Məqalələr

Mərdlik, cəsarət, Vətənə sədaqət və yüksək intellekt onları fərqləndirən mühüm keyfiyyətlərdəndir

Vətənin, doğma yurdunun, xalqının maraqlarını və təhlükəsizliyini qorumaqdan böyük və şərəfli iş ola bilməz. Özü də hər tərəfdən daim torpağına, maddi-mənəvi və təbii sərvətlərinə kənardan çoxlu göz dikənlərin olduğu bir zəmanədə... Təhlükəsizlik orqanlarının veteranı Rüfət Xəlilovun 90 illik yubileyi tamam olur. Bu münasibətlə onunla görüşüb ötən günlərə nəzər salmağı qərara aldıq.

Respublikamızın təhlükəsizliyinin təmin edilməsində hüquq mühafizə orqanlarının rolu danılmazdır. Əlbəttə, bu gün Azərbaycanda sabitliyin, təhlükəsizliyin və asayişin qorunması kimi məsuliyyətli vəzifəni ləyaqətlə və peşəkarlıqla yerinə yetirən oğul və qızlarımız, heç şübhəsiz, vaxtilə bu sahədə uzun müddət nümunəvi xidmətləri ilə fərqlənmiş dəyərli insanlarımızın özlərindən sonra miras qoyduqları böyük təcrübədən indi də yararlanırlar.
Yaşı, az qala, bir əsri haqlayan çox zəngin ömür yolu keçmiş və səmərəli fəaliyyəti ilə fərqlənməyə nail olmuş həmin soydaşlarımızdan biri ilə - Rüfət Xəlilovla həmsöhbətik.

Rüfət Qaffar oğlu Xəlilov 1926-cı il mart ayının 7-də Azərbaycanın ən qədim və füsunkar guşələrindən biri olan Şəki şəhərində dünyaya göz açıb. 1952-ci ildə dövlət təhlükəsizlik orqanlarına həqiqi hərbi xidmətə qəbul edilib. Bu sahə üzrə təhsil almaq üçün keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) xüsusi məktəbinə göndərilib. Təhsilini başa çatdırdıqdan sonra ərazi orqanlarında xidmət edib. 1974-cü ildən Azərbaycan SSR DTK-nın Qazax rayon bölməsinə rəhbərlik edib. 1983-cü ildən isə əks-kəşfiyyat strukturlarında fəaliyyətini davam etdirən Rüfət Xəlilov, 1986-cı ildə hərbi xidmətdə son yaş həddinə çatması ilə əlaqədar polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb. Dövlət təhlükəsizlik orqanlarında çalışdığı müddətdə dəfələrlə mükafatlandırılıb, bir çox medal və qiymətli hədiyyələrlə təltif edilib.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev tərəfindən 2016-cı il fevralın 29-da Rüfət Xəlilov Azərbaycan təhlükəsizlik orqanlarında səmərəli xidməti və anadan olmasının 90 illik yubileyi münasibəti ilə “Milli təhlükəsizlik orqanlarının veteranı” döş nişanı ilə təltif olunub.

* * *
Rüfət müəllimlə daha yaxından tanış olmaq, onun Azərbaycan təhlükəsizlik orqanlarındakı xidməti və həyatının maraqlı anlarını oxucularımıza çatdırmaq və bu barədə onun özünün dilindən eşitmək üçün Şəkidəki evinə yollandıq. Bizi gülərüz, səmimi və hətta bir az da kövrək insan qarşıladı. Otağa daxil olan kimi, Rüfət müəllim bizə Novruz nemətləri ilə bəzədilmiş stolun arxasında oturub qoğal, şəkərbura, paxlavadan dadmağı “əmr etdi”...
Fikrimizdə çoxlu suallar hazırlasaq da, böyük həyat və çekist təcrübəsinə malik olan ağsaqqal bizi qabaqlayıb özü həvəslə söhbətə başladı:
- Mənim anadan olduğum məhəlləyə Şəkidə “Həkimlər” məhəlləsi deyirlər. Babam Hacı Cabbar xəstələri müxtəlif otlarla, təbii vasitələrlə müalicə edirdi. Onun yanına şəfa tapmaq üçün təkcə Şəkidən deyil, ətraf rayonlarımızdan da gəlirdilər. Atamgil üç qardaş idilər: əmim Yusif, atam Qaffar və kiçik əmim Nəsif. Yusif əmim də babamın yolu ilə gedərək qardaş Türkiyədə ali həkimlik təhsili almış, bir müddət orada işlədikdən sonra Azərbaycana qayıdıb Şəkidə həkimlik etmişdir. O vaxtlar bizim evin qapıları gecələr də bağlanmırdı, xəstələr günün istənilən vaxtı bizə gələ bilirdilər. Yusif əmim həm də çox tərəqqipərvər, xeyriyyəçi idi. O, 1917-ci ildə Nuxa Hürriyyəti Maarif Cəmiyyətinin təşkilatçısı olmuş, savadsızlığın aradan qaldırılması, şəkililərin maarifləndirilməsi üçün əlindən gələni etmişdir. Atam da Şəkidə tanınmış dərzilərdən idi. Həm də Şəki Ağsaqqallar Şurasının sədri idi... 
Bu arada Rüfət müəllim yenə də bizə stolun üstündəki şirniyyatlardan yeməyi “əmr edib” sualedici nəzərlərlə üzümüzə baxdı:
Görürəm, darıxırsınız... Gözləyirsiniz ki, nə vaxt özüm haqda, dövlət təhlükəsizlik orqanlarında fəaliyyətim barədə danışacağam? – deyə gülümsədi...
Amma o, elə maraqla, şirin danışırdı ki, bizim nəinki darıxmaq, heç stolun üstündəki naz-nemət də yadımıza düşmürdü...
Bu arada yaranmış sakitlikdən istifadə edib, mən Rüfət müəllimdən oxuduğu məktəb, təhlükəsizlik orqanlarında fəaliyyəti dövründə rastlaşdığı hadisələr barədə qısa suallar verdim.
Müsahibim Şəkidə orta məktəbi bitirdikdən sonra bir müddət dövlət bankının rayon şöbəsində inkassator işlədiyini dedi:
- Çox çətin və mürəkkəb bir dövr idi. Avtomobil yox idi, mən piyada gəzərək şəhərdəki sənaye malları və ərzaq mağazalarından nağd pulu yığıb gətirib banka təhvil verirdim. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, işimin öhdəsindən layiqincə gəlirdim. 1952-ci il idi. Mən dövlət təhlükəsizlik orqanlarında işə dəvət edildim. Sonra məni DTK-nın Tiflisdəki xüsusi məktəbində oxumağa göndərdilər. 1954-cü ildə həmin məktəbi bitirib leytenant rütbəsi ilə Azərbaycana qayıtdım və 1959-cu ilə qədər Şəkidə əməliyyat müvəkkili işlədim. Sonra məni Astara şəhərinə göndərdilər.
Rüfət müəllim təhlükəsizlik orqanlarındakı xidməti ilə bağlı açıqlayacağını bayaqdan səbirsizliklə gözlədiyimiz mühüm məqamların üstündən elə peşəkarcasına və məharətlə keçdi ki, sonradan bu sualları ona ünvanlamaq bizim heç yadımıza da düşmədi...
O, bir müddət xidmətini Astarada davam etdirir, 1965-1974-cü illərdə isə DTK-nın Gəncə (o vaxtkı Kirovabad) şöbəsində işləyir. DTK-nın Gəncə şöbəsinin fəaliyyət dairəsi böyük bir ərazini əhatə edirdi. 1974-cü ildə isə DTK-nın Qazaxda yeni bölməsi yaradılır, Rüfət müəllim də həmin bölməyə rəis təyin olunur.
Söhbətdə diqqətimizi bir məqam xüsusi olaraq cəlb etdi. Doxsan yaşlı müsahibimiz Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini çatdırarkən sanki həmin illərə qayıtdı:
- Vəzifəyə təsdiq olunmaq üçün dəvət edilən əməkdaşları Ümummilli Lider özü şəxsən qəbul edib söhbətlər aparırdı. Mən bütün şəxsi heyətin fəxr etdiyi Dövlət Təhlükəsizlik Komitəsinin ilk azərbaycanlı generalının qəbulunda olanda, Ulu öndər öncə Gəncədə ümumi vəziyyət, əhalinin durumu ilə maraqlandı. Sonra mənə müvafiq tapşırıqlarını, dəyərli məsləhət və tövsiyyələrini verdi, xidmətdə uğurlar arzuladı.
DTK-nın Qazax bölməsində işlədiyim vaxt Ulu öndər bu rayona ildə, heç olmasa, bir-iki dəfə gəlirdi və mənə də onunla görüşmək nəsib olurdu. O vaxtlar Azərbaycanın bəzi bölgələrində olduğu kimi, Qazaxda da üzümçülüyün inkişafına böyük diqqət yetirilirdi. Heydər Əliyev ümumən rayonda kənd təsərrüfatının inkişafına çox fikir verirdi. Qazaxı içməli və suvarma suyu ilə təmin edən çaylar mənfur qonşumuz ermənilərin ərazisindən keçib gəlirdi. Onlar çayları daim çirkləndirirdilər. Bu da bölgədə su problemi yaradır və Ümummilli Lideri çox narahat edirdi. Onda biz Ulu öndərin rəhbərliyi ilə bu problemin aradan qaldırılmasına nail olduq və bu gün də Qazaxda insanlar sudan korluq çəkmirlər. Heydər Əliyevin üzüm becərənlərlə çox görüşlərinin şahidi olmuşam. Onun kolxozçularla söhbətlərinə qulaq asanda, adam heyran olmaya bilmirdi. Fenomenal yaddaşa malik olduğu, bütün həyati əhəmiyyətli sahələri, o cümlədən kənd təsərrüfatı işlərini mütəxəssislərdən yaxşı bildiyi həmin söhbətlər zamanı özünü həmişə büruzə verirdi.
Bir dəfə Heydər Əliyevin cavan üzümçülük briqadiri ilə söhbətinin şahidi oldum. Ulu öndər bir-birinə yaxın əkilmiş üzüm cərgələrini göstərib briqadirə tinglərin sahədə necə düzgün əkilməsini izah edirdi. Başa salırdı ki, cərgələr bir-birinə çox yaxın olduqda tinglər kölgədə qalır və belə olduqda məhsul bolluğundan danışmağa dəyməz. Yaşlı üzümçülərin də hamısı Ümummilli Liderin dediklərini təsdiq edirdilər...Qazaxda işləyəndə xidməti işimlə bağlı mən də tez-tez Bakıya getməli olurdum və Ulu öndərlə görüşmək nəsibim olanda özümü çox bəxtəvər hesab edirdim...
Nəhayət, 1983-cü ildə mənə fəaliyyətimi Bakıda, Mərkəzi Aparatda əks-kəşfiyyat strukturlarında davam etdirmək məsləhət görüldü və istefaya çıxanadək - 1986-cı ilə qədər paytaxtda işlədim, - deyə, Rüfət müəllim sanki dövlət təhlükəsizlik orqanlarında işlədiyi dövr haqqında xatirələrinə nöqtə qoydu və bizim sual dolu nəzərlərimizi görüb, mehribanlıqla əlavə etdi: - Bilirsiniz, təhlükəsizlik xidməti orqanlarında baş verənlər və təhlükəsizlik xidməti əməkdaşlarının bildikləri və gördükləri ya məxfi olur, ya da tam məxfi. Mən güzəştə gedərək sizə daha çox məlumat verdim, – deyərək xəfifcə gülümsədi.
Sonda Rüfət müəllim ağsaqqal nəsihətini, arzularını da çatdırdı: dövlət təhlükəsizliyi xidmətinin əməkdaşında mərdlik, cəsurluq, yüksək intellekt və mənəvi keyfiyyətlər, peşəsinə dərindən bağlılıq, bir də ən əsası vətənpərvərlik olmalıdı. Biz veteranlar istefada olmağımıza baxmayaraq, özümüzü daim milli təhlükəsizlik orqanları əməkdaşlarının sıralarında hiss edirik. Onların uğurunu öz uğurumuz bilirik. Eyni zamanda, biz son vaxtlar dövlətimizin başçısı möhtərəm İlham Əliyevin rəhbərliyi ilə bu orqanlarda aparılan islahatları, struktur dəyişikliklərini də daim izləyirik. İndi bu sistemə yeni ab-hava gətirilib, işində bir canlanma var.
Şəxsimə göstərilən diqqəti, döş nişanı ilə təltif olunmağımı, mənim simamda bütün veteranlarımıza göstərilən doğma münsibətin bariz nümunəsi olaraq qiymətləndirirəm. Çox sağ olun deyirəm.
Sonra Rüfət müəllim bizə özünün cavanlıq foto-şəkillərini, çoxsaylı medallarının vəsiqələrini, təltif olunduğu fəxri fərman və diplomları göstərdi. Söhbətimizin bir saatdan artıq çəkməsinə baxmayaraq, vaxtın necə keçdiyini heç hiss eləmədik. Artıq yubilyarı da çox yormamaq üçün, bir daha 90 yaşını təbrik edib, ona möhkəm can sağlığı, uzun ömür və iki qızı, bir oğlu, yeddi nəvəsi və yeddi nəticəsi ilə şad-xürrəm həyat sürməyi arzuladıq.

Söhbətləşdi: Murad Nəbibəyov,
“Şəki Bələdiyyəsi” qəzetinin baş redaktoru

“Xalq qəzeti”,
6 mart 2016-cı il