Sənədlər

Heydər Əliyevin 1960-1970-ci illərdə Azərbaycan əleyhinə yönəlmiş erməni-daşnak qüvvələrinin məkrli planlarına qarşı qətiyyətli mübarizəsi

1813-cü ildə Gülüstan, 1828-ci ildə isə Türkmənçay müqavilələrinin imzalanması ilə Azərbaycanın tarixi və əzəli torpaqlarının bölünməsi başa çatmadı, əksinə ərazilərimizin zorən qoparılması prosesi düşmən qüvvələrin himayəsi, təhriki və bilavasitə iştirakı ilə ardıcıl xarakter aldı və davam etdi. Bir çox qonşu ölkələrdə yaşayan ermənilərin məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsinə başlandı və azərbaycanlıların dədə-baba yurdlarında “erməni vilayəti” adlandırılan qondarma inzibati ərazi bölgüsü yaradıldı. Daha sonra isə “böyük Ermənistan” xülyası təbliğ olunmağa başlanıldı və bu məqsədlə kökündə vəhşət və terrorun dayandığı müxtəlif erməni təşkilatları meydana çıxdı. Bununla da ermənidaşnak qüvvələrinin Azərbaycan xalqının məhv edilməsi və onun torpaqlarının qəsb olunması istiqamətində daha məkrli və məqsədyönlü siyasətinin bünövrəsi qoyuldu.

Ədalət gözləyən tariximiz

XIX əsrin əvvəllərindən başlayaraq işğalçı müharibələr nəticəsində Azərbaycan iki hissəyə bölündükdən sonra çar Rusiyasının tərkibinə daxil edilən Şimali Azərbaycana, tarixi etnik türk və müsəlman torpaqlarına, xüsusən Naxçıvana, İrəvana və Yelizavetpol quberniyalarının dağlıq ərazilərinə, indiki Dağlıq Qarabağa əsrlər boyu formalaşmış demoqrafik vəziyyəti pozan, əlverişli iqtisadi imkanlar qazanaraq milli münasibətləri kəskinləşdirən, Cənubi Qafqazda imperiya-müstəmləkəçilik siyasətinin aləti olan və “qoy özümə yer edim, gör sənə nə edərəm” prinsipini bayraq edən ermənilər tərəfindən az keçməmiş azərbaycanlılara, eləcə də burada yaşayan digər xalqlara, o cümlədən kürdlərə, ləzgilərə, avarlara, ruslara, yəhudilərə, talışlara və digərlərinə qarşı amansız qətliamlar törədilmişdir. Sonrakı dövrlərdə, xüsusilə 1905-1907 və 1917-1918-ci illərdə xarici qüvvələrin və siyasi dairələrin köməyi ilə erməni-daşnak silahlı birləşmələri tərəfindən Azərbaycan torpaqlarının demək olar ki, hər tərəfində soydaşlarımıza qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar, soyqırımları həyata keçirildi. Bu qırğınlara bir çox xarici ölkələrlə yanaşı, Rusiya imperiyası tərəfindən göz yumulur, hətta rəvac verilirdi. Qısa müddət ərzində erməni-daşnak qaniçənlərinin hərbi təcavüzləri və terrorları nəticəsində yüz minlərlə azərbaycanlı əhalisi kütləvi qırğına məruz qaldı, zorla öz torpaqlarından didərgin salındı, əmlakları talan olundu. Çar Rusiyasında sosial-siyasi proseslər gərginləşdiyi bir zamanda, xüsusən 1905-1907-ci illərdə, Birinci Dünya müharibəsi dövründə erməni-daşnak silahlı dəstələri əvvəlcə imperiyanın müxtəlif yerlərində hərbi əməliyyatların gedişində, daha sonra isə 1918-1920-ci illərdə qədim Azərbaycan torpağı olan indiki Ermənistanın ərazisində, Şərqi Anadoluda, Cənubi Azərbaycanda, Borçalıda türklərə, azərbaycanlılara, müsəlmanlara qarşı soyqırımları törətdilər. Birinci Dünya müharibəsi illərində Bakı, Naxçıvan, Gəncə, İrəvan və digər şəhərlərə rus-türk cəbhəsindən qaçqın adı ilə gələn və yerləşdirilən silahlı ermənilər sonrakı illərdə həmin soyqırımlarda xüsusi rol oynadılar. Yalnız 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və sonrakı fəaliyyəti nəticəsində bu amansız qırğınların, qətliamların qarşısını az da olsa almaq mümkün oldu. Qeyd etmək yerinə düşərdi ki, həmin illərdə ermənilərin bir hissəsi bolşeviklərlə əməkdaşlığa girərək bu qırğınları törətdiyi bir vaxtda, digər bir hissəsi də ehtiyat variant kimi, yəni bolşeviklərin hakimiyyəti uzunmüddətli olmayacağı təqdirdə hər ehtimala qarşı digər xarici qüvvələrlə danışıqlar aparır və hər iki qrup öz hərəkətlərini bir-biriləri ilə əlaqəli şəkildə qururdular. Zaqafqaziyada bolşevik hakimiyyəti bərqərar olduqdan sonra da ermənilər öz çirkin ambisiyalarından və niyyətlərindən əl çəkməyərək yaranmış şəraitdən məharətlə istifadə etməyə nail oldular. Belə ki, daşnakların fəaliyyəti və bolşevik diktaturasının təzyiqləri nəticəsində 1920-ci ildə Azərbaycanın bütövlükdə Zəngəzur vilayəti və ayrı-ayrı bölgələrindən qoparılmış ərazilər onsuz da əzəli Azərbaycan torpaqlarında süni yaradılmış qondarma Ermənistan SSR-yə “hədiyyə” edildi. Bu, Azərbaycan üçün İrəvan şəhərinin Ermənistana verilməsindən sonra ən böyük torpaq itkilərindən biri idi.

Arayış: “1918-ci il mayın 29-da Həsənbəy Ağayevin sədrliyi ilə Müsəlman Milli Şurasının ikinci iclası keçirildi. İclasda xalqımız üçün taleyüklü bir məsələ olan və bu gün də müxtəlif fikirlər doğuran İrəvanın siyasimərkəz kimi Ermənistana güzəşt edilməsi məsələsi müzakirə olundu. Şuranın üzvü Fətəlixan Xoyski Ermənistanla Azərbaycan arasında sərhəd məsələləri barədə Şuranın üzvləri ilə Ermənistan Milli Şurasının üzvləri arasında aparılmış danışıqlar haqqında məlumat verdi. F.Xoyski qırğınların dayandırılması məqsədilə, məruzəsində ermənilərin özlərinin siyasi mərkəzlərini yaratmaq üçün İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçılmaz olduğunu bəyan etdi. Bu məsələ ilə bağlı X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxülislamov və M.Məhərrəmov çıxış edərək İrəvanın Ermənistana güzəştə gedilməsinin tarixi zərurət, lakin bizim üçün qaçılmaz acı bir həqiqət olduğunu qeyd etdilər. 28 nəfər Şura üzvündən 16 nəfəri bu təklifin lehinə, bir nəfər əleyhinə səs verdi, 3 nəfər isə bitərəf qaldı (Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA) – s. 1, iş 1, vərəq 51-52., Paşayev A.Ə. “XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar”, Bakı: Çaşıoğlu, 2011, səh.104).

Maraqlıdır ki, 1918-ci ilin mayına olan məlumatlara əsasən qədim, tarixi-etnik Azərbaycan torpaqlarında qurulmuş Ermənistan 400 min əhalisi olan iki qəzadan – İrəvan və Üç kilsə qəzalarından ibarət idi ki, onun da əhalisinin yarıdan çoxu müsəlman idi (Большая Советская Энциклопедия - т.I, т.III, M. 1926, c. 437).

Azərbaycan sovetləşdikdən sonra bolşevik cildində respublikaya qayıdan erməni daşnakları müxtəlif partiya və hakimiyyət orqanlarında məsul vəzifələr tutaraq antiAzərbaycan fəaliyyətlərini yeni siyasi quruluşun şüarları ilə pərdələnmiş halda gizli və qəddarlıqla davam etdirirdilər. Sovet-bolşevik hakimiyyəti qurulduqdan sonra xaricə qaçmış yüzlərlə daşnakın nəinki Ermənistana, hətta Azərbaycana qayıtmasına 1920-1930-cu illərdə icazə verilsə də, mühacir azərbaycanlıların müvafiq istəkləri yerinə yetirilmədi. Məsələn, hələ RK(b)P MK siyasi bürosunun 1923-cü il 22 noyabr tarixli iclasında (protokol nömrə 47) SSRİ xalq xarici işlər komissarının müavini M.Litvinovun təqdimatı əsasında Türkiyədən olan qaçqın ermənilər haqqında məsələ müzakirə edildi. Qərarda 10 min nəfər erməninin Türkiyədən SSRİ hüdudlarında qəbul olunmasına etiraz edilmir, eyni zamanda bu işin dövlət büdcəsi tərəfindən maliyyələşdirilməməsi qeyd olunurdu. Nəticədə gələn ermənilərin bir hissəsi Azərbaycana yerləşdirildi (Российский государственный архив социально-политической истории (РГАСПИ), фонд 17, oп.3, д.395, l.1).

1920-ci ilin aprel işğalına qədər Azərbaycan ərazisi, əhalisi, hətta dünyanın söz sahibi olan aktorları səviyyəsində tanınan sərhədlərə malik idi, milli hökumətini də qura bilmişdi. Sovet dövründə isə Azərbaycan əslində SSRİ-nin tərkibində müstəqilliyi və müttəfiqliyi formal olan on beş sovet respublikalarından biri idi. Sözsüz ki, belə bir şəraitdə Azərbaycanın dövlət suverenliyindən söhbət gedə bilməzdi. Çünki hətta bəzən məhəlli səviyyədə həll oluna biləcək məsələlər üçün də göstərişlər Moskvadan verilirdi. SSRİ-nin tərkibinə qatıldıqdan sonra Azərbaycanda aparılan məqsədyönlü siyasi-ideoloji fəaliyyət və təbliğat nəticəsində ermənilər tərəfindən on illərlə xalqımıza qarşı törədilmiş amansız qətliamların və soyqırımların azərbaycanlıların yaddaşından silinməsi, dövlət arxivlərdən isə bunu sübut edən tarixi-faktoloji sənədlərin məhv edilməsi siyasəti həyata keçirilirdi. Digər tərəfdən, erməni-daşnak qüvvələri hiyləgərliklə öz havadarlarının bilavasitə köməyi ilə mənfur ilhaqçılıq siyasətlərinin gələcəkdə davam etdirilməsi üçün zəmin yaradırdılar. Azərbaycanın Qarabağ və ətraf ərazilərinə ermənilərin köçürülməsi də planlı şəkildə davam etdirilirdi. Nəhayət, 1923-cü ildə Azərbaycanın tərkibində əndrabazi Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlı ərazi vahidi yaradıldı. Ermənilər bundan sonra da tədbirli şəkildə fəaliyyətlərini davam etdirərək, istər keçmiş ittifaq rəhbərliyi yanında, istərsə də bəzi xarici ölkələrdəki siyasi dairələrdə cidd-cəhdlə özlərinin mifik yazıq və məzlum obrazlarını yaradır, çirkin niyyətlərini həyata keçirmək məqsədilə münbit şəraitin yetişməsini gözləyirdilər. Belə bir böyük imkanı erməni-daşnak qüvvələri İkinci Dünya müharibəsi qurtardıqdan sonra əldə etməyə nail oldular. Azərbaycan xalqı əsassız erməni iddiaları ilə üz-üzə qaldı. Erməni-daşnak başbilənləri Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməyə başladılar. Ermənistan KP MK katibi Q.Arutunov 1945-ci ilin noyabr ayında Moskvaya məktub yazaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırdı. (Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi (ARSPİHDA), – f.1, siy.169, iş 249, v.5-14. M.Qasımlı. “Heydər Əliyev – istiqlala gedən yol”, Bakı Universiteti nəşriyyatı, 2006, səh.59). Lakin bu plan baş tutmadı. Belə olduqda erməni dairələri başqa bir varianta əl atdılar. Onlar xaricdəki ermənilərin repatriasiyasına – Ermənistana qayıtmasına icazə verilməsini mərkəzdən xahiş etdilər. O vaxtlar bu məsələlərin həllində “soyuq müharibə”nin başlamasının və vüsət almasının da müəyyən mənada rol oynadığını desək yanılmarıq. Belə ki, daim Azərbaycana və xalqımıza dəstək olan Türkiyə Cümhuriyyətinin ərazisi istiqamətindən Şimali Alyansın – NATO-nun özünün cənub sərhədlərinə yaxınlaşdığını görən Sovet rəhbərliyi həmin istəyi həvəslə yerinə yetirdi. Heç şübhəsiz, SSRİ rəhbərliyində çalışan erməni siyasi nomenklaturası da bu işdə mühüm rol oynayırdı. Beləliklə, erməni-daşnak dairələri qarşılarına qoyduqları üç vəzifədən birini reallaşdırdılar. Bu repatriasiya oyununda vaxtilə qaçmış daşnakların və digər erməni “təşkilatlarının” üzvlərinə də Ermənistana köçməyə icazə verildi. Bundan sonra məkrli planın ikinci mərhələsinə rəvac verildi. Belə ki, “köçürülən ermənilərin yerləşdirilməsi üçün lazımi şərait olmadığından” Ermənistandakı tarixi torpaqlarında, xüsusən Türkiyə ilə sərhəddə yaşayan azərbaycanlıların məcburi köçürülməsi məsələsi qaldırıldı. SSRİ rəhbərliyi bu “zərurəti” də nəzərə aldı.

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarlarına uyğun olaraq azərbaycanlılar 1948-1953-cü illərdə planlı şəkildə, lakin başqa, təsərrüfat quruculuğu adı altında Azərbaycanın iqlim cəhətdən əlverişsiz olan aran rayonlarına köçürüldülər. 1948-ci ildə 24 min 631 nəfər, 1949- cu ildə 54 min 373 nəfər, 1950-ci ildə 65 min 650 nəfər azərbaycanlı tarixi-etnik torpaqlarından – Ermənistandan deportasiya edildi (Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA) – f.28, siy.1, iş 185, v.1-8, M.Qasımlı. “Heydər Əliyev – istiqlala gedən yol”, Bakı Universiteti nəşriyyatı, 2006, səh.59). Beləliklə, 1917-ci ilin sonlarından 1918-ci ilin mart ayınadək İrəvan quberniyasında azərbaycanlılara qarşı kütləvi soyqırımı həyata keçirərək 198 kəndi yerlə-yeksan edən, əhalisini qaçqına çevirən erməni terrorçu dəstələrinin fəaliyyətini artıq başqa formada və üslubda davam etdirən erməni-daşnak kommunistləri sovet hakimiyyəti illərində istəklərinin yerinə yetirilməsinə rəsmi qərarlarla nail oldular. Ermənistanın əksər rayonlarında yaşayan azərbaycanlı əhalinin doğma torpaqlarından zorla Azərbaycanın “Kür-Araz” ovalığına köçürülməsi barədə qərarın qəbul edilməsi ilə Azərbaycan xalqının faciəvi kütləvi deportasiyası başladı.

Beynəlxalq humanitar hüquq normalarına, xüsusilə Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinin müddəalarına əsasən – “Forced-migration of people” – “Əhalinin zorla köçürülməsi”, “İlleqal deportation or resettlement” – “Qanunsuz deportasiya və ya köçürülmə” kimi hərbi cinayətlər hesab edilən, heç bir mənəvi və bəşəri çərçivəyə sığmayan bu amansız zorakılıqlar nəticəsində qısa müddət ərzində 150 mindən çox azərbaycanlı öz yurdundan didərgin salındı. Deportasiya elə vəhşiliklə həyata keçirilirdi ki, hətta azərbaycanlılar evlərindən heç bir əşya götürməyə macal tapmadan doğma yurdlarını tərk etməyə məcbur edilirdilər.

Yeni erməni talanları ilə planın üçüncü mərhələsi başlandı. SSRİ-dəki erməni-daşnak dairələri və siyasi nomenklaturası Mərkəzi rəhbərliyin yanında müxtəlif təbliğat və təşviq işləri aparmaqla yanaşı, ikili oyun oynayırdılar. Onlar SSRİ ərazisində təxribatlar yaratmaq məqsədilə bir çox xarici ölkələrin siyasi mərkəzləri və xüsusi xidmət orqanları ilə gizli şəkildə əməkdaşlıq edir, onlardan maliyyə və digər yardımlar alırdılar (AR DTX-nin arxivi). “Soyuq müharibənin” qızışdığı bir dövrdə xarici ölkələrin siyasi dairələri və xüsusi xidmət orqanları üçün isə SSRİ ərazisində bu təxribatların əsas hədəfinin kim olduğu və nəyə qarşı yönəldiyinin mahiyyətinin elə də əhəmiyyəti yox idi. Əsas məqsəd sovetlər ittifaqını zəiflətmək idi. Elə bu baxımdan da ən yaxşı alət ermənilər hesab olunurdu. Eyni zamanda, bəzi beynəlxalq dairələrin dəstəyi ilə ermənilər həmişəki kimi özləri barədə yazıq, məzlum xalq imici yaratmaq istiqamətində fasiləsiz fəaliyyətlərini davam etdirirdilər. Erməniçiliyin güclü təbliğatı nəticəsində hər bir əlverişli imkanda azərbaycanlılara qarşı törədilən vəhşiliklər ermənilərə qarşı törədildiyi kimi təqdim olunurdu. Digər tərəfdən, nəinki SSRİ-nin, hətta Azərbaycanın bir çox dövlət orqanlarında ermənilər vəzifələrə irəli çəkilir, xalqın taleyi onların ixtiyarına buraxılırdı. Həmin ermənilər onlara həvalə olunmuş vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əl altından məkrli məqsədlərini tədricən həyata keçirir, Azərbaycan xalqının vətənpərvər, ziyalı nümayəndələrini, say-seçmə oğul və qızlarını müxtəlif adlarla şərləyərək məhv edir, təcavüzkar və qəsbkar planlarının realizəsi üçün yeni-yeni zəmin hazırlayırdılar. Həmin dövrdə ermənilərin təbliğatının bir hissəsini də tarixin saxtalaşdırılaraq saxta erməni tarixinin yaradılması, azərbaycanlıların vəhşi, barbar bir millət kimi təqdim edilməsi istiqamətində müxtəlif səpkili əsərlərin yazılması, bu yalanların reallıq kimi bilərəkdən orta məktəb dərsliklərinə salınmasının təşkili, bununla da planlarının növbəti mərhələsini həyata keçirmək məqsədilə erməni gəncləri arasında ifrat millətçiliyin və düşmənçiliyin təbliğ edilməsi idi. Azərbaycan isə bu xain niyyətlərdən xəbərsiz kimi bütün səviyyələrdə erməni xalqı ilə qardaşlığı tərənnüm edən təbliğatın aparılmasına məcbur edilirdi. Erməni-daşnak qüvvələri öz təbliğatlarının müəyyən nəticələr verməsindən və SSRİ rəhbərliyi tərəfindən onların işlərinə heç bir maneçiliyin olmamasından, eyni zamanda müəyyən xarici dairələrin yardımından ruhlanaraq, 1950-ci ilin sonlarından etibarən azərbaycanlılara qarşı yeni təxribatlar dalğasına başlamaq qərarı verdilər. Əsas məqsəd isə qısa müddət ərzində azərbaycanlılarla ermənilər arasında milli zəmində nifaq salmaqla, havadarlarının dəstəyi ilə soydaşlarımızın yenidən zorla doğma torpaqlarından qovulmasını təşkil etmək, Naxçıvan, Qarabağ və ətraf əraziləri Ermənistana birləşdirmək kimi geniş bir plan dayanırdı. Ən acınacaqlısı isə bu idi ki, təxribatlara nəinki Ermənistanda, hətta Azərbaycanın müxtəlif bölgələrində də start verilmiş, bunun üçün ən ağla-gəlməz forma, metodlardan və şəxslərdən istifadə edilmişdir (AR DTX-nin arxivi).

1959-cu il oktyabrın 12-də Gəncə şəhərində naməlum şəxslər tərəfindən erməni dilində anonim vərəqələr yayılmağa başladı. Vərəqələrdə erməni milliyyətindən olan şəxsləri işə çıxmamağa çağırmaqla yanaşı, azərbaycanlılara qarşı nifrət, kin və böhtan xarakterli çağırışlar səslənirdi. Aparılmış yoxlama tədbirləri zamanı məlum olur ki, həmin vərəqələr 1927-ci ildə Xocavənd (keçmiş Martuni) rayonunda anadan olan, cəmi 8 sinif bitirən, Gəncə şəhərində tikinti avadanlıqları zavodunda fəhlə işləyən, milliyyətcə erməni Arakelyan Arutyun Ervandoviç tərəfindən hazırlanaraq yayılması təşkil edilib. A.Arakelyan dövlət təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılır. O, dindirilərkən vərəqələri öz təşəbbüsü ilə hazırladığını və yaydığını bildirir. Həmin vaxt mərkəzi hakimiyyət “bütün xalqların doğma vətəni olan – sovetlər ölkəsi”ndə milli zəmində hər hansı məsələnin səs-küyə səbəb olmasında maraqlı deyildi. Buna görə A.Arakelyan profilaktik söhbət edildikdən sonra sərbəst buraxılır.

1962-ci ilin əvvəllərində Xankəndidə ermənilərlə azərbaycanlılar arasında milli zəmində qarşıdurma yaratmaq məqsədilə naməlum şəxslər tərəfindən şayiələr yayılır ki, Xankəndidə yerləşən tikiş fabriki Şəki İpək Kombinatının, avtobaza isə Ağdam şəhər avtobazasının tabeliyinə verilir. Guya bu məsələlər erməni əhaliyə qarşı yönəlib. Buna görə qeyd edilən müəssisələrdə işləyən ermənilər kütləvi iğtişaşlara və azərbaycanlılardan qisas almağa çağırılır. Həmin ildə baş verən digər təxribatda isə Qarabağın erməni əhalisi arasında sorğu keçirilir ki, guya əhalinin böyük əksəriyyəti Qarabağın Ermənistana birləşdirilməsini tələb edir və bu barədə imza toplanılır. Azərbaycan dövlət təhlükəsizlik orqanları tərəfindən keçirilmiş yoxlama tədbirləri zamanı qeyd olunan şayiələrin 1924-cü ildə Ağdərə (keçmiş Mardakert) rayonunun Qarakənd kəndində anadan olan, həmin vaxt Xankəndi (keçmiş Stepanakert) avtobazasında fəhlə işləyən Asriyan Sergey Saqomonoviç tərəfindən yayıldığı məlum olur. Bununla belə müəyyən edilir ki, o, həqiqətən də Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə imza toplamaqla məşğul olub. Saxlanılarkən ondan 43 nəfərin, o cümlədən Asriyanın qohumları və bir neçə iş yoldaşının adının olduğu siyahı da götürülür.

Erməni-daşnak qüvvələri ilə mübarizədə dönüş nöqtəsi

Həmin dövrdə Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən hadisələrin mənfi məcrada inkişaf etməsinin qarşısının alınması məqsədilə müəyyən müdaxilələr olsa da, bu lazımi səmərə vermirdi. Belə ki, yalnız təxribatı törədən bir neçə şəxs saxlanılır və profilaktik söhbət aparılaraq sərbəst buraxılırdı. Heç şübhəsiz, ermənilərin ifrat millətçilik, daşnak iddialarına qarşı sərt mübarizə mövqeyində duran azərbaycanlı xadimlər, təhlükəsizlik orqanlarının əməkdaşları da var idi. Belə fədakar insanlardan biri Dövlət Təhlükəsizlik Komitəsində işləyən gənc əməkdaş Heydər Əliyev idi. Heydər Əliyev erməni millətçilərinə qarşı qonşu ölkələrdə və respublikada əməliyyatların keçirilməsində və onların zərərsizləşdirilməsində müstəsna rol oynamışdı (AR DTX-nin arxivi).

Sonralar ulu öndər Heydər Əliyev deyirdi: "30-cu, 40-cı, 50-ci, 60-cı, 70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam". Bəli, yalnız ötən əsrin 60-cı illərindən etibarən Azərbaycanda sovet tarixində müstəqil dövlətçiliyə aparan yolda böyük, strateji mərhələnin əsası qoyuldu. Məhz 1965-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, 1967-ci ildə isə sədri vəzifəsinə Heydər Əliyev təyin edildikdən sonra qeyd olunan məsələlərə münasibət kökündən dəyişdi. "Heydər Əliyev daxili aləmi və düşüncələrinə görə praqmatik əməliyyatçı, strateq, artıq danışmaqdansa əməli işə üstünlük verən millətsevər bir şəxs idi. Mövcud rejim şəraitində tam səlahiyyət sahibi olmayanadək və hətta səlahiyyət sahibi olanda belə millətsevərlik baxışlarını büruzə vermək faciə ilə nəticələnə bilərdi. Əslində, reallığa əsaslanaraq hərəkət edən bir şəxs idi" (Solovyov V., Klepikova E. "Behind the High Kremlin Walls", p.62-63).

Dahi dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasət nəticəsində ümumi dövlət təhlükəsizliyi kontekstində, əslində isə Azərbaycan xalqına qarşı yönəlmiş təhlükələrin, gələcək təhdidlərin, baş verən proseslərin əsl mahiyyəti, onu qidalandıran və təmin edən amillər dərindən öyrənilir, təhlil olunur, adekvat tədbirlər görülməsinə çalışılırdı. Çəkinmədən və qətiyyətlə ittifaq rəhbərliyinə ermənilərin separatçılıq və qəsbkar niyyətləri barədə açıq məlumatlar göndərilirdi.

Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini Heydər Əliyevin Az.SSR KP MK-ya göndərdiyi 26.01.1966-cı il tarixli məktubdan: "Daxil olmuş əməliyyat məlumatına əsasən, Yerevan şəhərində qeyri-qanuni "Erməni gənclər ittifaqı" adlı təşkilat yaradılmışdır. Onların özlərinə məxsus proqram və nizamnamələri var. 1965-ci ilin noyabr ayında Yerevan universitetinin işçiləri olan həmin təşkilatın iki nümayəndəsi Martuni rayon mərkəzinə gələrək orada ezamiyyətdə olan DQMV mərkəzi kitabxanasının metodisti Saakyan Benikom Mixayloviçlə (KP-nin üzvü, Yerevan Universitetinin "Tarix" fakültəsini bitirib) görüş keçiriblər. Onlar Saakyana həmin təşkilatın 4 nüsxədən ibarət proqram və nizamnamələrini verərək bildirmişlər ki, məxfiliyi qorumaq şərti ilə 200 nüsxə çoxaldaraq Qarabağda yaşayan ermənilərə paylasın, eyni zamanda, təşkilatın yerli nümayəndəliyini yaratsın" (AR DTX-nin arxivi).

Keçirilmiş tədbirlər zamanı məlum oldu ki, həmin təşkilat Sovet İttifaqı Kommunist Partiyasının XXIII qurultayına qədər Dağlıq Qarabağın, Naxçıvanın və Ermənistanın digər "keçmiş torpaqları"nın (Azərbaycanın əlavə bir neçə rayonunun) Ermənistana "qaytarılması" məqsədilə müraciət hazırlamalı və bu barədə erməni əhalisi arasında təbliğat aparmalıdır. Lakin Saakyan saxlanılır və onda olan təxribatçı xarakterli vərəqələr və 4 nüsxədən ibarət təşkilatın proqram - nizamnaməsi götürülür. Saakyan dindirilmə zamanı bildirir ki, Yerevana imtahan verməyə getdiyi zaman orada universitetin müəllim və professor heyəti onu və digər tələbələri Qarabağın Ermənistana birləşdirilməsi üçün təbliğat aparmaq məqsədilə cəlb ediblər. Hətta tələbələrdən biri - Beqlaryan Levon Asikoviçə təbliğatın aparılmasında işini rahatlaşdırmaq məqsədilə avtomobil təşkil olunacağına söz verib. Tapşırığa əsasən, Beqlaryan tətil vaxtlarında Qarabağa gedərək bu istiqamətdə əhali arasında təbliğat aparırdı. Eyni zamanda, məlum olur ki, Saakyan Qarabağda olarkən Arkadi adlı Yerevan şəhər sakini Qarabağa gələrək onunla görüşür və aşağıdakı sənədləri ona verərək, çoxaldılıb yayılmasını tapşırır: - "Erməni gənclər ittifaqı"nın proqram və nizamnamələri; - Həmin təşkilatın üzvünün andiçmə mətni; - "Xorudain Hayostan" (1921-ci ildə buraxılan) qəzetindən çıxarış; - "Nyu York Türk tələbələri ittifaqı"nın 19 aprel 1965-ci il tarixli məktublarının surəti və "Erməni Gənclər İttifaqı"nın həmin məktublar haqqında rəyləri.

Keçirilən tədbirlər zamanı həmin sənədləri gətirən Ayrapetyan Arkadi Stepanoviç və Matevosyan Spartak Apetnakoviç də saxlanılırlar.

1966-cı ilin mart ayında Xankəndi şəhərində yerləşən 2 saylı orta məktəbin 10-cu sinif şagirdi, eyni zamanda, həmin məktəbin komsomol komitə katibi - 1948-ci il təvəllüdlü Petrosyan Marsel Aykazoviç şagirdlər arasında anti-Azərbaycan əhval-ruhiyyəli təbliğat aparmaqla məşğul olur və bu istiqamətdə ermənilərdən ibarət olan "Gənclər təşkilatı" adlı təşkilat yaradır. Əsas məqsəd DQMV-nin Ermənistana birləşdirilməsi istiqamətində fəaliyyət göstərmək olur. Onlar bu məqsədlə vərəqələr hazırlayaraq 9-10 may tarixlərində Xankəndi şəhərində yaymağa başlayırlar. Qrupun fəallarının qarşısının alınması üçün müvafiq tədbirlər görülür.

1966-cı il sentyabrın 12-də təxribat xarakterli fəaliyyətlərinə görə məlum olan - 1927-ci il təvəllüdlü Tovmasyan Ararat Sirikanoviç, 1937-ci il təvəllüdlü Cavadyan Boris Mamikanoviç və 1937-ci il təvəllüdlü Xaçatryan Robert Sanasaroviç gizlicə Yerevandan Xankəndinə gəlirlər. Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları bu barədə qabaqlayıcı məlumatlar əldə edirlər və erməni qrupunun üzvləri nəzarətdə saxlanılır. Onlar özləri ilə gətirdikləri vərəqələri yaymağa cəhd göstərərkən yaxalanırlar. Qrupun üzvlərindən aşağıdakılar götürülür: - Dağlıq Qarabağın erməni əhalisinə təxribat xarakterli müraciət - 28 nüsxədə; - Şair Silva Kaputikyanın əsərləri - 6 nüsxə; - "Erməni vətənpərvərlər ittifaqı"nın bütün erməni xalqına müraciəti - 12 nüsxədə; - "Türklərin ermənilərə qarşı zorakılığı"nın 50 illiyi ilə bağlı şüar - 1 nüsxədə; - Azərbaycanın siyasi xəritəsi - 1 nüsxədə və s. təxribat xarakterli vərəqələr. Lakin erməni-daşnak təxribatçıları fəaliyyətlərini nəinki dayandırmır, yeni-yeni forma və metodlardan istifadə edirlər.

1966-cı ilin əvvəllərindən başlayaraq erməni təxribatçıları tərəfindən DQMV və Ermənistanda şayiələr yayılır ki, guya artıq mərkəzi hökumətdə - Sov.İKP MK-da Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edilib. Təxribatçılar bununla bağlı vərəqələr yayır və həmin "şad xəbəri" qısa müddətdə bütün erməni əhaliyə çatdırmağı planlaşdırırlar.

Bu barədə AR DTK-dan Az.SSR KP MK-ya göndərilən 17.09.1966-cı il tarixli məktubdan: "Son 10-12 gün ərzində Qarabağda - Moskvada DQMV-nin Ermənistana birləşdirilməsi barədə məsələnin artıq müsbət həll olunması barədə şayiələrin yayılması sürətlənmişdir. Bununla əlaqədar olaraq Sov.İKP MK-nın və sovet hökumətinin ünvanına millətçilər tərəfindən təşəkkür məktubları yazılır və həmin məktublara imzaların toplanması faktları (SMU-41 adlı tikinti idarəsində, Mərkəzi Xəstəxanada, Tibb Texnikumunda və müxtəlif orta məktəblərdə) geniş yayılır"(AR DTX-nin arxivi).

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edildikdən sonra ermənilərin fitnəkar niyyətlərinə qarşı mübarizə daha da gücləndirilir, ulu öndər bu istiqamətdə həyata keçirilən tədbirlərə şəxsən nəzarət edir. Lakin görülən tədbirlər Heydər Əliyevi tam qane etmirdi. O, yaxşı bilirdi ki, DQMV-də erməni-daşnak qüvvələri ilə effektiv mübarizə aparmaq üçün DTK-nın DQMV üzrə şöbəsinin erməni rəhbərliyi dəyişdirilməlidir. Bu səbəbdən də ulu öndər dəfələrlə SSRİ Nazirlər Soveti yanında DTK rəhbərliyinə müraciət edərək həmin şöbənin rəisinin dəyişdirilməsini tələb edirdi. Ancaq ermənilər də həmin vəzifəyə azərbaycanlının təyin edilməsinə hər vəchlə mane olurdular. Belə olduğu təqdirdə Heydər Əliyev bu vəzifəyə digər millətin nümayəndəsinin təyin edilməsi məsələsini qaldırır. Sonda AR DTK-da işləyən, öz obyektivliyi və qərəzsizliyi ilə tanınan rus milliyyətindən olan Dmitri Georgiyeviç Bıstrov AR DTK-nın DQMV üzrə şöbəsinin rəisi təyin edilir.

1967-ci ilin illik hesabatı zamanı Heydər Əliyev AR DTK-nın DQMV şöbəsinin rəisi polkovnik Dmitri Bıstrova qeyd olunan hallara qarşı mübarizə tədbirlərinin gücləndirilməsini tapşırır və bu barədə konkret göstərişlər verir. Artıq həmin tapşırıqlar qısa müddət ərzində öz nəticələrini verməyə başlayır.

1967-ci ildə Qarabağda fəaliyyət göstərən cinayətkar ünsürlərdən təşkil olunan və azərbaycanlıların öz doğma yurdlarından qovulmasını təşkil etməyi planlaşdıran milliyyətcə erməni gənclərdən ibarət qrup müəyyənləşdirilərək zərərsizləşdirilir. Həmin qrupun fəaliyyəti əsasən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və azərbaycanlıların zor gücünə öz torpaqlarından qovulması üçün geniş təbliğat işinin aparılması, bu məqsədlə təxribat vərəqələrinin hazırlanması, erməni əhalisi arasında yayılmasını və yeni üzvlərin cəlb olunmasını təşkil etmək idi. Həmin ildə təkcə Dağlıq Qarabağda 1200-dən artıq belə vərəqə hazırlanıb yayılmışdı. Qısa müddət ərzində belə vərəqələri hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər saxlanıldı.

1967-ci ilin əvvəllərində erməni-daşnak dairələri və təxribatçıları tərəfindən əvvəlcədən hazırlanan plana əsasən Dağlıq Qarabağda milliyyətcə erməni olan Movsesyan soyadlı şəxs qətlə yetirilir. Planın ikinci mərhələsinə uyğun olaraq xüsusi erməni təhrikçilərinin rəhbərliyi altında quduzlaşmış kütlə Movsesyanın ölümü ilə bağlı məhkəmə iclasının keçirildiyi kinoteatrın zalına girərək şübhəli şəxs kimi həmin prosesdə dindirilən 2 azərbaycanlını zorla mühafizəçilərin əlindən alıb xüsusi amansızlıqla öldürürlər. Təqsirləndirilən, lakin sonradan bəraət almış digər azərbaycanlı Zöhrab Məmmədov isə dustaq maşını ilə birlikdə yandırılır. Burada əsas məqsəd hadisələri qızışdırıb milli zəminə yönəltmək, nəticədə azərbaycanlıların bütün Qarabağ ərazisindən köçürülməsini və ərazinin Ermənistana birləşdirilməsinin təməlini qoymaq idi.

Lakin Azərbaycan təhlükəsizlik orqanlarının çevik müdaxiləsi nəticəsində bu hadisələrin qarşısı qısa müddətdə alındı. Təxribat zamanı xüsusi fəallıq göstərən 20 nəfər milliyyətcə erməni olan şəxs həbs edildi. Onlardan 5 nəfərə ölüm hökmü kəsildi, 14 nəfər isə müxtəlif müddətlərə azadlıqdan məhrum edildi. İşin istintaqını Heydər Əliyev şəxsən öz nəzarətinə götürdü. Hətta bu məqsədlə Xankəndinə gedərək 15 gün orada qaldı (AR DTX-nin arxivi).

Həmin ərəfədə məlum olur ki, həbs olunan ermənilərin qisasını almaq məqsədilə Qarabağda yaşayan azərbaycanlılara və müxtəlif partiya fəallarına qarşı yeni hücumlar hazırlanır. Bu məqsədlə Ermənistan ərazisində xüsusi terrorçu qrup yaradılıb və onlar əldə etdikləri silah-sursatı Yerevan şəhərinin yaxınlığında gizli yerdə saxlayırlar. Heydər Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində, onun rəhbərliyi altında xüsusi əməliyyat-istintaq qrupu yaradılır, həmin terrorçu qrupun gizli cəbbəxanası aşkar olunur və oradan 4 ədəd "Kalaşnikov" tipli avtomat, 2 ədəd pulemyot, bir neçə ədəd "Naqan" və "Mauzer" tipli tapançalar, eləcə də həmin silahlar üçün nəzərdə tutulmuş külli miqdarda güllələr və digər döyüş sursatı götürülür. Aparılan araşdırmalar zamanı məlum olur ki, həmin silah-sursat Ermənistan ərazisində dislokasiya olunan sovet ordusunun anbarlarından oğurlanıb (?!). Lakin SSRİ prokurorluğu cinayət işini Azərbaycan prokurorluğundan alaraq öz icraatına götürdü. Bununla da qrup üzvlərinin sonrakı taleyi qaranlıq qaldı.

Həmin vaxtda DQMV-də erməni-daşnak qüvvələri tərəfindən yenidən təxribat xarakterli vərəqələrin hazırlanaraq yayılması, Qarabağın Ermənistana birləşdirilməsini tələb etmək məqsədilə imzaların toplanması və s. fəaliyyət göstərildi. Amma həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ermənilərin bu təxribatlarını da zərərsizləşdirmək mümkün oldu. Heydər Əliyev 1967-ci ilin yekunlarına dair SSRİ DTK-ya göndərdiyi hesabatında bu kimi hadisələrdə Ermənistan SSR-də fəaliyyət göstərən millətçi dairələrin birbaşa rolunun olduğunu, hadisələrin onlar tərəfindən təşkil edildiyini bildirir və bunu təsdiq edən aşağıdakı faktları göstərir: 1. Son beş ildə Qarabağla heç bir əlaqəsi olmayan millətçi ermənilər mütəmadi Xankəndinə səfərlər edir, orada şər və təxribat xarakterli fikirlərlə yanaşı, Qarabağın yaxın vaxtlarda Ermənistana birləşdiriləcəyi barədə təbliğat aparırlar. 2. Bu istiqamətdə Qarabağda yaşayan ermənilərə müraciətlər hazırlanır və imza toplanılması təşkil edilir. 3. Millətçi çağırışlar əks olunan vərəqələr Ermənistanda hazırlanır və sonradan Qarabağa gətirilir. 4. Ermənistanda tarixin saxtalaşdırılması istiqamətində böyük işlər aparılır, bu istiqamətdə əsərlərin yazılması və dərsliklərə salınması təşkil olunur (AR DTX-nin arxivi).

Azərbaycan təhlükəsizlik orqanları tərəfindən davam etdirilən yoxlama tədbirləri zamanı məlum olur ki, Ermənistandan gətirilən vərəqələr Yerevan Politexnik İnstitutunun mətbəəsində hazırlanır. Erməni millətçiləri öz çirkin oyunlarına hətta orta məktəblərin aşağı sinif şagirdlərini də cəlb edirlər. Bunun da əsas səbəbi onlara qarşı konkret cinayət təqibi, cəza tədbirlərinin görülməsinin çətinliyi ilə bağlı idi. Bu barədə AR DTK DQMV üzrə şöbənin 1967-ci il üzrə hesabatında qeyd olunur ki, təxribatlara orta məktəbin 9-cu sinif şagirdləri də cəlb edilirlər (AR DTX-nin arxivi).

AR DTK-nın 1968-ci il üzrə hesabatı. AR DTK DQMV üzrə şöbənin rəisi polkovnik Dmitri Bıstrovun məruzəsindən: "Ötən hesabat dövründə verilmiş tapşırıqlarla əlaqədar keçirilmiş əməliyyat tədbirləri zamanı 1968-ci ildə 1967-ci ilə nisbətən milliyyətçi vərəqələrin hazırlanması və yayılması, eləcə də ermənilərin azərbaycanlılara qarşı hücumları kəskin azalıb. Belə ki, 1967-ci ildə 30 müəllif tərəfindən hazırlanan 1.241-dən çox vərəqə və məktub (bunlardan 1.200-ü vərəqə, qalanları isə məktub şəklində) aşkarlansa da, 1968-ci ildə bu qəbildən olan ümumilikdə 17 müəllif tərəfindən hazırlanan 53 sənəd aşkar edilib. Bununla belə, keçirilən tədbirlər zamanı yenə də qruplar aşkar edilərək ləğv edilib, onlardan çoxlu miqdarda vərəqələr və həmin vərəqələri hazırlamaq üçün lazım olan avadanlıqlar aşkar edilərək götürülüb" (AR DTX-nin arxivi).

Həmin dövrdə Ermənistanda da geniş anti-Azərbaycan təbliğat-təşviqat işləri aparılırdı. Qondarma erməni tarixçiləri tərəfindən Qarabağın tarixi saxtalaşdırılaraq "erməni torpaqları" olması barədə dərsliklər və məqalələr yazılır, qədim Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi barədə Moskvaya ardı-arası kəsilməyən məktublar, müraciətlər yazılırdı. Qeyd olunan işlərə ümumilikdə Ermənistan Dövlət Universitetinin müəllimi, fizika-riyaziyyat elmləri namizədi Nikolay Qasparyan başçılıq edirdi.

Fenomenal istedada və təşkilatçılıq bacarığına, əsl peşəkar təhlükəsizlik zabitinə xas olan nadir fəhmə malik Heydər Əliyevin tapşırığı ilə Ermənistana istiqamətləndirilən əməliyyat mənbələrinin təqdim etdikləri məlumatlardan bəlli olurdu ki, Ermənistan ərazisində fəaliyyət göstərən anti-Azərbaycan dairələrin nümayəndələri Azərbaycanda yaşayan qohumlarının vasitəsilə Qarabağın Ermənistana birləşdirilməsi və azərbaycanlıların fiziki məhv edilməsi və ya öz torpaqlarından qovulması istiqamətində təbliğatı genişləndiriblər. Azərbaycan təhlükəsizlik orqanlarının əməliyyat mənbələrindən birinin Yerevan Politexnik İnstitutunda tələbələrlə söhbət zamanı əldə etdiyi məlumatda bildirilirdi: "Ağdərə rayon sakini, milliyyətcə erməni Alvina adlı qadın 24 aprel 1968-ci ildə qondarma "soyqırımı günü"nün ildönümü ilə əlaqədar azərbaycanlılara qarşı zor tətbiq edilməsi, Qarabağın Ermənistana birləşdirilməsi və s. barədə milliyyətçi xarakterli vərəqələr yaymalıdır". Yoxlama zamanı məlumat öz təsdiqini tapır. 1968-ci il aprel 23-də Alvina Şirinyan saxlanılır və təxribatçı vərəqələr ondan götürülür. Həmin hadisə ilə bağlı Ağdərədə erməni milliyyətindən olan beş nəfər 10-cu sinif şagirdi saxlanılır və bununla da böyük bir təxribatın qarşısı alınır. Əlavə araşdırmalar zamanı məlum olur ki, Alvinanın qardaşı Viqen Şirinyan Yerevan Politexnik İnstitutunun tələbəsidir və təxribat məzmunlu vərəqələr Ağdərəyə onun vasitəsilə Ermənistandan gətirilib.

Yerevandan əldə edilən daha bir məlumat əsasında Xankəndi şəhərində hazırlanan növbəti belə təxribatın qarşısı alınır. Əməliyyat tədbirləri zamanı Xankəndi şəhərində yerləşən 1 saylı orta məktəbin erməni milliyyətindən olan dörd nəfər 10-cu sinif şagirdi saxlanılır, onlardan azərbaycanlılara qarşı nifrət aşılayan, milli zəmində ədavət salmağa, qarşıdurma yaratmağa çağıran vərəqələr və çap avadanlıqları götürülür.

1970-ci ildə Qarabağın Ermənistana birləşdirilməsi və oradan azərbaycanlı əhalinin qovulması məqsədilə Yerevan şəhərində təxribat-pozuculuq fəaliyyəti ilə məşğul olacaq daha bir təşkilat yaradılır. Təşkilatın rəhbəri 1951-ci il təvəllüdlü, Xaçaturyan Armais Vaqanoviç idi.

Həmin təşkilata nüfuz etdirilmiş mənbənin məlumatından: "A.Xaçaturyan məni təşkilatın Dağlıq Qarabağda fəaliyyət göstərən qollarından birinə rəhbər təyin etdi və qarşımda bütün rayonlarda gizli qrupların yaradılması, millətçi xarakterli vərəqələrin hazırlanması və yayılması tapşırığı qoydu. Bundan əlavə, üzvlük haqqı yığılmalı, həmin vəsait hesabına təşkilat üzvlərinin ezamiyyət xərci ödənilməklə yanaşı, silah-sursat və digər vəsaitlər alınmalı idi. Təşkilatın proqramına əsasən əvvəlcə bütün "erməni torpaqları" birləşdirilməli idi". Çox keçmir Xaçaturyanın təşkilatının beş üzvü həbs edilərək müxtəlif müddətlərə azadlıqdan məhrum edilirlər, əlavə 18 nəfər isə inzibati qaydada cəzalandırılır.

Erməni-daşnak dairələri onlara qarşı aparılan kəskin mübarizəni nəzərə alaraq digər fürsət və yollar axtarırdılar. Hətta terror metodlarından istifadə etməkdən belə çəkinmirdilər. Onlar Azərbaycanın və Dağlıq Qarabağın müxtəlif partiya rəhbərlərinə, hakimiyyət nümayəndələrinə məktublar göndərərək onları "haqq işlərinə" maneçilik törədəcəkləri təqdirdə öldürəcəkləri ilə hədələyirdilər. Bununla belə, Heydər Əliyev qeyd olunan məsələləri daim diqqətdə saxlayaraq cinayətkarlara qarşı daha inamlı mübarizə aparmağı, əməliyyat şəraitinə nəzarət etmək məqsədilə kompleks tədbirləri gücləndirməyi tapşırırdı.

Aşkar edilmiş təhlükəli cinayətkar dəstələrdən birinə isə 1950-ci ildə Qafan şəhərində anadan olan Baqdasaryan Edik Samsonoviç başçılıq edirdi. O, Ermənistanda yaradılan və sonradan Qarabağda gizli fəaliyyət göstərən "Vətənpərvərlər ittifaqı" adlı erməni-daşnak terrorçu təşkilatının rəhbəri idi. Terrorçu təşkilat 1968-ci ildə Qafan şəhərində yaradılmışdı. E.Baqdasaryan hətta Qafan şəhərində yerləşən 27 saylı internat məktəbinin 6-10-cu sinif şagirdləri arasında qeyri-qanuni təbliğat aparır, azərbaycanlılara və Azərbaycana qarşı nifrət aşılayır, onların "erməni təəssübkeşləri kimi böyümələrinə" çalışırdı. Əsas məqsədi Dağlıq Qarabağın və Naxçıvan Muxtar Respublikasının Ermənistana birləşdirilməsi olan "Vətənpərvərlər ittifaqı" erməni-daşnak terrorçu təşkilatına öz mənfur niyyətlərini həyata keçirmək üçün E.Baqdasaryan öz əlaltılarına fiziki zorakılıqlar etməklə azərbaycanlıların doğma torpaqlarından qovulmaları, öldürülmələri, əmlaklarının talan edilməsi barədə tapşırıqlar verirdi. Bundan əlavə, E.Baqdasaryan təşkilat üzvlərinə Azərbaycan televiziyasına məxsus verilişlərin Ermənistan ərazisində yayımlanmasının qarşısını almaq üçün Qafan şəhərində yerləşən teleötürücü stansiyanın partladılması barədə də göstəriş vermişdi. "Vətənpərvərlər ittifaqı"nın üzvü Poqosyan Arzik Vazgenoviç sonradan istintaqa verdiyi ifadəsində bildirdi: "Təşkilat üzvləri azərbaycanlılara məxsus məktəbləri yandırmağın zəruriliyini qeyd edərək, ruslara məxsus məktəblərin də bağlanmasını tələb edirdilər" (AR DTX-nin arxivi).

E.Baqdasaryan 1969-cu ildə digər cinayət əməlinə görə həbs edildi və planlaşdırdığı terrorçuluq niyyətləri yarımçıq qaldı, terrorçu təşkilatının fəaliyyəti bir müddət səngidi. Lakin havadarlarının köməyi ilə 1970-ci ildə həbsdən azad edilən E.Baqdasaryan Yerevana gedərək daşnak-millətçi təfəkkürlü erməni şairi Ovanes Şirazla görüşür. E.Baqdasaryan O.Şiraz tərəfindən "təlimatlandırıldıqdan" sonra yenidən Qafana qayıdır və "Vətənpərvərlər ittifaqı" erməni-daşnak terrorçu təşkilatının fəaliyyətini davam etdirmək və daha da genişləndirmək məqsədilə ətrafına cinayətə meyilli gəncləri toplamağa başlayır. O.Şirazın təlimatına əsasən E.Baqdasaryan cinayət fəaliyyətini eyni zamanda orta məktəblərdə də yaymağa çalışırdı. Bunun əsas səbəbi şagirdlərin daha tez təsir altına düşmələri, "vətənpərvərlik" hissinə qapanaraq ona daha tez inanmaları, istənilən tapşırığı həvəslə yerinə yetirməyə meyilli olmaları idi (AR DTX-nin arxivi). Bunu təşkilatın ilk üzvü olan şəxslərin siyahısında da açıq-aşkar müşahidə etmək olar: - Qevorkyan Akop Setrakoviç - 1956-cı il. Qafan rayonu, Tenzavar kəndi (14 yaş). - Andreasyan Rafik Şmavonoviç - 1954-cü il. Qafan şəhəri (16 yaş). - Nersesyan Andranik Volodyeviç - 1956-cı il. Qafan rayonunun Qatnarat kəndi (14 yaş). - Ohanesyan Valerik Qerasimoviç - 1955-ci il. Qafan rayonunun Ankavan qəsəbəsi (15 yaş).

Həmin dövrdə Ermənistan SSR DTK Qafan rayon şöbəsinin rəisi işləyən kapitan Q.Tovmasyan E.Baqdasaryan barədə tərtib etdiyi 10 may 1974-cü il tarixli arayışda qeyd edir ki, "E.Baqdasaryanın rəhbərlik etdiyi "Vətənpərvərlər ittifaqı" təşkilatının Ermənistanda üç qrupu fəaliyyət göstərirdi. Birinci qrup "Мстители Егерна" adlanırdı. Əsas vəzifəsi azərbaycanlılara məxsus olan müxtəlif obyektləri, o cümlədən onların mənzillərini, əkin sahələrini və s. partlatmaq və yandırmaqdan ibarətdir. İkinci qrup "Предание Севаку" adlanırdı. Əsas vəzifəsi erməni əhalisi arasında azərbaycanlılara qarşı nifrət, kin yaradan, onların öz torpaqlarından qovulmasına, fiziki məhv edilməsinə çağıran vərəqələrin hazırlanması və yayılmasıdır. Üçüncü qrupun vəzifəsi isə azərbaycanlıları fiziki məhv etməkdir".

Q.Tovmasyan arayışında qeyd edir ki, "1972-ci il aprelin 24-də "Мстители Егерна" qrupunun üzvləri olan 1954-cü il təvəllüdlü Andresyan Rafik Şmavonoviç (16 yaş), 1956-cı il təvəllüdlü Nersesyan Andranik Volodyeviç (14 yaş) və 1955-ci il təvəllüdlü Ohanesyan Valerik Qerasimoviç (15 yaş) E.Baqdasaryanın hazırlığı və xüsusi tapşırığı ilə Qafan şəhərində yerləşən, azərbaycanlılara məxsus orta məktəbi yandırıblar. Bu məqsədlə içərisinə benzin doldurulmuş butulkalardan istifadə edilib.

Həmin il "Предание Севаку" terrorçu qrupun üzvləri 1957-ci il təvəllüdlü Akopyan Manvel Qavruşeviç və 1955-ci il təvəllüdlü Ovsepyan Qrantik Araratoviç siyasi və düşmənçilik xarakterli vərəqələr hazırlayaraq paylayır, qrupun digər üzvü Valerik Ohanesyan isə dəstəsi ilə birlikdə bir neçə azərbaycanlını milli zəmində döyərək onlara ağır bədən xəsarətləri yetiriblər. E.Baqdasaryanın 26 aprel 1972-ci il tarixli tapşırığı ilə yuxarıda qeyd olunan Akopyan Manvel və Nersesyan Andranik bir neçə evi yandırmaq məqsədilə Qafan rayonunun azərbaycanlılar yaşayan Qeqanuş kəndinə gedirlər, lakin son anda tapşırığın bir neçə gün təxirə salınması barədə qərar qəbul olunub".

Baş verən təhlükəli hadisələr barədə Ermənistanın hüquq-mühafizə orqanlarında yetərincə sübutların olmasına baxmayaraq E.Baqdasaryan və onun təşkilatına qarşı heç bir əməli tədbir görülmür, əksinə Yerevandan Qafana gələn daşnak-millətçi təfəkkürlü şair və yazıçıların E.Baqdasaryan və onun cinayətkar dəstəsinin üzvləri ilə görüşləri təşkil edilir, sonuncular daha ağır cinayətlərə ruhlandırılırdılar.

Bu barədə DTK Qafan rayon şöbəsinin rəisi, kapitan Q.Tovmasyan arayışında qeyd edir ki, "Baqdasaryan dəfələrlə şöbəyə dəvət edilərək onunla müvafiq istiqamətdə profilaktik söhbətlər aparılıb, hər dəfə o, belə hadisələrin bir daha baş verməməsi barədə söz verib". Həmin arayışdan görünür ki, E.Baqdasaryan və onun dəstə üzvlərinin əməllərində kifayət qədər cinayət tərkibi olduğu halda heç bir tədbir görülmür, yalnız dəstənin başçısı E.Baqdasaryanla profilaktik söhbət aparmaqla iş yekunlaşmış hesab olunur.

E.Baqdasaryan isə öz ifadələrində bu barədə bildirir ki, "DTK Qafan rayon şöbəsinin rəisi Tovmasyan onu bir neçə dəfə şöbəyə dəvət edərək müxtəlif səpkili söhbətlər aparsa da, nəinki azərbaycanlılara qarşı törədilən zorakılıqları dayandırmağı tapşırmayıb, bu zorakılıqlar barədə ümumiyyətlə söz açmayıb. Bu da ona öz fəaliyyətini genişləndirməyə əlavə stimul yaradıb".

Erməni-daşnak təhrikçilərinin müvafiq təlimatları, eləcə də onların dəstəyi sayəsində cəzasız qalmasından istifadə edən E.Baqdasaryan artıq Azərbaycanın Qarabağ ərazisində terrorçu təşkilatının dayaqlarını yaratmağı qərara alır və bu məqsədlə 1973-cü ilin mart ayından başlayaraq mütəmadi olaraq Xankəndi şəhərinə səfərlər edir. O, orada milliyyətcə erməni olan müxtəlif şəxslərlə görüşərək onları terrorçu təşkilatının sıralarına cəlb edə bilir. Onun terrorçu təşkilatının Qarabağdakı özəyini Xankəndi tibb texnikumunun tələbələri və Xankəndi ipək kombinatının fəhlələri təşkil edirdi. Həmin şəxslərlə söhbətlərdə E.Baqdasaryan onları azərbaycanlı əhaliyə qarşı düşmənçiliyə sövq edir, fəal hərəkətə keçməyin vaxtının çatdığını bildirirdi.

Maraqlı faktdır ki, terrorçu təşkilata qadın üzvləri E.Baqdasaryanın tapşırığına əsasən onun həyat yoldaşı Gözəl Baqdasaryan seçirdi. Yalnız bundan sonra E.Baqdasaryan onlarla əlaqə yaradırdı. Arvadının vasitəsilə tanış olduğu qadınlara ilkin söhbətlərdə bildirirdi ki, guya yazıçıdır, erməni xalqı barədə roman yazır. Bu səbəbdən də müxtəlif xarakterli insanlarla tanış olmalı və onların xarakterini öyrənməlidir. Söhbət əsnasında E.Baqdasaryan həmin qadınlara "Qarabağ xalqı", onun gələcəyi və s. barədə təxribat xarakterli suallar verir və cavablardan asılı olaraq bəziləri təşkilata üzv seçilirdi.

1973-cü ilin sonuna kimi o, Qarabağ ipək kombinatında işləyən, 1952-ci il təvəllüdlü Barseqyan Cülyetta Atanesovna, Xankəndi (keçmiş Stepanakert) uşaq-gənclər məktəbinin şagirdi Ağacanyan Anaida Rubenovna, Xankəndi tibb texnikumunun tələbələri - Poqosyan Arzik Vazqenovna, Şahbazyan Laura Qriqoryevna, Gorus kənd təsərrüfatı texnikumunun tələbələri Qazaryan Aruşan İqnateviç və Qevorkyan Akop Setpakoviçi öz təşkilatına cəlb edə bilir. Bundan sonra, üzvlük haqqı adı ilə təşkilat üzvlərindən pul yığılmağa başlandı. Cülyetta Barseqyan və Laura Şahbazyan ifadələrində göstərirlər ki, həmin vaxt müxtəlif yerlərdə işləyən şəxslərdən aylıq 10 rubl, tələbələrdən və yetkinlik yaşına çatmayan şəxslərdən isə 5 rubl alınırdı. Yığılan pul vəsaiti təxribat xarakterli vərəqələrin hazırlanması və yayılması, bu məqsədlə çap maşınının alınması, təşkilat üzvlərinin müxtəlif səfərlərinin maliyyələşdirilməsi, eləcə də törədilməsi planlaşdırılan terror-təxribat hadisələrində istifadə ediləcək vasitələrin əldə olunmasına xərclənirdi. Bundan əlavə həmin pulun bir hissəsi xaricdə çıxan "Голос Армении", "Beyrut" və s. bu kimi qəzetlərin nəşrinə yardım kimi sərf olunacağı bildirilirdi. Göstərilən məqsədlər üçün Cülyetta Barseqyan, Arzik Poqosyan, Laura Şahbazyan və təşkilatın üzvü olan digər şəxslər külli miqdarda üzvlük haqqından əlavə yardımlar da edirdilər.

E.Baqdasaryan təşkilat üzvləri ilə söhbətlərində bildirirdi ki, xaricdə yaşayan ermənilər də onların fəaliyyətini dəstəkləyir, müxtəlif mətbu orqanlarda onların "haqq işi"ni dəstəkləyən materiallar dərc etdirirlər. O, bu istiqamətdə ABŞ-da nəşr olunan "Kanaç" qəzetinin "əməyini" xüsusi qeyd edirdi. E.Baqdasaryan Ermənistanda bir neçə gizli təşkilatın mövcudluğunu, həmin təşkilatların da Naxçıvan və Qarabağın Ermənistana birləşdirilməsi, azərbaycanlı əhalinin torpaqlarından qovulması, onlara məxsus əmlakın yandırılması, talan edilməsi istiqamətində fəaliyyət göstərdiklərini deyirdi. Xankəndidə yaşayan qrupun üzvləri tez-tez Edik tərəfindən Qafana və Gorusa aparılır, orada onlara təlimlər keçirilir, Ermənistanda yaşayan digər üzvlərlə tanış edilir, eləcə də təşkilatın əsas rəhbəri Akop Qevorkyanla görüşləri təşkil olunurdu.

Lakin E.Baqdasaryan və onun rəhbərlik etdiyi ekstremist-separatçı dəstənin fəaliyyəti çox keçmir ki, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən aşkarlanır və o, 1974-cü il fevralın 18-də Qarabağda həbs olunur. Bununla da E.Baqdasaryanın dəstənin daha böyük cinayətlərinin, o cümlədən Şuşa teleötürücü stansiyasının partladılmasının və planlaşdırılan digər terror əməllərinin qarşısı alınır. Qeyd olunan materiallar 36 nəfərin şahid ifadələri ilə birlikdə toplanılaraq 1974-cü il iyunun 14-də baxılmaq üçün Azərbaycan prokurorluğuna göndərilir. İstintaq zamanı E.Baqdasaryan ifadəsində qeyd edir ki, "Vətənpərvərlər ittifaqı" adlı təşkilatı yaratdıqdan və ora ilk üzvləri cəlb etdikdən dərhal sonra Yerevana gedərək bu barədə şair Ovanes Şiraza məruzə edib. Şiraz onun düzgün yolda olmasını bildirib, tezliklə vərəqələrin hazırlanaraq yayılmasını və digər işləri tapşırıb. Bundan əlavə Edik Ovanes Şiraza məruzə edir ki, onun yaşadığı Qafan rayonunun əhalisinin 30 faizi azərbaycanlılardan ibarətdir və onların 4 nömrəli orta məktəbi fəaliyyət göstərir. Erməni xalq şairi Şiraz isə öz növbəsində tezliklə həmin məktəbin bağlanılması istiqamətində tədbir görülməsini tapşırır. Həmin tapşırığın icra edilməsi istiqamətində ilk addım 1974-cü il aprelin 24-də atılır və məktəb yandırılır".

1974-cü il iyulun 23-də Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə E.Baqdasaryan cəmi 4 il müddətinə azadlıqdan məhrum edilir. Sənədlərdən də görünür ki, həmin məhkəmənin hakimi milliyyətcə rus, xalq iclasçıları, prokuror, katib və müdafiəçi isə milliyyətcə erməni olmuşdur. Bu səbəbdən də E.Baqdasaryan və onun terror dəstəsinin üzvləri əməllərində kifayət qədər cinayət olduğu halda yüngül cəza ilə əsl məsuliyyətdən yayına bilirlər.

Həmin dövrdə azərbaycanlıların Dağlıq Qarabağdan qovulması istiqamətində fəal iş aparan, ermənilərdən ibarət daha bir terrorçu dəstəyə isə 1921-ci il təvəllüdlü "Peşka" ləqəbli Danielyan Rafael Armenakoviç başçılıq edirdi. O, azərbaycanlı əhaliyə qarşı düşmənçilik fəaliyyəti və təbliğatı apardığına, o cümlədən xuliqanlıq hərəkətləri etdiyinə görə 1967 və 1970-ci illərdə 2 dəfə həbs olunur. Lakin hər iki halda işi aparan erməni müstəntiqlərin və məhkəmənin səyi nəticəsində qısa müddət ərzində azadlığa çıxa bilir. O, 1971-ci ilin yazından başlayaraq ətrafına daşnak təfəkkürlü, kriminala meyilli şəxsləri toplamağa başlayır, eyni zamanda müxtəlif növ silah-sursat əldə edərək növbəti təxribatlara hazırlaşır. Belə ki, o, 1971-ci ilin iyul ayında bu məqsədlə Xankəndi şəhərində yerləşən 39828 saylı hərbi hissədə xidmət edən milliyyətcə erməni Qaragen Dadayan adlı şəxslə sövdələşərək ondan çoxlu sayda "RQ-72" tipli əl qumbarası və digər silah-sursat almağa nail olur. Silahlı qrup yeni yaradılarkən 9 nəfər üzvü olub və onlar öz sıralarını daim genişləndirməyə çalışıblar. Dəstə üzvlərinin əsas məqsədləri azərbaycanlılara qarşı kin və nifrət təbliğatı aparmaqla yanaşı, onları terrorla fiziki məhv etmək, bununla da əhalini qorxudaraq Qarabağdan köçmələrinə nail olmaq idi. Terrorçu dəstənin ilk hədəfi kimi o vaxt "Xankəndi" mehmanxanasında yerləşdirilən, xüsusi təlimlər keçmək məqsədilə Azərbaycanın müxtəlif rayonlarından çağırılan ehtiyatda olan zabitlər seçildi. Dəstə üzvləri bir neçə gün həmin zabitləri izlədikdən sonra 1971-ci il iyulun 18-də onların mehmanxananın həyətində bir yerə toplaşdıqlarından istifadə edərək qumbaralarla onlara hücuma keçdilər. Nəticədə beş azərbaycanlı hərbçi müxtəlif bədən xəsarətləri aldı. Hücumdan sonra cinayətkarlar hadisə yerindən qaçaraq uzaqlaşa bildilər.

Nəhayət Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşlarının səyləri nəticəsində 1972-ci il noyabrın 15-də dəstə üzvlərindən bir neçəsi tutuldu. Hadisədən sonra həbs olunan dəstə üzvlərinin evlərindən terror-təxribat məqsədilə topladıqları çoxlu sayda silah-sursat aşkarlanaraq götürüldü. Uzun müddətli əməliyyat-istintaq tədbirlərindən sonra, 13 fevral 1974-cü il tarixdə Azərbaycan SSR Ali Məhkəməsinin qərarı ilə dəstə üzvləri - 1951-ci il təvəllüdlü Danielyan Rafael Armenakoviç, 1951-ci il təvəllüdlü Ağacanyan Valeri Mixayloviç, 1951-ci il təvəllüdlü Dadayan Qaragen Lvovoviç, 1951-ci il təvəllüdlü Markaryan Samvel Stepanoviç, 1952-ci il təvəllüdlü Barseqyan Valeri Zeynaloviç, 1952-ci il təvəllüdlü Ağacanyan Slava Qurgenoviç 2 ildən 15 ilədək müddətlərə azadlıqdan məhrum edildilər.

Ermənistanda dövlət səviyyəsində himayə olunan və istiqamətləndirilən, keçmiş İttifaqın mərkəzində bir sıra nüfuzlu dairələr tərəfindən dəstəklənən, habelə xaricdən təşkilatlandırılan və maliyyələşdirilən erməni separatçı, ekstremist-terrorçu qüvvələri ilə arzuolunan səviyyədə mübarizə aparmaq və səmərəli nəticələrə nail olmaq heç də asan deyildi.

Buna baxmayaraq, ulu öndər Heydər Əliyev bütün qüvvə və vasitələri səfərbər edir, bu dəhşətli, kəsildikcə yayılan "xərçəng" xəstəliyi ilə hər vəchlə mübarizə aparmağa çalışırdı.

Fenomenal kəşfiyyatçı, diplomat və siyasi xadim

Ümummilli lider Heydər Əliyev hələ o dövrdə DQMV-də baş verən təxribat hərəkətlərində Ermənistan SSR-nin rəhbərlərinin də əlinin olduğunu çəkinmədən bildirirdi. Belə ki, AR DTK-nın 1967-ci il üçün olan hesabatında DQMV-də olan vəziyyətin müfəssəl təhlilini verərək qeyd edirdi ki, "bir çox hallarda vilayətdə siyasi cəhətdən ziyanlı və cəmiyyətə zidd olan hərəkətlər Ermənistan SSR-dən olan millətçiliyə köklənmiş ayrı- ayrı elementlərin təsiri və bilavasitə iştirakı ilə həyata keçirilir" (AR DTX-nin arxivi).

Ermənistan-Azərbaycan münaqişəsinin tarixi köklərini dərindən bilən ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə problemi daim diqqət mərkəzində saxlayır, təxribat ocaqlarının dərhal söndürülməsinə, öz nüfuzundan istifadə edərək SSRİ rəhbərliyi ilə mütəmadi danışıqlar apararaq problemin böyüməsinin və bununla da 1947-ci il hadisələrinin yenidən təkrarlanmasının qarşısının alınmasına çalışırdı. O çox yaxşı bilirdi ki, problem təkcə Ermənistan rəhbərliyindən deyil, eyni zamanda erməni diasporundan və onların bağlı olduğu xarici xüsusi xidmət orqanlarından da qaynaqlanır. Bir çox xarici ölkələrin xüsusi xidmət orqanları SSRİ-ni daxildən dağıtmaq məqsədilə erməni kartından məharətlə istifadə edirdilər.

Bu baxımdan, Azərbaycana rəhbərliyə başladıqdan sonra da Heydər Əliyevin fəaliyyətində anti-Azərbaycan qüvvələrin, ilk növbədə erməni-daşnak dairələrinin iddialarının qətiyyətlə qarşısının alınması da mühüm yer tuturdu.

Xaricdə bütün dünyaya meydan oxuyan, daxildə isə hər hansı müstəqillik meyillərinə qarşı çox qəddarcasına davranan SSRİ-nin "başbilənlərinin", eləcə də Azərbaycana düşmənçiliyini gizlətməyən və heç də zəif olmayan erməni siyasi nomenklaturasının mövcud olduğu bir zamanda, belə bir tarixi şəraitdə Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə, sonra da SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu vaxtlarda da xalqını düşündürən problemləri müdrikliklə həll edir, milli maraqların və mənafelərin təminatı üçün lazım olan məsələləri ehtiyatla, soyuq düşüncə ilə, məqsədyönlü şəkildə planlaşdırır və inamla həyata keçirir, praqmatik siyasi-taktiki gedişlərlə gələcək müstəqil Azərbaycan üçün çalışırdı. Bunun bariz nəticəsi idi ki, Heydər Əliyevin hakimiyyəti illərində Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan torpaqlarına gəlmə olduqlarını bu və ya digər şəkildə etiraf etməli olurdular. Təsadüfi deyil ki, onlar bu diyara köçürülmələrinin 150 illiyi münasibəti ilə 1978-ci ildə keçmiş Mardakert - Ağdərə rayonunun Marağaşen - Leninavan kəndində xüsusi abidə də qoymuşdular.

Amma üzdəniraq erməni alimləri, siyasətçiləri, yazıçıları, şairləri və onlara qahmar çıxanlar antiAzərbaycan siyasətlərindən heç cür əl çəkmir, əsassız iddialarını daha məkrlə davam etdirirdilər. Onların Azərbaycanın böyük və yenilməz oğlu Heydər Əliyevin əleyhinə müxtəlif mərkəzi orqanlara göndərdikləri şər, böhtan dolu, heç bir əsası olmayan "şikayət" məktublarının və teleqramlarının ardı-arası kəsilmirdi. Bütün bunlar həm erməni-daşnak dairələrinin antiAzərbaycan siyasətinin əsas hədəfini, həm də Heydər Əliyevin onlara qarşı fədakar mübarizəsinin mahiyyətini aydın şəkildə göstərir.

Ümummilli lider Heydər Əliyev SSRİ kimi nəhəng dövlətin başçılarından biri təyin olunduqdan sonra Moskvaya gedərkən Azərbaycan rəhbərlərinə Dağlıq Qarabağa qayğı, qonşu Ermənistanla münasibətlərə xüsusi diqqət yetirməyi tövsiyə etmişdir. Lakin bu müdrik və uzaqgörən nəsihətlər yetərincə nəzərə alınmadı. Nəticədə erməni-daşnak qüvvələri yenidən Azərbaycan üzərinə ayaq açdılar, məmləkətimizə qarşı ağlasığmaz ərazi iddiaları irəli sürdülər. Respublikanın o vaxtkı rəhbərliyinin zəifliyi, iradəsizliyi ermənilərə və erməniləri əllərində alət etmiş bəzi qüvvələrə öz məkrli planlarını genişləndirmələrinə imkan verirdi. Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən qısa müddət sonra ermənilər Dağlıq Qarabağın ilhaq edilməsi məsələsini artıq heç nədən çəkinmədən qaldırdılar. Bununla da Azərbaycan böyük fəlakətlərlə üzləşdi. Lakin hələ ümid yeri var idi. Qarşıdan bu fəlakətlərlə mübarizənin qətiyyətlə aparılması, Azərbaycanın qurtuluşu və onun qüdrətlənməsi, əbədi müstəqillik və dövlətçilik vəzifələrini həyata keçirməli olan, xalqın imdadı Heydər Əliyev missiyasının yeni dövrü gəlirdi.

A.VAQİFLİ