Dövlət Təhlükəsizliyi Xidmətinin İdman və sağlamlıq mərkəzi

İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir. İdman kimi Azərbaycanın müstəqilliynin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.

Heydər ƏLİYEV
Ümummilli Lider

Azərbaycan idman dövlətidir. Bunu artıq dünya idman aləmi etiraf edir, qəbul edir. İdmanın dayanıqlı inkişafı üçün çox böyük işlər görülür. Azərbaycanda mütəmadi qaydada beynəlxalq yarışlar, dünya, Avropa çempionatları keçirilir. Yeniyetmələr, gənclər idmana böyük maraq göstərirlər. İndi idmanla məşğul olmaq üçün bizim gözəl imkanlarımız vardır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

İdman böyük qayğı və diqqət tələb edən sahədir. Hər hansı ölkədə onun kifayət qədər ardıcıl və məqsədyönlü inkişafı idman ənənəsi, idmanla məşğul olmağa şərait və imkan, onun təbliği, idmançılara münasibət, idman mütəxəssislərinin yetişdirilməsi, yarışların təşkili və keçirilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakının təmin olunması, kütləviləşdirilməsi və s. bu kimi amillərdən çox asılıdır. Bu amillərin hər biri vacibdir. Ancaq təbii ki, onların sırasında dövlətin idmana münasibəti özünəməxsus yer tutur. Çünki bu münasibət yuxarıda qeyd olunan məsələlərin uğurlu həllinə bilavasitə təsir göstərir.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan təşkilati-struktur islahatlar, maddi-texniki və təlim-tədris bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması ilə yanaşı, əməkdaşların peşəkarlığının, əməliyyat-döyüş və fiziki hazırlığının artırılmasına xüsusi diqqət yetirilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin İdman və sağlamliq mərkəzi idman və sağlamlıq sahəsi üzrə fəaliyyətin təmin edilməsi və təkmilləşdirilməsi işini təşkil edir, şəxsi heyətin fiziki hazırlığının yüksəldilməsi istiqamətində müvafiq fəaliyyəti həyata keçirir.
Mərkəzdə idmanın əksər kütləvi növləri, o cümlədən güləş, əlbəyaxa döyüş, voleybol, futbol, həndbol, basketbol, tennis üzrə yay və qış meydançaları, gimnastika və trenajor zalları, 25 metrlik üzgüçülük hovuzu, təlimatçı və həkim otaqları və sair imkanlar vardır. Müasir standartlara cavab verən texniki ləvazimatlarla və avadanlıqlarla təmin edilən mərkəzdə kursant və dinləyicilərin, digər əməkdaşların idmanla məşğul olmaları, fiziki sağlamlıqlarını möhkəmləndirmələri üçün hər cür şərait yaradılmışdır.
DTX-nin İdman və sağlamliq mərkəzinin fəaliyyət göstərdiyi müddət ərzində "TİTAN" idman klubunun üzvləri Kunq-fu, WASKO, Universal-döyüş, Kiq-boksinq, Poverliftinq, Ağır atletika, Qarışıq döyüş növləri, Qeyri olimpiya döyüş növləri və sair idman növləri üzrə Dünya və Avropa çempionatları, mötəbər beynəlxalq, həmçinin respublika əhəmiyyətli turnir, yarış və kuboklarda ümumilikdə 50 qızıl, 53 gümüş və 40 bürünc medal qazanmaqla Azərbaycanın bayrağını yüksəklərə qaldırmışlar.