DTX-nin əməkdaşları tədbir-sərgidə iştirak etmişlər

23 noyabr 2017-ci il
 
Keçmiş Sovetlər birliyində 1930-cu illərdə totalitar rejim tərəfindən Azərbaycan xalqının ayrı-ayrı nümayəndələrinə, ziyalılarına, vətənpərvər övladlarına qarşı törədilmiş repressiyaların 80 illiyi ilə əlaqədar Bakı şəhərindəki Azərbaycan İstiqlal Muzeyində “Qara Dastan – 37” adlı tədbir-sərgi təşkil olunmuşdur.
Tədbirdə repressiya qurbanlarının övladları və yaxınları, həmin müdhiş illəri tədqiq edən tarixçi alimlər, müxtəlif dövlət qurumlarının, o cümlədən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları və gənclər iştirak etmişlər.
“Qara Dastan – 37” adlı sərgidə Dövlət Təhlükəsizliyi Xidmətinin arxivlərində saxlanılan və milli yaddaşın öyrənilməsi məqsədilə ictimaiyyət üçün açıqlanmış bir sıra tarixi materiallar və sənədlər də nümayiş etdirilmişdir. Sərgidə adı totalitar rejimin repressiya qurbanlarının bütövlüyü rəmzinə çevrilmiş Hüseyn Cavidə aid guşə tamaşaçılara təqdim olunmuşdur.
Çıxış edənlər bu il oktyabrın 24-də Prezident cənab İlham Əliyevin böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladığını xüsusi qeyd etmişlər. Həmçinin Azərbaycan xalqının vaxtilə üzləşdiyi bu ağır tarixi gerçəklərin gələcək nəslə çatdırılmasının, ali nemət olan dövlət müstəqilliyimizin qorunub saxlanılması, daha da möhkəmləndirilməsi məqsədilə gənclərin məlumatlılığının artırılması baxımından tədbirin əhəmiyyətini vurğulamış və sərginin ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlıqlarını bildirmişlər.