DTX-də gənclər təşkilatlarının rəhbərləri üçün məlumat turu təşkil edilib

01 iyun 2017-ci il

Dövlət Təhlükəsizliyi Xidmətinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə DTX-də məlumat turu təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş və praqmatik idarəetmə konsepsiyasının mühüm tərkib hissəsi olan və uğurla tətbiq edilən “Açıq hökumət” quruculuğu çərçivəsində gənclərin fəallaşdırılması, onların dövlət strukturları ilə sıx təmaslarının yaradılması, müasir, təcrübəli və kreativ vətəndaş kimi püxtələşməsi, bilik və bacarıqlarının Azərbaycanın müstəqilliyinə və tərəqqisinə yönləndirilməsi işinə xüsusi əhəmiyyət verilir.

Gənclər üçün müxtəlif dövlət orqanları və qurumlarında məlumat turlarının təşkili artıq ənənəyə çevrilib. Belə tədbirlər möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasətinin, bu sahəyə göstərilən yüksək diqqət və qayğının, gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda yetişdirilməsinin, ictimai xeyirli innovativ təklif, təşəbbüs və layihələrinin dəstəklənməsinin, ümumilikdə Azərbaycanda mövcud vətəndaş birliyi və həmrəyliyinin sarsılmazlığının bariz nümunəsidir.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyevin göstərişi ilə DTX-də gənclər təşkilatlarının rəhbərləri üçün ilk dəfə təşkil olunmuş məlumat turu da məhz bu ümumi məqsədə xidmət edir. Turun başlıca hədəflərindən biri də müstəqil Azərbaycanın maraqlarının qorunması və təhlükəsizliyinin təmin olunması işində gənclərin iştiraklarının daha da artırılmasıdır.

Əvvəlcə tədbir iştirakçıları Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə gül dəstələri qoyublar. “Şöhrət” muzeyində keçirilmiş tədbirə ARGTMŞ-in üzvü olan 30 təşkilatın rəhbəri qatılıb. Unikal məzmuna və nəfis tərtibata malik muzey ilə tanışlıq zamanı gənclərə məlumat verilib ki, burada nümayiş etdirilən nadir eksponatlar, sənədlər və arxiv materialları ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini, xalqımızın taleyində misilsiz rolunu, o cümlədən ömrünün 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı xidmət dövrünü, onun bilavasitə iştirakı ilə keçirilmiş əməliyyatlar haqqında məlumatları ətraflı əks etdirir.
Sonra DTX aparatının, Akademiyanın, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məsul əməkdaşları müvafiq fəaliyyət istiqamətləri üzrə izahedici məlumatlar veriblər. Bildirilib ki, şəxsi heyətinin əksər hissəsini gənclər təşkil edən DTX-də belə görüşlərin keçirilməsi təqdirəlayiqdir və ictimaiyyətlə əlaqələrin qurulması baxımından əhəmiyyətidir. Aparıcı gənclər təşkilatları rəhbərlərinin məlumat turu üçün “Şöhrət” muzeyinin seçilməsi də təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq, Vətənə və dövlətə sədaqət prinsiplərinə söykənən şərəfli xidmət nümunəsinin, onun ən kiçik vəzifələrdən dövlət başçısınadək yüksələn ibrətamiz fəaliyyət yolunun öyrənilməsi gənc nəslin tərbiyəsində mühüm rol oynayır.

Tədbirdə, həmçinin Azərbaycan təhlükəsizlik orqanlarının tarixi, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin təhlükəsizliyinin hərtərəfli təmin olunması, bu sahədə müasir çağırışlara uyğun aparılmış islahatlar və əldə edilmiş nailiyyətlər barədə danışılıb. Qeyd olunub ki, xalqın və dövlətin maraqlarının etibarlı qorunmasında, xüsusilə gənc nəslin vətənpərvər, dövlətçiliyə sədaqət ruhunda yetişdirilməsində gənclər təşkilatlarının üzərinə böyük vəzifələr düşür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır fəsadları, o cümlədən əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar məsələlərin həlli üzrə dövlət tərəfindən görülən işlər barədə də məlumat verilib. Bildirilib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əsas fəaliyyət istiqamətlərindən biri erməni terrorçu-quldur birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli cinayət faktlarının beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Bu işdə gənclərin daha da yaxından iştirakları mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə xüsusi vurğulanıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın təhlükəsiz inkişaf etməsi və qüdrətlənməsi, mənafelərinin etibarlı təmin olunması üçün insan kapitalının yaradılması naminə uğurla həyata keçirilən gənclər siyasətinə digər aidiyyəti dövlət orqanları ilə birgə Dövlət Təhlükəsizliyi Xidməti bundan sonra da öz töhfələrini verəcəkdir.
Sonda gənclərin sualları cavablandırılıb.