DTX-nin xüsusi qrupu “Xəzər-2017” beynəlxalq təlimində iştirak edib

03 noyabr 2017-ci il
 
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Xəzəryanı ölkələrin iştirakı ilə Bakının Qaradağ rayonu ərazisində, Xəzər dənizinin cənub-qərb hissəsində “Xəzər-2017” beynəlxalq təlimi keçirilib.
Təlimdə Azərbaycan FHN-in, Rusiyanın, İranın, Qazaxıstanın, Türkmənistanın müvafiq qurumlarının canlı qüvvə və texnikası iştirak edib. Bundan başqa, Azərbaycanın digər müvafiq güc qurumlarının - Xüsusi Dövlət Mühafizə, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd xidmətlərinin, Müdafiə, Daxili İşlər nazirliklərinin, həmçinin Dövlət Dəniz Administrasiyasının, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin, Dövlət Neft Şirkətinin və BP şirkətinin şəxsi heyətləri, xüsusi texnika və avadanlığı da cəlb edilib.

“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin fövqəladə hadisələr zamanı birgə fəaliyyəti” mövzusunda təşkil olunan təlimi fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəsmi şəxslər, eləcə də Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazirinin müavini Vladlen Aksenov, İranın daxili işlər nazirinin müavini, Böhranlı Vəziyyətlərin İdarə Edilməsi Təşkilatının sədri İsmayıl Nəccar, Qazaxıstan Daxili İşlər Nazirliyi nəzdində Fövqəladə Hallar üzrə Komitənin sədr müavini Marat Kuldikov, Türkmənistan Müdafiə Nazirliyinin Xilasetmə İşinin Təşkili Baş İdarəsinin rəisi Pənah İlyasov, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin təmsilçiləri, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri, təlimdə iştirak edən müvafiq qurumların rəhbər heyəti izləyiblər.

Əvvəlcə təlimdə iştirak edən qurumların texnikalarına və avadanlığına baxış olub.
Sonra təlimlə bağlı yaradılan əməliyyat qərargahında müşavirə keçirilib.
Müşavirədə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Bakıda ilk dəfə olaraq Azərbaycanın ev sahibliyi və Rusiya, İran, Qazaxıstan, Türkmənistanın iştirakı ilə “Xəzər-2017” beynəlxalq təlimi keçirilir. Bu baxımdan Azərbaycandakı təlim fəlakət risklərinin effektiv idarə edilməsi, mövcud istiqamətlərdə fəaliyyətin gücləndirilməsi, risklərə gətirib çıxaran halların birgə aradan qaldırılmasına mühüm zəmin yaradacaq.
Təlimə 1100 şəxsi heyət, 208 müxtəlif təyinatlı texnika, 2 təyyarə, 5 helikopter, 10 sürətli kater, 8 gəmi və s. cəlb edilib.

Təlim planına uyğun olaraq birinci mərhələdə fövqəladə hadisələrin başvermə təhlükəsi yarandıqda və ya baş verdikdə Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanın xilasetmə xidmətlərinin qüvvələrindən beynəlxalq xilasetmə birləşmələrinin yaradılması, informasiya mübadiləsinin və qarşılıqlı fəaliyyətin təşkili, dənizdə yerləşən neftçıxarma platformalarında və neftdaşıyan gəmilərdə baş verən qəzalar zamanı xəbərdarlığın edilməsi, axtarış və qəza xilasetmə işlərinin həyata keçirilməsi, ikinci mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların sualtı hissələrinə baxış keçirilməsi və obyektlərin təhvil verilməsi əməliyyatları uğurla yerinə yetirilib.
Sonda təlimdə iştirak edən qüvvə və texnikaların paradı olub.