Dövlət Təhlükəsizliyi Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

19 yanvar 2017-ci il

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi, əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər. Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyulmuşdur.

Dövlət Təhlükəsizliyi Xidmətinin akt zalında davam edən anım tədbirində faciə qurbanlarının və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilmişdir.
Tədbirdə bildirilmişdir ki, 20 yanvarda Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan etmişdir. Məhz bu fədakarlıq və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatmış, milli azadlığına qovuşmuşdur.
Baş verən qanlı olaylardan dərhal sonra Vətənini və xalqını sonsuz məhəbbətlə sevən Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyəti xüsusi qeyd edilmişdir. Ümummilli Lider Heydər Əliyev özünə və ailəsinə qarşı olan təhlükə və hədələrə baxmayaraq, bu qətliamı törədənlərin adlarını açıq şəkildə çəkmiş, onların cəzalandırılmasını tələb etmişdir. Məhz dahi şəxsiyyət Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra onun təşəbbüsü ilə ilk dəfə bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilmişdir.
Qeyd olunmuşdur ki, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezidentimiz Zati-aliləri cənab İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan böyük uğurlar qazanmaqdadır. Dövlət başçısı müdrik və çoxşaxəli fəaliyyətində tarixilik və müasirlik amilini əsas tutaraq milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılması və inkişaf etdirilməsinə böyük diqqət yetirir. Müstəqilliyimizin əldə olunmasında, qorunub saxlanılması və möhkəmləndirilməsində rolu olan insanlara qayğı ilə yanaşır.
Xüsusi vurğulanmışdır ki, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyi gündən-günə daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir və qüdrətlənir. Ordumuz gücləndikcə torpaqlarımızın erməni işğalından azad ediləcəyi gün də yaxınlaşır.
Tədbirin sonunda 20 Yanvar faciəsi barədə sənədli film nümayiş edilmişdir.