Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev

adına Akademiyası

Qəbul qaydaları

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına peşə seçiminin bütün tələblərinə cavab verən orta məktəb məzunları olan çağırışçılar, eləcə də respublikanın təhlükəsizlik orqanlarında xidmət edən, zabit hərbi rütbəsi olmayan orta və ya orta-ixtisas təhsilli hərbi qulluqçular qəbul oluna bilərlər.
Akademiyaya qəbul olunmaq üçün aşağıdakı yaş hədləri müəyyən olunmuşdur:
- hərbi qulluqçular – 18 yaşından 23 yaşınadək;
- orta məktəb məzunları olan çağırışçılar – 17 yaşından 19 yaşınadək.
Akademiyaya daxil olmaq istəyən şəxslər qəbul keçirilən il yanvar ayının 10-dək ərizə ilə yaşayış yeri üzrə DTX-nin yerli orqanlarına (hərbi qulluqçular komanda üzrə raportla) müraciət etməlidirlər. Müraciət edən namizədlər müəyyən olunmuş qaydada tibbi yoxlamadan keçdikdən və fiziki hazırlıq normativlərini ödədikdən sonra onlarla Akademiyada Mandat Komissiyası tərəfindən peşə seçimi ilə bağlı söhbət aparılır.
Peşə seçimini müvəffəqiyyətlə keçmiş namizədlər Akademiyanın "Əməliyyat işçilərinin hazırlanması" fakültəsinə ("Hüquqşünaslıq" ixtisası üzrə) qəbul olunmaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarında III ixtisas qrupunda (ana dili, tarix, ədəbiyyat, xarici dil, riyaziyyat) qəbul imtahanı verirlər.
Akademiyaya qəbul imtahanları namizədin arzusu ilə Azərbaycan və ya rus dilində verilə bilər, Akademiyada təhsil isə Azərbaycan dilində aparılır.