Academy of the State Security Service of

the Republic of Azerbaijan named after Heydar Aliyev

Akademiyanın tədris və elmi-tədqiqat fəaliyyəti

Akademiyada təhlükəsizlik orqanları üçün xüsusi əməliyyat hazırlığı, hüquqşünaslıq, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabit kadrlar hazırlanır. Akademiyada xüsusi təyinatlı əməliyyat, hüquq, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi, xarici dillər, ictimai-siyasi, hərbi hazırlıq, fiziki hazırlıq kafedraları, eləcə də xüsusi siniflər, laboratoriyalar, kabinetlər, kompüter sinifləri, linqafon zalları və s. fəaliyyət göstərir.
Akademiyada kursantlara ali bakalavr təhsili verən (təhsil müddəti 5 ildir) "Əməliyyat işçilərinin hazırlanması" fakültəsinə qəbul "hüquqşünaslıq" ixtisası üzrə orta məktəb məzunları sırasından Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test imtahanları vasitəsilə həyata keçirilir.
Akademiyaya qəbul olunan kursantlar tam dövlət təminatına götürülür, hərbi geyim forması, gündəlik yemək və yüksək səviyyədə məişət şəraiti yaradılmış yataqxana ilə təmin edilirlər. Akademiyada təhsil alan kursantlar aylıq pul təminatı alırlar. Bundan əlavə, təhsildə yüksək müvəffəqiyyət qazanan, elmi-yaradıcılıq fəaliyyəti ilə məşğul olan və Akademiyanın ictimai həyatında fəal iştirak edən əlaçı kursantlara Heydər Əliyev adına təqaüd verilir.
Kursantlar təhsil müddətində Dövlət Təhlükəsizliyi Xidmətinin orqanlarında əməliyyat təcrübəsi və ixtisaslaşması keçirlər. Akademiyanı bitirən məzunlara müvafiq ixtisas üzrə ali təhsil alması barədə dövlət nümunəli bakalavr diplomu, əməliyyatçı ixtisası alması barədə şəhadətnamə və «leytenant» ilk zabit hərbi rütbəsi verilir.
Akademiyada Dövlət Təhlükəsizliyi Xidmətinə yeni qəbul olunanların hazırlığını təmin etmək məqsədilə birillik Ali kurslar, eləcə də Xidmətin əməkdaşlarının ixtisaslarının artırılması üçün bir, iki və üç aylıq kurslar təşkil olunur.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının "hüquqşünaslıq" ixtisası üzrə ali təhsil almasını təmin etmək məqsədilə Akademiyada qiyabi təhsil də həyata keçirilir.
Akademiyada dərslər müasir tələblərə cavab verən tədris korpuslarında aparılır. Tədris prosesini yüksək səviyyədə təmin etmək üçün müasir kompüterlər, audio-video texnika, proyektorlar və stendlərlə təchiz edilmiş xüsusi təyinatlı siniflər, kriminalistik kabinetlər, sınaq otaqları və laboratoriyaları, müasir kompüter sinifləri, linqafon zalları, zəngin fonda malik xüsusi, ümumi və bədii kitabxanalar, gözəl tərtibata və audio-video qurğulara malik klublar və s. kursant və dinləyicilərin ixtiyarına verilmişdir.
Akademiyada əməliyyat, hüquq və informasiya təhlükəsizliyi sahələrində fənlərin tədrisi diqqət mərkəzində saxlanılmaqla, müxtəlif xarici dillərin öyrənilməsinə xüsusi yer verilir.
Tədris prosesi yüksək ixtisaslı elmi-pedaqoji kadrlar, o cümlədən elmlər doktorları və fəlsəfə doktorları, habelə uzun illər təhlükəsizlik orqanlarında xidmət etmiş təcrübəli zabitlər tərəfindən həyata keçirilir.
Hazırda Akademiyada 2 elmlər doktoru, 14 fəlsəfə doktoru, 2 professor və 7 dosent fəaliyyət göstərir. Eyni zamanda, xüsusi fənlər üzrə mühazirələr oxumaq və praktiki dərslər aparmaq məqsədi ilə DTX-nin rəhbər heyəti və yüksək ixtisaslı mütəxəssisləri Akademiyada pedaqoji fəaliyyətə cəlb olunurlar. Bu da kursant və dinləyicilərə gələcək xidməti fəaliyyətləri üçün zəruri nəzəri biliklərlə yanaşı xüsusi (əməli) bacarıq və vərdişlərə yiyələnməyə imkan verir.
Akademiyada bir çox ixtisaslar və elmi istiqamətlər üzrə elmi tədqiqatlar aparılır. Gələcəkdə adyunkturanın yaradılması nəzərdə tutulur. Fundamental və tətbiqi araşdırmalar nəticəsində professor-müəllim heyətinin onlarla monoqrafiyası nəşr edilmiş və nüfuzlu elmi jurnallarda məqalələri dərc olunmuşdur. Ümumiyyətlə, ötən dövr ərzində iki yüzdən artıq monoqrafiya, dərslik, dərs vəsaiti və digər tədris-metodiki vəsaitlər hazırlanaraq nəşr olunmuşdur.
Akademiyanın elmi-pedaqoji fəaliyyətinə rəhbərliyi kollegial orqan olan Elmi Şura həyata keçirir.