Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsinin məlumatı

19 iyul 2017-ci il
 
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə Azərbaycan Respublikası ərazisində casusluq yolu ilə toplanılmış məlumatları kiçik ölçülü elektron informasiya daşıyıcılarında Azərbaycan Respublikasından çıxarmağa çalışan Muxtar Yağubov ölkəni tərk etməyə cəhd edərkən saxlanılmışdır.

Dövlətə xəyanət faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə başlanılmış cinayət işi üzrə davam edən araşdırmalarla casus şəbəkəsinin Bakı şəhəri və ölkənin digər ərazilərində fəaliyyət göstərən üzvləri - Azərbaycan Respublikasının vətəndaşları Yağubov Muxtar Camal oğlu, Əhmədov Şakir Xanlar oğlu, Zeynallı Zəka Abış oğlu, Abbaszadə Səbuhi Oktay oğlu, Nuriyev Xudaşükür Məcid oğlu və Hüseynov Kəmaləddin İsaxan oğlu ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilmiş, barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
İstintaq-əməliyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları ilə qarşılıqlı yazışmalar və ötürülməsi nəzərdə tutulan müxtəlif xarakterli məlumatlar aşkarlanaraq ələ keçirilmiş, casus şəbəkəsinin xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə dövlət məmurları, ictimai xadimlərlə əlaqələr yaratmaq və digər dairələrə nüfuz etmək, Azərbaycan Respublikasının təhlükəsizlik orqanları, Silahlı Qüvvələri, ölkədə aparılan təhlükəsizlik tədbirləri barədə məxfi məlumatları toplamaq istiqamətində fəaliyyət göstərdiyi müəyyən edilmişdir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.