28 May - Respublika Günü münasibətilə idman yürüşü keçirilmişdir

27 may 2017-ci il

28 May - Respublika Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti, Gənclər və İdman Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər dövlət qurumlarının əməkdaşlarının, eləcə də Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələrinin birgə iştirakı ilə idman yürüşü keçirilmişdir.
İdman yürüşündə Dövlət Təhlükəsizliyi Xidmətinın rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev iştirak etmişlər.

Yürüşün açılış mərasimində Dövlət Himni səsləndirilmişdir.
General-leytenant Mədət Quliyev 28 May - Respublika Günü münasibətilə yürüş iştirakçılarını təbrik etmişdir. Yürüşün keçirilməsi təşəbbüsünə dəstək verdiklərinə və bilavasitə iştiraklarına görə KİV nümayəndələrinə, jurnalistlərə minnətdarlığını bildirən general-leytenant Mədət Quliyev, yaranmasının 99-cu ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə şərəfli yer tutduğunu demişdir. Diqqətə çatdırılmışdır ki, müsəlman Şərqində ilk demokratik dövlət qurmuş Azərbaycan qədim mədəniyyətə malik xalqının mətinlik, şücaət və mərdlik simvolu olduğunu dünyaya bəyan etməyə müvəffəq olmuşdur. Bu tarixi hadisə Vətənimizin daha işıqlı sabahının bünövrəsini qoymuşdur. Möhkəm təməllər üzərində qurulmuş müasir Azərbaycan dövlətinin hazırkı dinamik inkişafı bunun bariz nümunəsidir.

General-leytenant Mədət Quliyev bildirmişdir ki, Azərbaycançılıq ideyalarını daim rəhbər tutan Ümummilli Lider Heydər Əliyevin hələ sovet dönəmindəki fəaliyyəti müstəqillik arzularının reallaşması üçün zaman-zaman mükəmməl zəmin yaratmışdır. Qürurvericidir ki, ölkəmizi həqiqi istiqlaliyyətə qovuşduran Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezident cənab İlham Əliyev Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atmış, ölçüyəgəlməz xidmətlər göstərmişdir.
General-leytenant Mədət Quliyev vurğulamışdır ki, bu gün respublikanın müstəqil siyasəti Prezident cənab İlham Əliyevin müdrik, uzaqgörən idarəçilik və yüksək diplomatik peşəkarlığından irəli gəlir: “Azərbaycan öz tarixində heç vaxt indiki kimi güclü olmamışdır. Bu inkişafa, tərəqqiyə və əmin-amanlığa görə dövlət başçısı möhtərəm İlham Əliyevə minnətdarıq. Qədirbilən xalqımız Prezident cənab İlham Əliyevi və Birinci vitse-prezident xanım Mehriban Əliyevanı çox sevir”.

Ali Baş Komandan cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində DTX-nin bütün imkanlarının səfərbər olunduğunu diqqətə çatdıran general-leytenant Mədət Quliyev, respublikada təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri tədbirlərin həyata keçirildiyini bildirmişdir: “Dövlət Təhlükəsizliyi Xidməti bu işlərdə digər hüquq mühafizə orqanları, dövlətçiliyə sadiq ictimai təşkilatlar və cəmiyyətin sağlam qüv­vələri, habelə tərəfdaş dövlətlərin müvafiq orqanları ilə sıx əməkdaşlığa xüsusi önəm verir. Əlbəttə ki, Kütləvi İnformasiya Vasitələri ilə əlaqələrin qurulmasına da böyük diqqət yetirilir. Bugünki idman tədbiri də cəmiyyətdə hökm sürən həmrəyliyin, dövlət və vətəndaş arasında sarsılmaz birliyin, eləcə də sağlam həyat və sağlam ruh vəhdətinin daha bir əyani nümunəsi və nümayişidir”.

Sonra açılış mərasimi tanınmış estrada müğənnilərin və rəqs ansamblının ifaları ilə davam etmişdir.
Dövlət Bayrağı Meydanından başlayan, Bakı Şəhər Gənclər və İdman baş idarəsinin hakimləri tərəfindən idarə edilmiş 5 kilometrlik idman yürüşü Dənizkənarı Milli Parkdakı Saat qülləsində başa çatmışdır.
Sonda yürüşün iştirakçıları olan KİV nümayəndələri Dövlət Təhlükəsizliyi Xidmətinin diplomları ilə təltif edilmişlər.