət Təhlükəsizliyi Komitəsində kəşfiyyat və əks-kəşfiyyat işi ilə məşğul olmaqla yanaşı, Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafı üçün də əlindən gələni edirdi. O, nəinki komitədə, ümumən, respublikada böyük nüfuz sahibi idi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov respublikada bir çox sahələrdə, hətta kənd təsərrüfatında mövcud vəziyyət barədə dəqiq və dürüst məlumatı şəxsən Heydər Əliyevdən alır, onun tövsiyə və məsləhətlərinə qulaq asırdı. İqtisadiyyatın bütün sahələrinə dərindən bələd olmasının nəticəsi idi ki, respublikanın birinci şəxsi seçildikdən sonra Heydər Əliyev qısa vaxtda Azərbaycanda kənd təsərrüfatının da, sənayenin də sürətli inkişafına nail oldu.
Ulu öndər Heydər Əliyevdən əxz etdiyim peşəkarlıq keyfiyyətləri sovet kəşfiyyatının nümayəndəsi kimi xaricdə fəaliyyət göstərdiyim dövrdə də mənə əməliyyat şəraitini düzgün qiymətləndirmək, ən mürəkkəb tapşırıqları uğurla yerinə yetirmək imkanı verib. Mən xarici ölkələrin birində SSRİ səfirliyinin 3-cü katibi, digər dövlətdə isə səfirin elm və texnika üzrə müşaviri vəzifəsində işləyərkən həm diplomatik fəaliyyətdə, həm də kəşfiyyat xidmətində qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmışam. Onu da deyim ki, SSRİ DTK-sının yalnız 16 ölkədə elmi-texniki kəşfiyyat üzrə təmsilçisi var idi. Bu sahə üzrə müşavir vəzifəsi yalnız inkişaf etmiş ölkələrdəki səfirliklərdə Sov.İKP MK Siyasi Bürosunun məxfi qərarı ilə təsis olunmuşdu. Mən digər xarici ölkədə dörd il DTK-nın rezidenti kimi elmi-texniki kəşfiyyata rəhbərlik etdim. Bu müddətdə bir sıra uğurlu əməliyyatlar gerçəkləşdirdik ki, bunlardan biri də adını çəkməyəcəyim dövlətin müharibə vəziyyətində istifadə etmək məqsədilə saxladığı fövqəlgizli avadanlıqların ələ keçirilməsi və Sovet İttifaqına göndərilməsi idi.
Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində, 1990-cı ildə mən artıq Bakıya qayıtmışdım və respublika DTK-sında işləyirdim. 4 iyun 1992-ci ildə AXC hakimiyyətə gəldikdən sonra işdən getməli oldum. Həmin vaxt komitənin əks-kəşfiyyat idarəsinə rəhbərlik edirdim. Dövlətçiliyin qorunub saxlanması üçün müstəsna əhəmiyyəti olan xüsusi xidmət orqanına heç bir aidiyyəti, idarəçilik təcrübəsi olmayan səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbər təyin edilməsinə dözmək mümkün deyildi. Həmin şəxslərdən biri kollektivə təqdim ediləndən sonra bizi yığıb ağıl öyrətməyə çalışdı, hətta müstəqil dövlətimizin təhlükəsizliyini təhdid edən ölkələrdən danışarkən Ermənistanın adını belə çəkmədi. Bundan sonra mən dözməyərək ayağa qalxıb dedim: “Yoldaşlar, biz böyük bir məktəb keçmişik, bizim inandığımız həqiqət belədir ki, əsl düşmən bizə qarşı vuruşan dövlətdir. Bu gün bir nömrəli düşmənimiz bizimlə vuruşan Ermənistandır. Siz bunu diqqətdə saxlayın, bu adamın heç nədən xəbəri yoxdur, nə dediyini də bilmir...”. Ertəsi günü raportomu yazıb verdim və getdim.
Pensiyaya çıxdıqdan sonra vaxtilə dövlət təhlükəsizliyi orqanlarında çalışmış, kəşfiyyat və əks-kəşfiyyat sahəsində zəngin əməliyyat təcrübəsi olan dostlarımla, həmkarlarımla yığışıb ictimai təşkilat yaratdıq. Hazırda bu təşkilatın - Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin 400 nəfərə yaxın üzvü var. Biz, əsasən, xüsusi xidmət orqanlarından pensiyaya çıxmış şəxslərlə işləyirik. Lakin uzun illər idi ki, bizim nəsildən olan pensiyaçıları dövlət təhlükəsizliyi ilə bağlı ictimai fəaliyyətə yaxın buraxmırdılar. Halbuki biz öz bilik və təcrübəmizi yeni gələn nəslə öyrədə bilərik, çünki dövlət təhlükəsizliyi orqanında varislik çox mühüm şərtdir. Bu orqana gələndə bizə Heydər Əliyev rəhbərlik edirdi, öz təcrübəsini öyrədirdi, bizi doğru yola yönəldirdi. Bu orqanlarda işləyib, öz mənafeyini güdmək, öz şəxsi maraqların üçün çalışmaq olmaz. İlyarım əvvəl respublikamızın dövlət təhlükəsizliyi orqanında dönüş mərhələsi başlandı və aparılan köklü islahatlara görə biz möhtərəm Prezident cənab İlham Əliyevə təşəkkür edirik. Cənab Prezidentin nəzarəti və tələbkarlığı, eləcə də bu orqana göstərdiyi diqqət və qayğı sayəsində kollektiv dövlətimizin təhlükəsizliyinin keşiyində daha ayıq-sayıq durmağa səfərbər edilməklə yanaşı, bu xidmətə yaramayan, vəzifəsindən sui-istifadə edən, rüşvətxor şəxslərdən də təmizlənib. 
Həyata keçirlən islahatlar bu orqanın əvvəlki nüfuzunun qaytarılmasına, xalqın ona olan inam və etimadının bərpa olunmasına xidmət edir. İndi Dövlət Təhlükəsizliyi Xidməti (DTX) öz işini müstəqil dövlətçilik prinsiplərinə, ölkə rəhbərinin tələblərinə uyğun şəkildə qurmaqla yanaşı, mütərəqqi tarixi-peşəkarlıq ənənələrinə varisliyin təmin edilməsinə də diqqət və qayğıkeşlik göstərir. Biz veteranlar da bu işlərdə can-başla iştirak etməyə çalışırıq. Qoy xalq görsün ki, bir vaxtlar onunla ünsiyyətdə olan köhnə qvardiya yenə Azərbaycan naminə öz missiyasını yerinə yetirir... 
Xatırlatmaq istərdim ki, Ulu Öndər Heydər Əliyev dövlət təhlükəsizliyi orqanına rəhbərlik etdiyi dövrdə çekistlərin xalqla yaxın ünsiyyətini vacib sayırdı. Ulu öndərin təsdiqlədiyi tədbirlər planına əsasən, biz əməliyyatçılar, xüsusən azərbaycanlı əməkdaşlar çox incə məqamlarla milli təəssübkeşlik amallarını özündə daşıyan mövzularda da müxtəlif əmək kollektivləri ilə görüşlər keçirirdik. Bizi hər yerdə çox böyük ehtiramla və maraqlı bir müsahib kimi qarşılayırdılar. Elə o vaxtlardan Heydər Əliyevin xalq arasında necə şöhrət qazandığını, necə sevildiyini görürdük. Təsadüfi deyil ki, onun Azərbaycanın birinci şəxsi seçilməsi respublika əhalisində dərin razılıq və məmnunluq hissi doğurmuş, ruh yüksəkliyi yaratmışdı. Respublikamızın hər il ardıcıl olaraq öz uğurlarına görə ittifaq dövlətinin mükafatlarını qazanması məhz Heydər Əliyevin xalqı yüksək ideallar uğrunda mübarizəyə səfərbər etmək bacarığının nəticəsi idi. Dövlət təhlükəsizliyi orqanı əməkdaşları da daim xalqla birlikdə olmaqdan qürur duyurdular.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında işləmiş və zəngin təcrübə toplamış kəşfiyyat və əks-kəşfiyyat veteranlarına DTX-nın bu gün diqqət və qayğı göstərməsi, gənclərin ideya-mənəvi tərbiyəsində onların təcrübə və tövsiyəsindən istifadə etməyə çalışması olduqca təqdirəlayiq haldır. Bizim nəslə göstərilən qayğının konkret bir nümunəsi haqqında söz açmaq istərdim. Vaxtilə Avropa ölkələrində kəşfiyyatçı kimi gizli fəaliyyət göstərmiş həmkarlarımızdan biri sonralar səhhəti ilə əlaqədar geri çağırılmış və Azərbaycanda dövlət təhlükəsizliyi orqanında xidmətini davam etdirmiş, burada əks-kəşfiyyatda işləyən Tamilla xanım Haşımova ilə ailə qurmuşdu. Onu da qeyd edim ki, bu izdivac məhz Heydər Əliyevin DTK-da rəhbər olduğu dövrdə, həm də onun xeyir-duası ilə baş tutmuşdu. Həmin Tamilla xanım çoxdandır ki, pensiyadadır. Uzun müddətdir biz veteranlar onun mənzil şəraitini necə yaxşılaşdırmaq haqqında düşünürdük. Məsələ barədə DTX-nın rəhbərliyinə məlumat verdik və ahıl həmkarımızın problemi qısa vaxtda həll olundu. 
Yeni yaradılmış Xidmətlə bizim ictimai birliyin arasında çox səmərəli əməkdaşlığın əsası qoyulub. Biz gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmasında kəşfiyyat və əks-kəşfiyyat veteranlarının fəal iştirakını təmin etmək məqsədilə DTX ilə birgə tədbirlər planı hazırlamışıq və onu həyata keçirməyə başlamışıq. Bir müddət əvvəl “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda DTX-nin Mədəniyyət Mərkəzində təşkil olunmuş konfransda mən də iştirak və çıxış etdim. Qeyd etdim ki, hər bir azərbaycanlı, xüsusilə, vətənpərvər gənc nəslin nümayəndələri respublikamızın suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunması işinə səfərbər olmalı, hər kəs çalışdığı sahədə, imkanı daxilində öz töhfəsini verməlidir. Hamı bu işdə bir olmalı, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin ətrafında daha da sıx birləşməlidir. Sıralarımız nə qədər sıx olsa, düşmən niyyətli, ekstremist düşüncəli şəxslərin ölkəmizə soxulmaq cəhdləri bir o qədər tez və qətiyyətli şəkildə puça çıxarılacaqdır. Bu işdə mədəniyyət və incəsənət xadimləri, ziyalılar xüsusilə fəal olmalıdırlar. Terrorçuluğun, ekstremizmin, radikalizmin mahiyyətinin xalqa çatdırılması üçün vətənpərvərlik ruhunda əsərlər yazılmalıdır...
Bu gün Azərbaycanda hökm sürən sabitliyin, əmin-amanlığın qədrini bilməliyik. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və mükəmməl daxili və xarici siyasət sayəsində ölkəmiz dünyada sabitlik və inkişaf məkanı kimi tanınır. Dövlət başçısı xalqımızın rifahının daha da yüksəldilməsi, həm də hər bir vətəndaşın cəmiyyətə fayda verməsi üçün geniş imkanlar yaradır.
Ulu öndər Heydər Əliyev deyirdi: “Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun”. Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları peşəkarlıq və müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarci qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyurlar. 
Onlara bu şərəfli fəaliyyətlərində uğurlar arzulayıram!

Söhbəti yazdı: Möhtərəm Rəcəbova, "Respubika"