Dövlət Təhlükəsizliyi Xidmətinin "N" hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

14 fevral 2016-cı il

Hərbi hissənin şəxsi heyətinin və əsgər valideynlərinin iştirakı ilə keçirilən təntənəli mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, Ulu öndərin abidəsi önünə gül dəstəsi düzülüb.
Təntənəli mərasim Döyüş bayrağının hərbi marşın sədaları altında sıra meydanına gətirilməsi ilə başlanıb. Vətənin müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni ifa olunub.
Sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.


Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev çıxış edərək gənc əsgərləri, onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edib, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında misilsiz xidmətlərindən, Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da qazanılan uğurlardan danışıb. Qeyd olunub ki, dövlət başçısının bilavasitə rəhbərliyi, diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin regionda ən güclü olduğu bu gün müvafiq beynəlxalq qurumlar tərəfindən də etiraf edilir.


General-leytenant Mədət Quliyev bildirib ki, hərbi andı qəbul edən əsgər vəzifəsinə şüurlu münasibət bəsləməli, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı, doğma torpağını, xalqını və dövlətini sonsuz məhəbbətlə sevməli, lazım gələrsə Vətəni uğrunda canından belə keçməyə hazır olmalıdır. Eyni zamanda, əsgərlərimiz hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməli, komandirlərin və rəislərin əmrlərini sözsüz və vaxtında icra etməli, hərbi peşənin sirlərini dərindən öyrənməlidirlər. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi gənc əsgərləri işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olmağa çağırıb.
Gənc əsgərlər adından çıxış edən Ə.Ənvərzadə onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını, hərbi biliklərə səylə yiyələnəcəklərini, Vətənə və xalqa sədaqətlə xidmət edəcəklərini bildirib.
Sonra gənc əsgərlər təntənəli şəkildə hərbi marşın sədaları altında mətin addımlarla tribuna önündən keçiblər. Andiçmə mərasiminin sonunda xatirə fotoşəkli çəkdirilib. Valideynlər övladları ilə görüşüblər.