DTX-də 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş təntənəli tədbir keçirilmişdir

14 iyun 2017-ci il

Bayram münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyətini tədbrik edən general-leytenant Mədət Quliyev çıxışında bildirmişdir ki, 15 İyun çağdaş yaddaşımızda Azərbaycan xalqının taleyini, onun gələcəyini müəyyənləşdirən çox böyük tarixi, ictimai və siyasi əhəmiyyətə malik bir gündür.
General-leytenant Mədət Quliyev qeyd etmişdir ki, ən mürəkkəb və çətin bir dövrdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi dövləti siyasi iflasdan, Vətəni parçalanmaqdan və yenidən əsarət altına düşməkdən xilas etmişdir. Böyük düha sahibi Heydər Əliyev xalqını işıqlı gələcəyə, müasir, sivil və demokratik cəmiyyət quruculuğuna doğru apararaq, ölkəni yeni dünya düzənində söz və mövqe sahibinə çevirməyə nail olmuş, hazırda regionun lider dövləti Azərbaycanın müstəqilliyini əbədi, daimi və dönməz etmişdir.
General-leytenant Mədət Quliyev bildirmişdir ki, Ulu Öndərin siyasi xəttini layiqincə davam etdirən möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyevin müdrik idarəçiliyi və beynəlxalq siyasi nüfuzu sayəsində Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük uğurlara və yeni zəfərlərə doğru inamla addımlayır.
Müasirləşən və yeniləşən Azərbaycanın cəmiyyətinin və vətəndaşının ötən əsrin 90-cı illərindəkindən xeyli fərqləndiyini diqqətə çatdıran general-leytenant Mədət Quliyev qeyd etmişdir ki, Vətənə hədsiz məhəbbət, dövlətçiliyə sədaqət, Heydər Əliyev amallarını rəhbər tutaraq müstəqil dövlətimizin daha da qüdrətlənməsi naminə əzmlə çalışmaq bu gün hər bir vətənpərvər azərbaycanlının başlıca məqsədi və həyat kredosudur. Ötən ilin aprel ayında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə düşmənin təxribatlarının qarşısının layiqincə alınması, Azərbaycan ordusunun torpaqlarımızın işğaldan azad olunmasında göstərdiyi yüksək döyüş əzmi və əldə edilmiş qələbə bir daha Azərbaycan xalqının həmrəyliyi ilə dövlətin gücünün vəhdətini bariz şəkildə nümayiş etdirmişdir.
Tədbirin sonunda DTX-nin struktur bölmələri arasında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş idman yarışlarının qaliblərinə kubok, medallar və qiymətli hədiyyələr verilmişdir.
Sonra sənədli film nümayiş edilmişdir.