Maddi-mədəniyyət nümunələrimiz milli yaddaş xəzinəsidir

19 sentyabr 2017-ci il
 
Dövlət Təhlükəsizliyi Xidmətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının birgə tədbirləri nəticəsində Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə aid arxeoloji əhəmiyyət kəsb edən maddi-mədəniyyət nümunələri olan 385 (üç yüz səksən beş) ədəd əşya və predmet Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssislərinin ilkin rəyinə əsasən, həmin maddi-mədəniyyət nümunələri, o cümlədən əksəriyyəti daş dövrünün müxtəlif mərhələlərinə və ilk orta əsrlər dövrünə aid olan tuncdan və dəmirdən hazırlanmış döyüş silahları, təsərrüfat təyinatlı saxsı qablar və onların qalıqları, daş əmək alətləri, qadın bəzək əşyaları, gümüş sikkələr tarixi əhəmiyyətə malikdir və onların arxeoloji tədqiqatına ehtiyac var. Bu tarixi əhəmiyyətli tapıntılar öyrənildikdən sonra muzeylərdə nümayiş etdiriləcək.

Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilmiş nadir tarixi sərvətlər Azərbaycanda sürətlə inkişaf edən turizmə, xüsusilə respublikamıza qonaq gələn əcnəbilərə xalqımızın, ölkəmizin milli yaddaşını özündə daşıyan maddi-mədəniyyət nümunələrinin təbliği üçün daha bir töhfədir.